“Prezident Vladimir Putinin fərmanı ilə Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə çatdırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfər olub. Halbuki, 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən və onların yerini yeni hərbçilərlə doldurmasından xəbər verir.
Politoloqun qənaətincə, bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib: “Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq imzalatdırılır. Kreml ölkə vətəndaşları ilə yanaşı, Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün, Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan bir neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi”.
E.Şahinoğlu deyib ki, hazırda eyni durumla Rusiyada işləyən Azərbaycan vətəndaşları üzləşiblər: “Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proqnozlaşdırmışdım, bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daim ölümə göndərməyə canlı qüvvə axtaracaq”.
Vüqar MƏMMƏDOV