Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.
Sevilən aktrisa Medianews.az-a açıqlamasında bildirib ki, “Ən yaxşı qadın köməkçi aktrisa” mükafatına namizədliyindən xəbərsiz olub.
“Bu mənim üçün böyük bir sürpriz oldu. Bilirsiniz ki, bu namizədlər Türkiyədə çox gizli bir şəkildə seçilir. O vaxta qədər ki, dəqiqləşir və sonra aktyor, aktrisalara söyləyirlər. Siyahıda Türkiyənin bir nömrəli seriallarının aktyor-aktrisaları var. Məsələn “Kızılcık şerbeti”, “Yalı Çapkın”, “Bahar” və s. Bütün kanallardakı serialların içindən, “Kanal7”-də “Əsarət” serialından Afifə rolunun seçilməsi mənim üçün çox böyük qürur və sevinc idi. İlk eşidəndə heç qulaqlarıma inana bilmədim. Çünki “Kanal7” seriallarından mükafatlandırmaq üçün bir o qədər də aktyor seçilmir. Demək ki, mənim oynadığım Afifə rolu münsiflər heyətinin diqqətini çəkib. Bir azərbaycanlı sənət insanı kimi mənim oynadığım bu rolun Türkiyədə səs-səda gətirməsi, namizəd olmağım mənim üçün qürurverici bir hadisədir. Sənətkar üçün ən böyük sevinc gördüyü işin qarşılığını almaqdır. Mən Türkiyədə serial, film sahəsində çox böyük əziyyətlər çəkmişəm. Bütün bunların qarşılığında Allah mənə bu sevincləri nəsib edir. 6 il teatrda direktor müavini işləmişəm, hazırladığım tamaşalar mükafatlar alıb. Dövlət teatrında işləmək hər kəsə qismət olmur. Keçmişimi heç bir zaman unudan insan deyiləm. Allahıma təşəkkür edirəm” deyə sənətkar bildirib.
“Bu uğurlarınızı niyə görməyiblər? Hər dəfə qəsdən istəyiblər sizi qalmaqala salsınlar” sualına aktrisa belı cavab verib.
“Mən əksinə deyərdim. Görürlər. Məhz o insanlar ki, mənim yaradıcılığımı qısqanır, mənim gördüyüm işləri dəyərləndirmir, məni görməməzlikdən gəlir, onların əslində mənim atdığım hər addımdan xəbərləri var. Hər işimi gizli də olsa izləyirlər. Mən onları da başa düşürəm. Mənim yaradıcılığımı görüb, görməməzlikdən gələn 3-5 nəfər varsa, bunlar hamısı uğursuz olanlardır. Sıfırdan Türkiyəyə gəlib, burada özünü var etmək, dünyanın ən böyük teatrında işləmək, tamaşalar qoymaq, Azərbaycan əsərlərini tərcümə edib səhnələşdirmək elə-belə iş deyil. Mən bilirəm ki, xalq tərəfindən sevilirəm. Bəzən süni qalmaqalların içinə salmaq istəyirlər. Bəzən də elə sözlər yazırlar ki, heç mənim ağzımdan elə kəlmə çıxmayıb. Mən bunların hamısına gülüb keçirəm. Mənim uğurlarım bəzilərini narahat edir. Bu gün də qarşımı kəsən insanlar var ki, zamanı gələndə mən onların adını çəkəcəm. Ciddi şəkildə mənim qarşıma divar hörən insanlar var. Amma çox heyf ki, bu Türkiyədə deyil, Azərbaycandadır. Bir şeyi unudurlar ki, Allah sevdiyi bəndəsini qoruyur. Öz işığına güvənməyən, başqasının parlamağından qorxar. Qoy elə məndən qorxsunlar” deyə aktrisa bildirib.
Bu gün ölkəmizdə sənətçinin teatrda işləyə-işləyə serial və film sektorunda olması əksər teatr rəhbərləri tərəfindən narazılıqla qarşılanır. Belə olan halda isə aktyor məcbur olur ki, serialdan aldığı məvacibdən direktora da “pay versin”. Məlahət Abbasova deyib ki, Türkiyədə sistem tamam başqadır.
“Mən uzun illərdir İstanbul Şəhər Teatrlarında çalışıram. Burada çəkiliş qadağaları ümumiyyətlə yoxdur. Bir serialdan, filmdən təklif gələndə həmin şirkət mənim çalışdığım teatra yazılı şəkildə ərizə ilə müraciət edir. Mən də ərizə yazıb bildirirəm ki, əsl işimi axsıtmamaq şərtilə bu filmdə oynamaq istəyirəm. Çəkiliş günlərimi, saatlarımı yazıram. Bu bir forumdur, onu doldururuq. Film şirkəti də teatra yazıb xahiş edir ki, biz filan aktrisa ilə çalışmaq istəyirik. Öz işini axsıtmamaq şərtilə. İstanbul Şəhər Teatrlarında və Dövlət Teatrında çalışan aktyorlar əgər bir yerə dəvət olunurlarsa mütləq onu dəvət edən şirkət tərəfindən icazə kağızı istənilir. Əlbəttə ki, səsləndirməni də özümüz etməliyik. Bir tək mənə icazə verilir ki, mənim rolumu başqası səsləndirsin. O da Azərbaycanlı olduğum üçün. Çünki şivəm olur. Türkiyəyə gəldiyim gündən bəri mənə xüsusi icazə verilib. Amma digər aktyor və aktrisalar öz rollarını özləri səsləndirmədikləri üçün cəza ala bilərlər. Film və serial şirkətləri tərəfindən teatrdan icazə alınmadan heç bir aktyor və aktrisanın ixtiyarı yoxdur ki, gedib çəkilsin. Bizdə rüşvət, pul yoxdur. Eşidib-bilsələr bunun böyük bir cəzası var” deyə aktrisa bildirib.
Əli Əsgər