Məlum olduğu kimi, İran müxtəlif vasitələrlə hazırda Rusiyanın da dövlət səviyyəsində dəstəklədiyi görünən “Zəngəzur dəhlizi”nə qarşıdır.
Rəsmi Tehran Zəngəzur dəhlizini “NATO-nun Turan dəhlizi” adlandırır və bu açıqlama daha əvvəl də gündəmə gətirilmişdi. Onlar iddia edirlər ki, dəhlizin açılması Turanın qurulması istiqamətində atılan addımdır. NATO bunu məhz Türkiyənin əli ilə həyata keçirmək istəyir.
İranın belə iddiaları səsləndirməkdə məqsədi nədir, niyə Türk dünyasının həmrəyliyindən qorxur?
Mövzu ilə bağlı Medianews.az-a danışan deputat Arzu Nağıyev bildirib ki, NATO-da təkcə qərb dövlətləri deyil, türk dövlətləri də təmsil olunur. Onun sözlərinə görə, hər bir dövlətin regionda öz marağı var.
“Bu o demək deyil ki, bütün NATO qüvvələri məhz “Turan dəhlizi” deyilən dəhlizi açmaq istəyir. Bu, İranın absurd bəyanatıdır. Çünki ölkə əvvəldən də “Zəngəzur dəhlizi”nin açılmasına mənfi reaksiya verib. Güya Qərb dövlətlərinin, hətta İsrailin və İranın özünə düşmən saydığı ölkələrin Cənubi Qafqazda marağı var. Onlar gəlib burada nəzarət edə bilərlər. Belə fikirlər sadəcə bəhanələrdir. Əsas məqam ondan ibarətdir ki, Türkiyə və Rusiyanın İranla normal münasibətləri var. Çünki Rusiya bu gün İrandan aldığı silahlarla Ukraynaya qarşı müharibəni davam etdirir. Embarqoya uğramış Rusiyanın Avropaya çıxması üçün “Zəngəzur dəhlizi”nə ehtiyacı var. Qərb məhz vizual kəşfiyyatçıları silah-sursatla Ermənistan ərazisinə gətirib çıxarıb, amma İran buna reaksiya vermir. Birmənalı şəkildə “Zəngəzur dəhlizi”nin açılmasını istəmirlər”,- o deyib.
Deputat qeyd edib ki, bu, təkcə İran və Ermənistandan asılı deyil, qlobal miqyaslı məsələdir: “Çindən gəlib keçən yüklərin orta dəhliz vasitəsilə Avropaya çatdırılması mövzusudur. Mövcud problemlərin həllini danışmaq lazımdır. Ərazidə nə qədər sabitlik olsa, sülh bir o qədər tez bərqərar olacaq”.
Onun fikrincə, dəhlizi yalnız türk dövlətləri deyil, Qərb ölkələri də dəstəkləyir.
“Təbii ki, Turan birliyinin yaranması bir sıra dövlətləri qorxuda bilər. Burada istər hərbi, istər siyasi, istərsə də mədəni-mənəvi cəhətdən öz dövlətlərini quran ölkələr var. Bunların siyasəti heç də kimlərinsə torpağını ələ keçirmək, müstəqilliyinə, suverenliyinə əngəl olmaq deyil. Məlum məsələdir ki, Turan birliyindəki dövlətlər çox ciddi qurumlar və öz hərbi sistemini yarada bilərlər. Başqalarını qorxudan məqam da budur. Bunlar məkrli siyasətin qarşısını almaq üçün atılacaq addımlardır. Bu gün müəyyən qüvvələr müsəlmanlıqdan danışıb Ermənistanla iş birliyi quraraq regiona – Azərbaycana qarşı müxtəlif hiylələr həyata keçirməyə çalışırlar. Bunun qarşılığında Turan birliyinin yaradılması mühüm bir məsələdir”,- deyə A.Nağıyev fikrini yekunlaşdırıb.
Ayşən Rəhim