Türkiyənin pilotsuz aviasiya sahəsində qabaqcıl texnikaları ilə tanınan “Baykar” şirkəti öz məhsulu olan “Bayraktar TB2” pilotsuz təyyarəsinin yeni nailiyyətini elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin “X” hesabından xəbər verilib.
Belə ki, Türkiyə ordusunun silahlanmasında olan PUA 10 000 saat uçuş həddini keçib, bununla da öz missiyasını uğurla başa vurub.
Qeyd edək ki, TB2 seriyalı pilotsuz uçuş aparatları dəfələrlə öz effektivliyini və etibarlılığını sübut edərək, Türkiyə hərbçilərinin əlində əvəzolunmaz silaha çevrilib. Onlar antiterror əməliyyatları zamanı aktiv şəkildə istifadə edilərək, ölkənin təhlükəsizliyini təmin etməyə kömək edib.
“10 000 saat səmada olmaq pilotsuz təyyarə üçün əsl qəhrəmanlıqdır. “S-5″ bort nömrəli aparat vətən qarşısında öz borcunu şərəflə yerinə yetirib”, – deyə paylaşımda vurğulanıb.
10 000 saat həddinə çatan “TB2” gələcək sınaqlar və tədqiqatlar üçün “Baykar” şirkətinə geri qaytarılacaq. Quru Qoşunları missiyasını onun əvəzinə yeni “TB2” pilotsuz təyyarəsi davam etdirəcək.