Son illər paytaxtın kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Daha dəqiq desək, təklif tələbi qarşılamır. Ekspertlər, realtorlar və müştərilər tendensiyanı müxtəlif səbəblərlə əsaslandırır.
İlkin olaraq, hər kəsin müşahidə etdiyi başlıca səbəblərdən biri odur ki, hazırda Bakının müxtəlif ərazilərində istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan və planlaşdırmaya əsasən sökülməsi nəzərdə tutulan bir sıra həyət evləri və sovet dövründən qalmış binaların söküntüsü intensiv formada davam etməkdədir. Belə olan zaman sözügedən ev və binaların sakinləri yeni əmlaklarla təmin olunanadək müvəqqəti kirayə mənzillərə yönəldilir. Bu isə kirayə mənzil bazarında tələbatın radikal artımına gətirib çıxarır. Bir sıra realtorun yekdilliklə səsləndirdiyi fikrə əsasən, kirayə mənzil bazarında qiymət artımının başlıca səbəblərindən biri də elə məhz budur.
İkinci əsas faktor isə paytaxtda təhsil almaq üçün üz tutan tələbə axınının ilbəil güclənməsi ilə bağlıdır. Əmlak sahibləri də məhz evlərini tələbələrə kirayə verməkdə daha çox maraq göstərir. Ailədən və fərdi şəxslərdən fərqli olaraq, tələbələrdən daha yüksək mənfəət əldə etmək mümkündür. Misal üçün, köhnə binada yerləşən 2 otaqlı mənzilin hansısa ailə üçün nəzərdə tutulan kirayə qiyməti təxminən 450-500 manatdır. Lakin tələbələrə kirayə verilən zaman qiymət 700-800 manat (1 tələbə üçün ortalama 150-200 manat) arasında dəyişir. Yeni tikili binalar üçün eyni riyazi fərq keçərlidir. Hazırda paytaxtın “universitetlər massivi” kimi tanınan “Elmlər Akademiyası”, “28 May”, “Gənclik” kimi metrostansiyaların ətrafında məhz bu tendensiya hökm sürür. Lakin bir çox hallarda ev sahibləri tələbələr arasında da seçim edir. vakansiya 2023
Realtor Əkbər Nağıyev deyir ki, evini kirayə verənlərin əksər hissəsi sadəcə qız tələbələrin kirayəşin olması ilə razılaşır. Bu isə oğlan tələbələrin kirayə mənzil tapmasını çətinləşdirir. Vasitəçilər bildirir ki, oğlan tələbələrin bəzilərinin yaratdığı problemlər və evin təmziliyinə biganə yanaşmaları əmlak sahiblərinin tərəddüd etməsinə səbəb olur. Ekspertlərin fikrincə, son illər müşahidə olunan tendensiya, yaxın bir neçə il ərzində davam edəcək./ Yenisabah.az