Rusiya ilə Ukrayna arasında əlaqə qurulmasa, münaqişə uzana və daha da pisləşə bilər.
Medianews.az “Report”-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunun kuluarında jurnalistlərə açıqlamasında deyib.
“Qərb ictimai rəyində geniş yayılmış bir fikir var ki, əvvəlcə sülh planı hazırlanmalı, sonra danışıqlara başlanmalı, sonra atəşkəs olmalıdır. Bu, yanlışdır”, – o bildirib.
V.Orban qeyd edib ki, son onilliklər ərzində tendensiya bundan ibarət olub ki, tərəflər əvvəlcə atəşi dayandırmalı, sonra isə danışıqlar masası arxasına oturmalıdır.
Macarıstanın Baş naziri, həmçinin Avropa İttifaqının (Aİ) xarici siyasətini dəyişməsinin və tərəfləri bir daha sülhə çağırmasının zəruriliyini bildirib:
“Əvvəllər Aİ həmişə münaqişələrin sülh yolu ilə həllinə köklənmişdi. Lakin indi Aİ-nin sülh təbliğatçısı mövqeyindən danışmağa ehtiyac yoxdur, çünki Aİ-də bütün atmosfer müharibəyönümlüdür. Bu, mənim xoşuma gəlmir. Bunun Aİ üçün yaxşı olduğunu düşünmürəm”.