Metro keçidindəki mağazalar bağlanıb, jurnalistlər bir həftədir oranı kimin bağladığını, nə üçün bağladığını öyrənə bilmir. Şəhər icra hakimiyyəti deyir bizlik deyil. Metro idarəsi deyir bizlik deyil. Bəs onda kim bağlayıb? Pambıq idarəsi? Ya təhsil? Bəlkə sərhəd qoşunları?
Yanlış anlaşılmasın, mən metro keçidlərindəki o biabırçı alverin tərəfdarı deyiləm. Bu işə nəsə tənzim gəlməlidir. Şübhəsiz. Hətta elə həmin keçidin üstündə eşşək boyda ticarət mərkəzində nə qədər boş dükan var, lakin dükanı keçiddə açıblar. Çünki uca millətimiz nəsə almaq istəyəndə özünə əziyyət vermək istəmir. Hər zibil mütləq ayağımıza, qapımıza gətirilməlidir. Məni düşündürən qanuni, hüquqi durumdur. Necə ola bilər ki, paytaxtın içində nəhəng ərazidən hökumətin xəbəri olmasın? Maşallah, hamısında gülməşəkər mətbuat xidmətləri də var. Qoy biri çıxıb açıqlama versin, desin keçiddəki dükanları Sirius ulduzundan gələn uzaylılar bağlamışdır: “Ora planetlərarası portaldır, keçidə mane olduğu üçün dükanları yığışdırıblar. İnşallah, qoz yığımından sonra hamısı açılacaq. Qəti narahat olmayın”.
Hüquqi dövlət üçün qanunlar önəmlidir. Bu yaxında Bakı ətrafında, konkret yazsam Qızıldaş (çox da konkret olmadı, bilirəm, çünki bizdə ana yurdun hər daşı qızıldır) tərəfdə yazıq bir qadına ərini baltaladığına görə 9 il həbs cəzası verdilər. Ər məhkəmədə cəza tələb eləmişdi, deyir onu əfv etməyəcəyəm. İşin detalları çox maraqlı idi və hətta pis çıxmasın, o bədbəxt qadını “təhsil fədaisi” adlandırmaq olardı. Gəlin söhbətə bir az uzaqdan başlayaq.
Öncəki illərdə camaatımız arasında hər yay qırğın-qiyamət olurdu, intiharlar artırdı. Millətimiz axı təhsilə böyük önəm verir, uşaq mütləq Xoruzlanma Universitetinin Dəvəyağlama fakültəsinə, ya da bəd ayaqda Qonşubağrıçatladan Akademiyasına “burunqurdalama” ixtisası üzrə girməlidir. Girməyəndə ya uşağı döyüb öldürürdülər, ya da özü özünü dənizə atırdı, pəyədən asırdı və sairə. Hökumət naəlac qaldı – axı ona xalq hərdən lazım olur – keçid ballarını elə saldı ki, bu il, namxuda hamı girdi. Mənim tanıdığım bütün məzunlar və məzmunlar girmişdir. Yeganə bir nəfər var, deyir tarixdən az bal topladım, yoxsa girəcəkdim. Deyirəm nə qədər toplamısan, deyir sıfır bal. Yəni vəziyyət bu cürdür.
Xülasə, həmin zənənin də orta məktəbdə övladı oxuyur. Bir gün uşaq repetitorla yazışmaq üçün anasından telefonu alır. Həmin axmaq da (hirsimdən belə yazıram, günahı yoxdur) məktəbdən ayrılmaq istəyirmiş, uşaqlara ümumi Vatsap qrupunda bunu ərz edibmiş. Uşaq da yazıb ki, müəllim, sizdən ötrü çox darıxacağıq. Müəllim isə “Darıxmaq şərt deyil” yazıb. Vəssalam. Boş bir motiv. Ancaq bunun üstündə qırğın qopub.
Səhər ər adlanan tip arvadın telefonunu nəzarət üçün yoxlayıb, həmin mesajı görüb. Arvadı döyüb, bıçaqlamaq istəyib, arvad bunu qabaqlayıb, baltalayıb. Əsl təhsil, repetitor hadisəsidir. İroniya eləmirəm. Biz elm yolumuzu bu cəngəllikdə balta ilə açmağa məcburuq.
Lakin məhkəmə ədalətsizdir. Axı nə üçün ər arvadın telefonuna nəzarət etməlidir? Bəyəm sən təhlükəsizlik xidmətisən? Konstitusiya və qanunlarımıza görə bizdə şəxsi həyatın toxunulmazlığı hüququ var. Hər kəsin yazışma sirri qorunmalıdır. Amma ər(lər) arvad(lar)ın telefonuna istədikləri zaman burnunu soxa bilir, məhkəmə isə heç zad demir. 21-ci əsrdir, sosial platformalara ərinin telefonuyla girən və şərh yazan zənənlər var. Bir də görürsən bığlı-saqqallı biri “pərpətöyün turşusunun hazırlanması” videosuna şərh yazıb: “Məncə, sirkəni çox elədiniz”. Sonra da zəruri izah verir: “Ərimin profilindən yazıram, Məsməxanımdır”.
Eyni hal ərin telefonuna nəzarət edən arvadlara da aiddir. Bilin ki, siz bununla mühüm qanunları pozursunuz. Tüpürəsən elə ailəyə ki, orada hamı bir-birinə nəzarət etməyə məcburdur. Bəs inam, eşq, məhəbbət, hörmət harada qaldı?
Görünür, biz yeni dövrə uyğun yeni qanunlar da qəbul etməliyik. Məsələn, repetitorlara öz qrup mesajlarında “darıxmaq”, “sualların cavabı”, “hazırlaşmaq” kimi erotik yüklü sözlərdən istifadə qadağan edilməlidir. Yoxsa qan salıb dururlar qıraqda.
Sonda bildirim ki, mən o keçiddəki dükanlar üçün darıxacağam.