Bakı şəhəri geniş tikinti meydanını xatırladır. Paytaxtın ən müxtəlif ərazilərində yollar bağlanıb, yeni asfalt örtük vurulur, təmir-bərpa işləri həyata keçirilir. Əslində bu, yaxşı haldır. İstər yollarda, park və xiyabanlarda, istərsə də binaların həyətində və fasadlarında aparılan təmir işləri ümumən Bakı əhalisinə daha yaxşı xidmət, eləcə də küləklər şəhərinin gözəlliyi üçündür. Gözəllik də əlbəttə ki, qurban tələb edir. Amma bu qurbanlıq bir dəfə deyil, davamlı halda təkrarlanırsa, sona çatmırsa, insanların sərbəst hərəkətinə, gəliş-gedişinə, rahatlığına mane olursa, o zaman ciddi etiraz doğurur, narahatlıq yaradır.
Misal üçün, Bakı şəhərinin Yasamal rayonu Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsindən üzü yuxarı, “Şamaxinka” istiqamətinə hərəkət etdikdə asfalt yolun sağ tərəfində tikinti işi aparılır, nəhəng bir kompleks tikilir. İllərdir tikintisi tamamlanmayan, yarımçıq saxlanılan bu bina piyadaların hərəkətini tamamilə məhdudlaşdırır. Çünki hələ illər öncə tikinti başlayanda guya təhlükəsizlik məqsədilə ərazini hasara alıblar. Bu zaman piyada səkisini də hasarın içində saxlayıblar. Nəticədə küçə boyu piyada səkisi tikinti şirkəti tərəfindən zəbt olunub. Buna görə də piyadalar məcbur olub avtomobil yolu ilə hərəkət edirlər. Bu isə həm piyadaların həyatını riskə atır, həm də sürücülər üçün təhlükə yaradır. Belə hallara paytaxtın müxtəlif ünvanlarında da rast gəlmək mümkündür. Bununla tikinti şirkətləri piyadaları açıq-aşkar ölümə atırlar.
Təəccüblü burasıdır ki, sözügedən ünvan aidiyyəti dövlət qurumlarının asanlıqla müşahidə edə biləcəyi ünvandır. Amma yerli bələdiyyə, mənzil istismar sahəsi, icra nümayəndəliyi, icra hakimiyyəti bu problemi illərdir ya görmür, ya da hansısa səbəblərdən görmək istəmir. Medianews.az olaraq bu məsələni Yasamal Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırmaq, onların mövqeyini öyrənmək istədik. İcra Hakimiyyətinin yasamal-ih.gov.az internet resursundan “Aparatın Strukturu” bölməsində ad-soyadları qeyd olunan, xidməti telefon nömrələri göstərilən siyahı üzrə səlahiyyətli şəxslərlə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Məcburən İcra Hakimiyyətinin (012) 533-05-23 “Qaynar xətt”i ilə əlaqə yaratdıq. Problemi və sualımızı dinləyən şəxs tövsiyə etdi ki, (012) 595-09-30 nömrəsinə zəng vuraq, icra nümayəndəliyindən mövqe öyrənək. Ancaq bu nömrəyə edilən zənglərə də cavab verən olmadı. Bununla da səlahiyyətli və məsul şəxslər ötür-ötür oyunu, etinasızlıqları ilə problemə, ümumən isə vətəndaşların narahatlığına öz “münasibətlərini” sərgilədilər.
Mövzu barədə nəqliyyat məsələləri üzrə ekspertin mövqeyini öyrəndik. Rauf Ağamirzəyev Medianews.az-a açıqlamasında bildirdi ki, yol kəsmənin cəzası ağır olmalıdır.
Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları bu sahəyə nəzarəti ciddi şəkildə artırmalı, qanun pozuntusuna yol verənlər qanunamüvafiq şəkildə cəzalandırılmalıdırlar: “Yolun istər tikinti ilə bağlı, istərsə də müvəqqəti təmirlə bağlı bağlanmasını cəzası ağır olmalıdır və buna tələb də fərqli olmalıdır. Əgər yolda müəyyən iş görülürsə, yəni ya hərəkət zolağında, ya da piyadalar üçün ayrılmış yolda təmir aparılırsa, bütün hallarda hərəkət iştirakçıları üçün üçün təhlükəsiz keçid təmin olunmalıdır. Bu dövlətin həm qanunlarında, həm də standartlarında öz əksini tapmalıdır. Piyadaların həyatını riskə atan, sürücülər üçün təhlükə yaradan şirkətlər qanunun tələbi ilə cəzalandırılmalıdır. Hansısa tikinti şirkətinin paytaxtda həyata keçirdiyi hər hansı layihə, gördüyü iş, ümumilikdə hərəkət iştirakçıların sərbəst hərəkətinə mane olmamalıdır. Əgər tikinti işi qaçılmazdırsa, hərəkət iştirakçılarının təhlükəsizliyi naminə piyada səkilərinin üzərində keçidlər quraşdırılmalıdır ki, yuxarıdan həm onların üzərinə hər hansı tikinti materialı düşməsin, həm də onlar avtomobil yolu ilə hərəkət etməyə məcbur olmasınlar. Buna da aidiyyəti dövlət qurumları nəzarət etməlidir. Tikinti şirkətinin işini vaxtlı-vaxtında yerinə yetirməsinə də aidiyyəti qurumlar ciddi nəzarət etməlidirlər ki, illərlə bir ərazi istifadəsiz, zəbt olunmuş qaydada qalmasın”.
Alpər TURAN