Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.
Maraqlıdır, bu əməllərin qanun pozuntusu olduğunu bildiyi halda, bəzi valideynləri buna təhrik edən nədir? Onlar nə üçün övladlarının və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar? Psixoloji nöqteyi-nəzərdən bunun hər hansı izahı varmı?
Mövzu ilə bağlı, Medianews.az-a danışan psixoloq Samirə Bağırova deyib ki, bəzən valideynlər övladlarını doğru-düzgün tərbiyə edə bilmirlər.
Onun sözlərinə görə, avtomobil idarə edən valideyn ilk öncə övladına baş verə biləcək təhlükəli risklər barədə məlumat verməli, sürücü kimi ilk olaraq qanunun tələblərini onun diqqətinə çatdırmalı, özü övladına hər mənada nümunə olmalıdır: “Övladı cəsarətli, azad ruhda, bacarıqlı böyütmək əlbəttə ki, yaxşı bir haldır. İradə, cəsarət, motivasiya təməli əsasən atadan gəlir. Amma müəyyən məsələlər olur ki, atalar, hətta bəzi hallarda analar özləri uşaqlara doğru tərbiyə sərgiləmədikləri üçün, onları qanun pozuntusuna sövq etmiş olurlar. Bu da o deməkdir ki, valideyn qanuna məhəl qoymur. Bunlardan biri də yetkinlik yaşına çatmayan uşaqların valideyndən icazəli, ya icazəsiz avtomobil idarə etməsidir. Avtomobil idarə edən valideyn ilk öncə övladına baş verə biləcək təhlükəli risklərdən izahatlar verməli, qanunun tələbləri barədə uşağı maarifləndirməlidir ki, övladı icazəsiz maşını götürmək istədikdə daxilində məsuliyyət hiss etsin. Praktikadan öncə nəzəriyyə önəmlidir”.
S.Bağırova deyib ki, əgər valideyn özü qanuna əməl etmirsə, yaxud yeniyetmə ondan icazəsiz avtomobil idarə edirsə, deməli ailə sağlam bünövrəyə sahib deyil: “Əgər valideyn özü qaydalara əməl etmirsə, qanuna tabe olmursa, yaxud yeniyetmə ondan icazəsiz avtomobil idarə edirsə, o deməkdir ki, ailə sağlam bünövrəyə sahib deyil. “Mən sənin yaşında olanda bilirsən nələr edirdim”, yaxud “mən sənin yaşında daha bacarıqlı, daha cəsarətli idim”, – deməklə övlada yaxşı örnək olmaq mümkün deyil. Əksinə, bu, yeniyetməni, gənci təhlükəyə sövq etməkdir, riski tətikləməkdir. Düşüncəsiz addımlar adətən narsist valideynlərdən gəlir. Narsistlik psixi pozuntu kimi bilinir. Onlar özlərini hər kəsdən ağıllı və düzgün hesab etdikləri üçün, qanunu pozmuş olsa belə, addımlarını doğru qiymətləndirirlər. Yetkinlik yaşına çatmayan şəxslərin avtomobil idarə etməsi kimi qayda pozuntusuna yol verildikdə, həm valideyn, həm sürücü bir neçə sutkalıq həbslə cəzalansalar, düşünürəm bir daha təkrarlanmaz. Eyni zamanda bu, psixoloji terapiya metodu kimi dəyərləndirilər. Bəzi insanların beyni nəyisə dərk etmək üçün cəzadan keçməlidir”.
Kamilə ORUCOVA