Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də İrəvana səfər edəcəyi gözlənilir. Bu barədə Ermənistanın “Joxovurd” nəşri Fransadakı erməni icmasına istinadən məlumat yayıb. Mənbə iddia edib ki, səfər Ermənistanın Müstəqillik Gününə təsadüf edəcək və hazırda onun detalları müzakirə olunur. O da xatırlanıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu il fevralın 21-də Emmanuel Makronu ölkəsinə dəvət edib.
Fransa prezidenti E.Makronun “kiçik bacını” ziyarətinin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra gerçəkləşməsi bir təsadüfdürmü? Makronun Ermənistana gəlişi bu ölkəyə, ümumən Cənubi Qafqaza nə vəd edir?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyevin qənaətincə, E.Makron göstərmək istəyir ki, V.Putinin Azərbaycana səfəri fonunda Qərb Ermənistanı tək qoymur və onun yanındadır.
Siyasi şərhçi deyib ki, Qərb ölkələri arasında Ermənistana ən yaxın ölkə məhz Fransadır: “Burada bir neçə məqam var. İlk növbədə Fransada Makronun vəziyyəti heç də yaxşı deyil. Davamlı şəkildə ona qarşı təzyiqlər, ağır tənqidlər var. Hətta prezident üçün impiçmentə başlamaq barədə qərar alına bilər. Ola bilsin ki, Makron Ermənistana gələ bilmədi. Digər bir məqam isə Makronun Cənubi Qafqazda etdiyi bütün cəhdlər boşa çıxır. Bu baxımdan onun regiona səfər etməsinin mənası yoxdur. Qərb mediası hazırda Rusiya prezidentinin Azərbaycana səfərini diqqətlə izləyir. Makron da çalışacaq ki, İrəvana etdiyi səfər Rusiya və Azərbaycana cavab tədbiri olsun”.
Z.Əmrəliyev söyləyib ki, E.Makron Azərbaycan və Rusiya arasında əldə ediləcək razılaşmaların eynisinin Ermənistan və Fransa arasında da əldə olunmasına çalışacaq: “Azərbaycan enerji sahəsində kifayət qədər güclü ölkədir. Avropanın enerji sisteminin böyük hissəsini məhz Azərbaycan icra edir. Həmçinin Rusiyanın özü də enerji resursuna malikdir. Rəsmi Bakı danışıqlar üçün strateji bir yerdir. ABŞ və ümumən Qərb ölkələri Azərbaycanla əldə etdiyi müqavilələri Ermənistanla edə bilməzlər. Çünki, sözügedən ölkənin geosiyasi əhəmiyyəti, enerji və digər sahələrdəki potensialı Azərbaycan kimi deyil. Buna görə də Fransa prezidentinin Ermənistanda nələrsə etmək cəhdi tamamilə absurddur. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, makronun regiona səfəri reallaşarsa, bu, ciddi bir nəticə ilə yadda qalmayacaq”.
Ayşən RƏHİM