“1996-cı ilin yayında Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru Məsud Pezeşkian və Ərdəbilin Tibb Universitetinin rektoru Hüseynian Azərbaycan Tibb Universitetinin ozamankı rektoru, akademik Əhliman Əmiraslanovu, tədris üzrə prorektor kimi isə məni İrana dəvət etmişdi. Kiçik bir nümayəndə heyəti ilə İrana yollandıq. Bizi Ərdəbilə apardılar. Orada tanışlıq xaraketerli görüşlər keçirdik, bir xeyli gəzdik, bir gecə də orada qaldıq. Sabah tezdən Təbrizə getdik, orada da bir-iki gün qaldıq və Bakıya qayıtdıq. Bu dörd-beş gün ərzinin onlarla yaxından ünsiyyətdə olduq, bir-birimizi daha yaxından tanıdıq”.
Bu barədə Medianews.az-a açıqlamasında tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü Vaqif Şadlinski bildirib.
O qeyd edib ki, İranın indiki prezidenti Məsud Pezeşkian o zaman rektor kimi fəaliyyət göstərməklə yanaşı, həm də Təbriz şəhərinin səhiyyə şöbəsinin müdir olub: “Səfər çərçivəsində onun rəhbərlik etdiyi təhsil və səhiyyə müəssisəsinə, müvafiq şöbələrə baxdıq. Bu səfər qarşılıqlı olaraq hər iki ölkənin səhiyyəsi, tibb və təhsil müəssisəsi ilə tanışlıq xarakteri daşıyırdı. Azərbaycana qayıtdıqdan bir neçə gün sonra biz onları Bakıya səfərə dəvət etdik. Hüseynian, Pezeşkian və daha bir necə nəfərdən ibarət iranlı nümayəndə heyəti Azərbaycana gəldi. Biz onları qarşıladıq, Bakıda gəzdirdik. Onlar Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında oldular, fəaliyyətimizlə maraqlandılar və bəyəndilər. Daha sonra şəxsən mənim başçılığımla onları Şəhidlər Xiyabanına apardıq. Şəhidlər Xiyabanına əkil qoyuldu, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən mərd oğul-qızlarımızın əziz ruhları ehtiramla yad edildi”.
V.Şadlinski söyləyib ki, prezident Məsud Pezeşkian doğma dilini və tarixini çox yaxşı bilən, milli köklərə bağlı olan insan, eyni zamanda peşəkar cərrah kimi tanınır: “Pezeşkian Azərbaycan dilini, tarixini çox yaxşı bilən bir insandır. Həmçinin o, gözəl ürək cərrahıdır. Pezeşkian və onunla birlikdə gələnlər Gəncə şəhərini də gəzmək, görmək istəyirdilər. Mənim başçılığımla bir necə nəfərlə birlikdə onları Gəncəyə apardıq. İmamzadə kompleksində, Gəncə şəhərində, Göygöldə, Hacıkənddə gəzdilər. O dövrdə erməni silahlı birləşmələri Hacıkəndi Murovdağ istiqamətindən ara-sıra atəşə də tuturdular. Bütün bunlar barədə də onlara məlumat verdik. Oradan qayıdıb Bakıya gəldik və qonaqları İrana yola saldıq. Pezeşkian bir necə müddətdən sonra Azərbaycanda keçirilən ürək konqresində iştirak etmək üçün gəlmişdi. Bu dəfə də onunla görüşdüm, Bakı şəhərini gəzdik. Sonradan o, İranın səhiyyə naziri oldu. Nazir olduqdan sonra da Azərbaycana səfər edib. Yəni, İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanda bir neçə dəfə olub ki, bu səfərlərdə də onun qarşılanmasında, müəyyən yerlərə getməsində müşayiətçi olmuşam”.
V.Şadlinski vurğulayıb ki, M.Pezeşkian İrandakı azərbaycanlıların doğma ana dilində təhsil almamasını daim narahatlıqla dilə gətirib: “Səfər müddətində Pezeşkianla söhbətlərimiz olurdu. Mən bildirdim ki, İranda on milyonlarla azərbaycanlı yaşasa da onların öz dillərində təhsil almaq hüququ təmin edilmir. Ondan soruşdum ki, nə üçün İranda Azərbaycan dilində məktəblər yoxdur? Ona xatırladırdım ki, biz bunu Tehranada, Təbrizdə və Ərdəbildə olanda müşahidə etmişik və bundan təəccüblənmişik. Onun cavabı belə oldu ki, bu məsələ onun da ağrılı yeridir və ümumən bütün İran azərbaycanlıları bundan narahatlıq keçirirlər. O söz vermişdi ki, imkanı daxilində bu istiamətdə hansısa ciddi addımların atılmasına nail olacaq, əlindən gələni əsirgəməyəcək. O, imkan olan kimi bu barədə ciddi tədbirlər görəcəyini bildirmişdi. Bu sözhbətin üstündən illər keçib. Müsbətə və ya mənfiyə doğru nə dəyişibsə hamısı göz önündədir. Çox təəssüf ki, sonralar əlaqələrimiz kəsildi. Lakin buna baxmayaraq, azərbaycanəsilli bir şəxsin İranda prezident seçilməsindən, xüsusən də onunla nə vaxtsa həmsöhbət olmağımdan məmnunam. Pezeşkianı belə bir mühüm vəzifəyə seçilməsi münasibətilə teleqramla təbrik etmişəm”.
Nailə QASIMOVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.