İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 14 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
O dövrü xatırlayan Mirhəsən Seyidov qeyd edirdi ki: “Azərbaycanda, xüsusən, 1940-cı illərdə MK-yə və rəhbər vəzifələrə intensiv surətdə azərbaycanlı kadrlar irəli çəkilirdi və Onun reportariantların yerləşməsi üçün azərbaycanlıların Ermənistandan köçünə etiraz etməsi və onun xüsusi ilə son illər milliləşdirmə siyasəti artıq Moskvanı çox hiddətləndirirdi. Və həmçinin Bağırovun Cənubi Azərbaycan və Dağıstan məsələsindəki mövqeyi yaddan çıxmamışdı (bu barədə “M.C.Bağırov Siyasi portret” kitabımda geniş bəhs edilib – A.M.)”.
Ona görə də bu addımlar şovinistlərlə, daşnak erməni siyasi elitasını həmrəy şəkildə Azərbaycan siyasi rəhbərinə qarşı yönəltmişdi. Nikolay Konstantinoviç Baybakovla 1998-ci ildə görüşüm zamanı o, mənə xatırladırdı ki, “1950-ci ildən başlayaraq Stalində belə bir fikir formalaşdırılmışdı ki, Mir Cəfər Bağırovu Bakıdan Moskvaya işə gətirmək lazımdır. İlk olaraq onu Azərbaycandan uzaqlaşdırmaq istəyirdi. Onu SSRİ neft naziri təyin etmək istəyirdi. M.C.Bağırov isə hər vəchlə Moskvaya getmək istəmirdi”.
Belə bir siyasi kolliziyalar içində yenidən əsərimizin qəhrəmanına qayıtsaq, biləcəyik ki, 1951-ci il 12 sentyabr Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla Əziz Əliyevə şiddətli töhmət verilir. 1951, 5 sentyabr – 1952, 10 oktyabr Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində və 1952, 10 oktyabr – 1954, 23 mart Sabunçu rayonundakı Çaparidze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləməyə başlayır.
Onu da qeyd etmək istəyirəm ki, Əziz Əliyev həm də həkim kimi güclü mütəxəssis idi. Həkim kimi onun fəaliyyətini işıqlandıran məqamlardan da biri, Əziz Əliyev 1929-cu ildə namizədlik, 1934-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onun dissertasiya işi az sonralar dəyərli elmi iş kimi SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülmüşdür (13 may 1941-ci il tarixində, Azərbaycan SSR Xalq Səhiyyə Komissari vəzifəsində çalışarkən SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü olan Ə.Əliyev 1956-cı ildə professor vəzifəsinə seçilmiş, həmin ildə də onun professor elmi adı təsdiq edilmişdir).
19 iyun 1930-cu il tarixində Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılmışdır. Bu institutun yaradılmasında Əziz Əliyev də böyük rol oynamışdır. 1932-ci ildə o, həmin institutun direktoru olmuşdur. 1933-cü ildə “Azərbaycan tibb jurnalı”nın redaktoru olmuşdur.
30 mart 1934-cü ildə paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Ə.Əliyev Bakı şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14 yanvar 1935-ci il tarixində Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılmışdır. Bu təyinatdan az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanmışdır. Ə.Əliyev azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirmiş, həmin dönəmlərdə ana dilində dərsliklər və dərs vəsaitləri, monoqrafiyalar və tövsiyələr yazılmasına nail olmuşdur. 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi ilə əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib olunaraq tibb təhsili alan tələbələrin ixtiyarına verilmişdir. Bu, həmin dövrün texniki imkanları üçün çox böyük göstərici idi.
Onun təşəbbüsü ilə işıq üzü görən əsərlərdən özünün “Klinik analizlər” kitabı, K.Ə.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun “Pataloji anatomiya”, Y.Qazıyevin “Ağciyər vərəmi”, Ü.Musabəyovanın “Göz xəstəlikləri”, Ə.Talışınskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” və digər dərsliklər, eləcə də M.A.Mirqasımovun, M.A.Topçubaşovun, M.M.Mirsəlimovun, M.A.Əfəndiyevin, Z.M.Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Bu kitablar bu gün də öz dəyərini saxlamaqdadır.
Ə.Əliyev həm də qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcümə edilməsinə nail olmuşdur. Onun təşəbbüsü ilə İ.Berberinin “Boğaz, burun, qulaq xəstəlikləri”, A.Qaltiçinin “Uşaq xəstəlikləri”, V.Skvortsovun “Farmakologiya kursu”, E.Freyzeldin “Histologiya” adlı kitabları və digər müəlliflərin dərslikləri də Azərbaycan dilinə tərcümə edilmişdir. Ümumiyyətlə, Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunmuşdur ki, bunların da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi 5 il ərzindəki yaradıcı və məhsuldar dövrdə baş vermişdir. Onun köməyi ilə “Tibb nəşriyyatı” yaradılmışdır. Onun təşəbbüsü ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşri əsaslı surətdə təkmilləşdirilmişdir. 1933-cü ildə o, jurnalın baş baş redaktoru təyin edilmişdir. Həmin ildə onun təşəbbüsü ilə Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapı bətpa edilmişdir. Hazırda bu qəzet “Təbib” adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.
Əziz Əliyevin o, dövrlərini xatırlayan müəlimim Vaqif Şadlinski mənə danışırdıki, Azərbaycanın faşizm üzərində qələbəsinin əldə edilməsində çox böyük töhfələr vermiş Qara dəniz aviasiya briqadaısının təyyarəçisi Məzahir Abbasov müharibədə aldığı yanığın fəsadlarından irəli gələn ağır dəri xəstəliyindən əziyyət çəkirdi. O dövrdə Caparidze adına 3 nömrəli Klinik Xəstəxanaya müraciət edir. Xəstəliyi bir çox müalicələrə cavab verməyəndən sonra o baş həkimin müavini Əziz Əliyevə müraciət edir və özünün hazırladığı məlhəmlə bu müalicənin həyata keçirilməsinə müvəffəq olur. Faktiki olaraq Məzahir Abbasov Əziz Əliyevin bu müalicəsini həyatının sonuna qədər xatırlayıb danışırdı. Ümumiyyətlə bütün həkimlərin Əziz Əliyevə böyük hörməti vardır və həmişə o, bizim üçün bir nümunə gostərici olmuşdur. Yadımdadır Tibb Universitetində təhsil alanda dəyərli müəllimim Vaqif Şadlinski Əziz Əliyevlə bağlı bizə xüsusi mühazirə deyərdi (Vağıf Şadlinski Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedibasar kəndində dünyaya göz açmışdır-A.M).
M.C.Bağırov vəzifədən kənarlaşdırılıqdan sonra 1954, 22 fevral Azərbaycan KP MK-nın Bürosu Əziz Əliyevə verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul edir. 1954, 23 mart – 1956 Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləyir. M.C.Bağırovun məhkəməsində bəzi üzə duran qruplardan fərqli olaraq, zaman-zaman ondan sərt və haqsız münasibət görmüş nə Bağır Seyidzadə (Bağır Seyidzadə də eyni itahamla – valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə nazir vəzifəsindən çıxarılmışdır – A.M.), nə Əziz Əliyev, nə də Musa Əliyev ona qarşı heç bir ifadə vermədilər, üzədurma kampaniyasının iştirakçıları olmadılar. Bu, əlbəttə, hər şeydən öncə onların hansı əxlaq və dəyər sahibi olduqlarının göstəricisi idi. Zaman keçəcək, artıq Azərbaycan SSR-də iqtisadi böhranın, yaşayış səviyyəsinin olduqca aşağı düşməsi nəticəsində (xüsusən bu Xruşşov dönəminin ilk illərinə təsadüf edir – A.M.) əhali arasında böyük narazılıq və yeni Azərbaycan rəhbərliyinə qarşı inamsızlıq yaranacaqdı.