Bədənimizin səthində milyardlarla bakteriya, göbələk və virus yaşayır. Biz isə onların sağlamlığımızda oynadığı önəmli rolu hələ yeni anlamağa başlayırıq.
Medianews.az xəbər verir ki, bu barədə məqalə BBC-də dərc edilib.
“Dərimizdəki mikrobiotanın (flora) bizi sağlam saxlamaqda mühüm rol oynadığına və digər təəccüblü faydalara malik olduğuna dair artan sübutlar var”,- deyə məqalədə qeyd olunur.
Bağırsaq mikrobiomunun, yəni bağırsaqlarımızda məskunlaşan mikrob ekosisteminin əhəmiyyəti hər birimizə məlumdur. Bakteriyalar, göbələklər, viruslar və digər təkhüceyrəli orqanizmalar diabet, astma və hətta depressiyaya qədər bir çox xəstəliklərdə mühüm rola sahibdir.
İndi isə məlum olub ki, dərimizdəki mikrob və bakterialar da eyni dərəcədə faydalı ola bilər. Sözügedən orqanizmlər bədənimizin səthinə yerləşmək şansı olmayan patogenlərə qarşı ilk müdafiə xəttini təşkil edir. Onlar həmçinin gündəlik həyatda qarşılaşdığımız bəzi kimyəvi maddələri parçalayır və immun sistemimizin inkişafında mühüm rol oynayırlar.
Nailə QASIMOVA