İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 12 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
Görkəmli alim və ilk akademiklərimizdən biri olan Heydər Hüseynov əsasən Mirzə Kazım bəyin yaradıcılığına müraciət edərək onu tədqiq edirdi. Xüsusən də Azərbaycanda birləşdirici simvol kimi Şirvanşah İbrahim Dərbəndinin təbliğ olunduğu dövrdə o, Mirzə Kazım Bəyin Şirvanşahlar tarixi ilə bağlı araşdırmalarına, tərcümələrinə müraciət etmişdi və ondan yararlanaraq, yeni “Böyük Azərbaycan” konsepsiyanın formalaşmasında iştirak etmişdi.
Onu da qeyd etmək istəyirəm ki, dünən də, bu gün də bir çox azərbaycanəsilli ruhanilər sözdə “şiə həmrəyliyi” göstərərək, dini şüarlarla irançılıq təbliğatı aparırlar. S.C.Pişəvəri hərəkatı zamanı bu ruhanilər azərbaycanlılarla farsların şiə olduğun qeyd edərək, İran dövlətinə sədaqətli olmağa və kafirlərin məkrli planlarına uymamağa çağırış edirdilər. Sonrakı dövrlərdə də biz dəfələrlə şahidi olduq ki, bu sözdə olan “şiə həmrəyliyi” Azərbaycan milli dövlətçiliyinin əleyhinə olan, rüşeym halında onu boğan və özülünün altına qoyulmuş lağımdır. Bunu biz illər sonra – 1979-cu ildə böyük din alimi təbrizli Əli Şəriətinin də timsalında gördük.
Ona görə də M.C.Bağırov təklifi ilə Böyük Azərbaycan layihəsinin simvolu kimi (şiə xəttini dövlət siyasətinə gətirən) Səfəvi Şah İsmayıl Xətai deyil, Şirvanşah İbrahim Dərbəndi seçilir. Bunu təsdiq edən aşağıdakı arxiv sənədini oxucularımla bölüşürəm (ARPİİİSSA, f. № 1, Siy. № 30, Sax. Vah. № 224):
Azərbaycan KP(b) MK-nin katibi Krasnova
1945-ci ilin noyabrın 27-də SSRİ “Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti”nin İran nümayəndəliyinin Təbriz şöbəsinin Tarix və Ədəbiyyat bölməsinin növbəti iclasında Azərbaycan tarixinin XIII əsri ilə bağlı Şirvanşah İbrahim Dərbəndli barəsində mühazirə oxundu. Dinləyicilər arasında çoxlu sayda jurnalistlər, yazıçılar, şairlər və digər ziyalılar vardı. Mühazirəni Mədəniyyət evinin nümayəndəsi, dosent Şərifli M.H. söyləyirdi. XIV əsrin ikinci yarısında Azərbaycanın iqtisadi və siyasi vəziyyətini təsvir edən natiq, Şirvanşah İbrahim Dərbəndlinin hərbi-diplomatik statusu haqqında ətraflı danışdı.
Natiq öz mühazirəsində qeyd edirdi ki, “Elxani Monqol dövlətinin zəifləmə və parçalanma dövründə yerli feodallar öz müstəqillikləri uğrunda yenidən mübarizəyə başlamışdı. Xüsusən də bu mübarizə Azərbaycanın şimalında, Şirvanda cərəyan edirdi. Müstəqillik mübarizəsi nəticəsində şirvanlılar Şirvanşah İbrahim Dərbəndi başda olmaqla, 1382-ci ildə müstəqil dövlət yaratmağa nail oldular. Şirvanşah İbrahim Qızıl Orda xanı Toxtamış, Cəlairilər sülaləsindən olan Sultan Əhməd və eləcə də, Əmir Teymurla mübarizə aparırdı.
Məhz Şirvanşah İbrahiminin uzaqgörən və diplomatik bacarığı sayəsində, Şirvanşahlar Teymurun istilasından xilas oldu və bu müttəfiqlik nəticəsində dövlət kimi tam inkişaf etdi. Şirvanşah İbrahim təkcə müstəqillik deyil, həm də bütün Azərbaycan uğrunda mübarizə apararaq feodalları bir vahid dövlət şəklində birləşdirməyə çalışırdı. Şirvanın müstəqilliyi və milli dövlət fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı üçün geniş imkanlar yaratdı. Bu da Azərbaycanın müstəqilliyi üçün dayaq nöqtəsi oldu”.
Sonda mühazirəçi Şirvanşahlar dövlətinin iqtisadi-siyasi vəziyyətindən, onun xarici ölkələrlə, xüsusən də Moskva ilə əlaqələrindən bəhs etdi. Mühazirəçiyə iştirakçılar arasından çoxlu suallar verildi.
Sonra “Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin” Rəyasət Heyətinin üzvü, cənab Naxçıvani çıxış edərək, “Şirvanşah İbrahimin diplomatik qabiliyyətini və böyük dövlət xadimi kimi əhəmiyyətini vurğulayaraq, onunla bağlı bir neçə siyasi əhəmiyyətli məqamlara toxundu.
Növbəti mühazirəmiz Azərbaycanın məşhur şairi Nəsimiyə həsr olunacaqdır.
SSRİ “Xarici ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti”nin İran nümayəndəliyinin direktor müavini H.Məcidov.
Akademik Heydər Hüseynov elə hesab edirdi ki, (arxivdə nəşrinə qadağa qoyulmuş Heydər Hüseynovun Mirzə Kazım Bəyin yaradıcılığı və həyatı ilə bağlı çox ciddi tədqiqat əsəri vardır (keçmiş Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi; indiki Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi adlanır – ARPİİİSSA; F.1. Siy. 32, S. V. 113) İnşallah, yaxın gələcəkdə onun bu tədqiqatını nəşr etdirəcəyəm – A.M.).
Mir Cəfər Bağırov tərəfindən Mirzə Kazım bəyin yaradıcılığına, xüsusən də onun Şirvan tarixi ilə bağlı araşdırmalarına və tərcümələrinə müsbət münasibət olduğundan, “Şeyx Şamil və müridizm” əsəri ilə bağlı araşdırması da yaxşı qarşılanacaqdır. Nəzərə alaq ki, Əziz Əliyevin Dağıstanda işlədiyi müddətdə Şeyx Şamilin milli azadlıq hərəkatının lideri kimi təbliğ olunması barədə qərar verilmişdi (Ümumittifaq K(b)P Dağıstan Vilayət Komitəsinin Bürosu və Dağıstan Xalq Komissarları Sovetinin Qətnaməsi; 6 fevral 1943, Respublikada incəsənətin inkişaf tədbirləri haqqında).
Ona görə də Heydər müəllim Şeyx Şamili müsbət kontekstdə göstərən bir kitab yazmağa qərar vermişdi. Amma kitab yazıldıqdan sonra Heydər Hüseynova qarşı təqiblər başlayır. Bir çox müəlliflər Heydər Hüseynovun kitabının Bağırovdan xəbərsiz Stalin mükafatına layiq görülməsini, Azərbaycan rəhbərinin qısqanclığı kimi izah edirlər. Tədqiqatçı Nəsiman Yaqublu akademik Heydər Hüseynova həsr etdiyi məqaləsində qeyd edir ki, guya “M.C.Bağırovun tanınmış rus yazıçısı A.A.Fadeyevlə arası yox idi və Heydər Hüseynov “kişi”nin başının üstündən iş görmüşdü. Özü də işi kiminlə görüb? – Fadeyevlə. Onun xoşlamadığı bir adamla. Belə alimlərə yaxşı “dərs” vermək lazım idi”. Ona görə Heydər Hüseynova qarşı təqiblər başlamışdı.
Bəs əsl səbəb nə idi? Heydər Hüseynov bir məsələni nəzərə almamışdı ki, dövrün mövcud siyasi konyukturası dəyişmişdi. Yəni, əgər bir neçə il öncə Mirzə Kazım bəyin Şeyx Şamil hərəkatı ilə bağlı araşdırmaları və ya tərcümələri müsbət qarşılanırdısa, müharibədən sonra ölkədə tamam başqa ab-hava yarandı. Onu hiss etməyən bizim dəyərli və gözəl alim-ədibimiz H.Hüseynov da bax, bu dəyişmiş siyasi kursun qurbanı oldu…
Artıq Şirvanşah İbrahim Dərbəndi deyil, XVIII əsrdə Quba xanı olmuş Fətəli xan təbliğ olunurdu. Fətəli xanın birdən-birə təbliğ olunmasının səbəbi o idi ki, o, Azərbaycan xanlıqlarını birləşdirmək siyasətini yeritsə də, xarici siyasətdə Rusiya imperiyası ilə yaxınlığına görə dövrünün digər xanlarından seçilmişdi. Ona görə də Həzi Abdullayevin 1948-ci ildə çapdan çıxmış “Fətəli xanın Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi və onun xarici siyasəti” adlı kitabı M.C.Bağırov tərəfindən yüksək qiymətləndirilmiş və kitabın Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müzakirəsində şəxsən özü iştirak etmişdi.
Yuxarıda qeyd etdiyim kimi, 1949-cu ildə Heydər Hüseynovun yeni çapdan çıxmış kitabında Şeyx Şamil haqqında yazdığı müsbət fikirlər, gözlənildiyi kimi, Bağırov tərəfindən amansızlıqla atəşə tutuldu. Digər tərəfdən Heydər Hüseynovla səmimi ünsiyyət saxlayan M.C.Bağırovun ona qarşı münasibətini dəyişdirən hansı səbəblər idi?
M.C.Bağırov 1950-ci ildə “Müridizm və Şamil hərəkatının xüsusiyyətləri barədə” kitabında yazırdı: “Heydər Hüseynov Şamil hərəkatını azadlıq və mütərəqqi addım kimi qiymətləndirir. Bu qiymət marksist nöqteyi-nəzərdən və siyasi baxımdan səhv, tarixi həqiqətlərə və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və irticaçı cərəyan olmuşdur və xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə olunmuşdur. İşğalçı türk ordusuna, ingilis müstəmləkəçilərinin maraqlarına qulluq etmişdir. O, Dağıstanı Rusiyadan ayırmağa çalışmış, Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf mürtəce xarakter daşımış, inqilabi hərəkatın maraqları ilə ziddiyyət təşkil etmiş, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngidici təsir göstərmişdir”.
Sözsüz ki, yuxarıdakı fikirlər oxucuda Bağırov tərəfindən irəli sürülən arqumentin imperiya konyukturasına kökləndiyi təsəvvürünü yaradır. Çox güman ki, Bağırov özü də bu sözləri yazarkən haqsız olduğunu bilirdi. Çünki, Dağıstanı Azərbaycana birləşdirmək təşəbbüsü ilə çıxış etdiyinə görə məhz onu ittiham edirdilər.
Burada yenə Daniyalovun xatirələrinə istinad edəcəyəm (Абдурахман Даниялов. Воспоминания. Махачкала: Даг. кн. изд-во. 1991. c. 222 – 254): “Bir dəfə, 1943-cü ildə anti-Hitler koalisiyasının dövlət başçılarının Tehran konfransından sonra M.C.Bağırov bizə İ.V.Stalinlə görüş zamanı ona Dağıstanın yaşadığı çətinliklərdən danışdığını, bu respublikanın Azərbaycana birləşdirilməsi ideyasını söylədiyini dedi. Bağırov dedi ki, İ.V.Stalin soruşur: “Dağıstanlılar belə bir təklifə necə reaksiya verəcəklər?” M.C.Bağırov belə cavab verib: “Məncə, pis deyil”. Söhbət orada bitdi. M.C.Bağırova dedim ki, yoldaşlar ilə bunu məsləhətləşmək lazımdır.
Azərbaycan rəhbərliyinin bu niyyətləri ilə bağlı şayiələr xalq arasında, xüsusən dağıstanəsilli və qeyri-dağıstanəsilli partiya fəallarının böyük bir qrupunun Bakıdan Dağıstana rəhbər vəzifələrə göndərilməsindən sonra sürətlə yayıldı. Bir müddət sonra DMSSR Ali Soveti Rəyasət Heyətinin sədri Adil-Gerey Taxtarov RSFSR Xalq Səhiyyə Komissarının Dağıstana gəlişi münasibətilə öz mənzilində nahar verirdi. Qonaqlar arasında digər yoldaşlardan başqa Leninqrad dalğıc məktəbinin rəhbəri kontr-admiral Skrqanov da var idi (məktəb Mahaçqalaya evakuasiya edilmişdi). Qələbə üçün tostlar deyildi, içdilər, yedilər, əyləndilər. Birdən Skrqanov mənə ad və ata adı ilə müraciət etdi və dedi: “Sən özünü cənuba deyil, şimala – Moskvaya yönəlt”. Bu qeyd məni Dağıstanın Azərbaycana verilməsinin mənası və siyasi nəticələri haqqında ciddi düşünməyə vadar etdi və belə bir təklifə mənfi münasibətimi təsdiqlədi.
Axı M.C.Bağırov yəqin ki, İ.V.Stalinlə söhbətinin məzmununu, Dağıstanı Azərbaycan tərkibində görmək istəyini Əziz Əliyevə də çatdırmışdı. M.C.Bağırov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin və Zaqafqaziya Cəbhəsi Hərbi Şurasının üzvü kimi təkcə Azərbaycanda deyil, Zaqafqaziya və Dağıstanda da böyük səlahiyyətlərə malik olan bir şəxs idi. Bundan əlavə, biz M.C.Bağırovu böyük, mötəbər bir yoldaş kimi 1937-1938-ci illərin tufanından sağ çıxmış tək-tük Qafqaz liderlərindən biri kimi tanımışıq. Üstəlik, onun cəbhə xəttinə çevrilmiş Dağıstanla bağlı niyyətini də səmimi olaraq yaxşı qəbul edirdik, ona böyük hörmət var idi.
Bir dəfə Moskvada Ali Sovetin sessiyasından sonra axşam saatlarında Əziz Əliyev mənə və DMSSR Ali Soveti Rəyasət Heyətinin sədri Adil-Gerey Taxtarova dedi ki, M.C.Bağırov bizi Moskvadakı evinə qonaq çağırır. Biz Əziz Əliyevin təklifi ilə M.C.Bağırovun mənzilinə getdik. Onun kefi çox kök idi və dərhal belə bir şey dedi: “Mən Stalinin bağında onunla nahar etdim. Dağıstanın Azərbaycana verilməsi məsələsi prinsipial olaraq həll olunub. Bunun üçün Stalinə bir qeyd yazın”. Biz bir-birimizə baxdıq. Əziz Əliyev dedi ki, “Mir Cəfər Abbasoviç, sabah düşünüb bir qərar verərik.
Hotelə qayıdandan sonra Əziz Əliyevə dedim ki, M.C.Bağırovun yanında deyirsiniz ki, qərar verərik. Axı nə qərar verəcəyik ki, vilayət partiya komitəsinin plenumunun qərarı olmadan biz belə bir qeyd yaza bilmərik. Razılaşdıq ki, o, bu barədə M.C.Bağırova desin. Bunun hansı formada çatdırıldığını bilmirəm, amma bundan sonra Bağırov mənə qarşı qəzəb və nifrət bəslədi. Bunu sonrakı hadisələr də təsdiqlədi. Bağırov bizə zahirən bərabər münasibət bəsləyirdi. Lakin müharibənin sonrakı illərində bir daha Dağıstanda görünmədi”.