2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışmış və ABŞ ilə danışıqların tərəfdarı olan ölkənin strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif cəmi 10 gün vəzifədə qaldıqdan sonra istefa verib.
Medianews.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında yazıb. “Mən işimin nəticəsindən razı deyiləm. Digər problemlərlə yanaşı, bu, məni universitetdə yolumu davam etdirməyə məcbur etdi”, – Zərif qeyd edib.
Maraqlıdır, C.Zərifi istefa verməyə məcbur edən əsl səbəblər nədir? Yeni prezident Məsud Pezeşkiana və komandasına kimlər mane olur? Ümumiyyətlə, İrandakı yeni hökumət üzvləri bu ölkənin gələcək siyasi kursu ilə bağlı nələr vəd edir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Məhəmməd Cavad Zərif İranın keçmiş Xarici İşlər naziri kimi Həsən Ruhani kabinetində “altılıq” ölkələr ilə nüvə proqramına dair danışıqlar aparan nümayəndə heyətinin başçısı olub.
O vurğulayıb ki, həmin danışıqların nəticəsində “altılıq” ölkələri ilə İran arasında əhatəli razılaşma planı üzrə müqavilə imzalanıb: “Həsən Ruhani və Məhəmməd Cavad Zərifi İranda qəhraman kimi çox yüksək səviyyədə alqışlarla qarşıladılar: “Donald Tramp hakimiyyətə gəldikdən sonra rəsmi Tehran həmin müqavilədən İranı geri çəkdi. Bununla da müqavilənin icrası dayandı. Sonra Həsən Ruhaniyə və Zərifə qarşı hücuma keçdilər. Bu günə qədər də təzyiq davam etməkdədir. Hətta Həsən Ruhanini o danışıqların nəticəsinə görə “vətən xaini” adlandırdılar. Bu il martın 1-də Dini Ekspertlər Şurasına keçirilən seçkidə onu iddiaçı kimi belə, qeydiyyata almadılar. Zərif strateji məsələlər üzrə vitse-prezidentlik vəzifəsini özü təklif edib və bu ştat da onun üçün açılıb. Məsud Pezeşkianın seçki qabağı kampaniyası zamanı Zərif daim onu müşayiət edib. Pezeşkianın çıxışlarında, keçirdiyi görüşlərdə və s. yanında olub. Başqa sözlə, ən yaxın müşaviri olub. Zərif təhsilini ABŞ-də alıb, hətta nazir olana qədər bütün fəaliyyətini bu ölkədə qurub. Hətta onun qızı və oğlu belə, ABŞ-də anadan olub və onlar ABŞ vətəndaşlarıdır. Bu, Zərifin dünyagörüşü baxımından Qərb meyilliliyinə də təsir göstərib. Ona görə islahatçı kimi Zərif daim diqqət mərkəzində olub. O, hakimiyyətdaxili islahatlar xəttinin ən fəal nümayəndələrindən, ideoloqlarından biridir”.
Siyasi şərhçi təəssüflə qeyd edib ki, İranda hakimiyyət daxilində mühafizəkarlar üstünlük təşkil edirlər: “Atətullah Seyid Əli Xamenei onların başçısıdır, ölkənin güc strukturuna rəhbərlik edir. SEPAH mühafizəkar xəttin arxasındadır. Atətullah Seyid Əli Xamenei nə qədər özünü bitərəf göstərsə də mühafizəkar xəttin təmsilçisidir. Bu baxımdan hakimiyyət daxilində islahatçılar və mühafizəkarların münaqişəsində, didişməsində Zərifgil məğlub oldu. Məsud Pezeşkianın “İşləməyə imkan vermirlər”, – deyə, avqustun 6-da verdiyi açıqlamada ilk qurban Zərif oldu. Mühafizəkarlar Qərblə danışığı qəbul etmir, müharibə tərəfdarı kimi çıxış edirlər. HƏMAS-ın İsraillə savaşmasının, ümumən regionda müharibənin genişlənməsinin tərəfdarıdırlar. Mühafizəkarlar qisas yanğınlarıdır. Onlar hesab edirlər ki, xarici qüvvələr, İranla danışıq aparmaq istəyən qüvvələr məhz mühafizəkarlarla hesablaşmalı, onlarla danışmalıdırlar. Fikrimcə, avqustun 1-də ABŞ buna cəhd etdi. Avqustun 1-də ABŞ-nin nümayəndə heyəti ilə İranın xarici işlər naziri səlahiyyətlərini icra edən şəxs arasında iki saatlıq görüş olub. Həmin görüşdə müzakirələr regionda müharibənin aparılmaması, HƏMAS-İsrail qarşıdurması və bu kimi səhaələri əhatə edib. Amma yayılan xəbərlər görə, ciddi razılıq əldə edilməyib. Çünki ABŞ onda İrana xəbərdarlıq etmişdi ki, bu müharibə Tehran hakimiyyəti üçün çox böyük problemlər yaradacaq, iqtisadiyyatına, energetika sahəsinə və s. ciddi ziyan vuracaq. Bir müddət sonra ABŞ dövlət departamentinin sözçüsü təkrar bildirdi ki, İranın İsraili vuracağı təqdirdə, onun iqtisadiyyatına, energetika sahələrinə hücumlar olacaq. Bu bəyanatın səsləndirilməsi də onu deməyə əsas verir ki, səfər görüşü uğursuz nəticələnib”.
S.Soltan deyib ki, İran hakimiyyəti daxilində yeni seçilmiş prezident M.Pezeşkian da müharibənin əleyhinə olduğunu bildirib: “Bir müddət öncə Pezeşkian Əli Xameneiyə müharibə etməməyi təklif edib və bu müharibənin İran iqtisadiyyatına vuracağı zərərləri sadalayıb. Hesab etmək olar ki, Pezeşkianın “İşləməyə qoymurlar” açıqlaması doğrudan da hakimiyyət daxilində monolitliyin olmadığından xəbər verir. Hakimiyyət daxilində çox dərin ziddiyyətlər var və bu, ilk növbədə hakimiyyətin formalaşmasında özünü göstərir. Məsələn, hakimiyyət ötən həftənin beşinci günü elan etmişdi ki, bir həftəyə formalaşacaq. Amma bu, olmadı. Bir həftəyə formalaşmamasının səbəbi də hakimiyyətdaxili ziddiyyətin göstəricisidir. Hökumət sadəcə olaraq elan edilib, hələ parlament tərəfindən tam təsdiqlənməyib. Amma hökümət üzvlərinin 5-i Həsən Ruhaninin, 3-ü isə İbrahim Rəisinin kabinetində müxtəlif vəzifələri təmsil ediblər. Ehtimal etmək olar ki, kabinet üzvləri keçmiş mühafizəkar və islahatçılardan ibarətdir. Düzdür Pezeşkian bunu milli birlik hakimiyyəti adlandırır, amma bu kabinet mühafizəkarlarla islahatçıların koalisiya üzvlərindən ibarətdir. Fikrimcə, belə bir kabnetin işi uğurlu olmayacaq. Çünki Pezeşkianın mühazifəkarlar arasında rəqibləri və sevməyənləri çoxdur. Ona görə ayr-ayrı nazirlər tərəfindən hakimiyyətin işi perspektivdə sabotaj oluna bilər. Nəticə etibarıilə Məsud Pezeşkianın yarıtmaz islahatçı hakimiyyət başçısı imici yaranar. Pezeşkian da gələcəkdə ona qarşı tuşlanmış rəydən yaxasını qurtarmaq üçün bəribaşdan “İşləməyə qoymurlar”, – fikrini söyləyib. Hər halda Zərifin istefası üzərinə təklif olunan yeni kabinet Tehranda İran hakimiyyəti üçün vəziyyətin yaxşı olmayacağını və indiki vəziyyətin də ağır olduğunu göstərir”.
Nailə QASIMOVA