“Allah-Təala Kəlbəcərdən heç nəyi əsirgəməyib. Səfalı təbiəti, xüsusən də yaşıl meşələri, dağları, diş göynədən buz bulaqları, müalicəvi termal suları, axarbaxarlı çayları, bir sözlə, flora və faunası ilə cənnəti xatırladır. Xoşbəxt adamam ki, mən də belə bir dilbər guşədə, Kəlbəcər rayonunda doğulmuşam. Qayğısız uşaqlıq və gənclik illərim burada keçib. O illərdə müşahidə etdiklərim əsasında deyə bilərəm ki, Kəlbəcərə sadəcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən qonaqlar gələr, buradakı “İstisu” müalicə mərkəzində şəfa tapar, bu cənnət guşəsini görməyə, burada istirahət etməyə can atardılar. Çox təəssüf ki, Ermənistan silahlı birləşmələri 1993-cü ildə Kəlbəcəri işğal etməklə cənnətimizdə bizə cəhənnəm yaşatdı”.
Medianews.az xəbər verir ki, bu sözlər Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün Elman Məmmədova məxsusdur. O, bizimlə söhbətində doğulub boya-başa çatdığı Ağcakənd kəndində keçirdiyi xoş günlərdən, adət-ənənələrdən, təbiətin gözəlliyindən yorulmadan, həvəslə danışdı. İxtisasca dağ-mədən mütəxəssisi olan həmsöhbətimiz bildirdi ki, Kəlbəcərin işğalından ötən 27 il ərzində erməni vandalları rayonun bütün yaşayış məntəqələrində infrastrukturu, evləri, SSRİ dövründə qurulan turizm obyektlərini darmadağın ediblər. Necə deyərlər, daşı-daş üstündə qoymayıb, hətta təbii sərvətlərimizi talayıblar. Bu yaxınlarda öz kəndlərinə getdiyini, gördüyü acı mənzərədən böyük sarsıntı keçirdiyini dilə gətirən E.Məmmədov Ağcakənddə bütün evlərin daşlarına kimi sökülüb aparıldığını, kəndin boş, kimsəsiz bir ərazini xatırlatdığını vurğulayıb.
Qeyd edək ki, Kəlbəcər sakini, keçmiş məcburi köçkün E.Məmmədovun söylədiklərini 2020-ci ilin 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonrakı müddətdə dinc yolla azad edilən bütün rayon və kəndlərimizə aid etmək olardı. Ona görə olardı deyirəm ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz torpaqlarımızı yağı tapdağından azad etdikdən sonra həmin ərazilər geniş tikinti-quruculuq meydanına çevrilib. 2020-ci ildən indiyə qədər ötən vaxt ərzində neçə-neçə yaşayış məntəqələrimiz tamamilə yenidən qurulub, dağların bağrı dəlinərək yeni yollar salınıb, orta məktəblər, bağçalar, tibb müəssisələri, iaşə və sair sosial obyektlər, çoxmərtəbəli binalar və fərdi yaşayış evləri tikilib, keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz ata-baba yurdlarına qayıdıb.
Bu çərçivədə Kəlbəcər rayonunda da xeyli işlər görülüb. Relyefin çətinliyinə, dəniz səviyyəsindən yüksəklikdə yerləşməsinə baxmayaraq, yaratmaq, qurmaq eşqi ilə döyünən ürək sahibləri, necə deyərlər, bu torpaqların əzəli sakinləri Kəlbəcərə də həyatı qaytarmq üçün gecə-gündüz çalışıblar. VI çağırış Milli Məclisin deputatı, əslən Kəlbəcərdən olan Aqil Məmmədovun sözlərinə görə, hazırda sözügedən rayonda SSRİ dövründə olduğundan qat-qat artıq tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir. Sabiq millət vəkili vurğulayıb ki, sovetlər birliyi dövründə Kəlbəcərin iqliminə, təbiətinə maraq göstərən turistlər çox olub. Bu amil nəzərə alınaraq, o dövrün şərtləri daxilində bir sıra turizm obyektləri qurulub. Lakin həmin infrastrukturdan əldə edilən gəlir nə bu rayonda yaşayan sakinlərin həyat səviyyəsinə, nə də ümumən ölkə iqtisadiyyatına ciddi təsir etməyib.
A.Məmmədovun qənaətincə, hazırda ən müasir şəkildə qurulan infrastruktur, hava limanı, turizm, səhiyyə, iaşə və digər obyektlər həm əhaliyə, onların sosial rifahının yaxşılaşmasına xidmət edəcək, həm də ölkə iqtisadiyyatına müsbət töhfə verəcək: “Kəlbəcərin iqlimi, coğrafi baxımdan yerləşdiyi çətin ərazi, dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi burada görülən işlərin tempinə bir az təsir edir. İşğaldan azad olunmuş digər ərazilərlə müqayisədə Kəlbəcərdə yaşayış binalarının tikintisi, infrastrukturun qurulması məhz buna görə yubanıb. Amma işlər böyük ruh yüksəkliyi, əzmkarlıqla həyata keçirilməkdədir. SSRİ dövründə Kəlbəcərin “İstisu” sanatoriyasının nüfuzu, sorağı nəinki Azərbaycanın, ümumən ittifaqın hüdudlarını aşmışdı. Buraya 15 müttəfiq respublikadan müalicə almaq məqsədi ilə, eyni zamanda turist kimi, istirahət etmək üçün gəlirdilər. İlin müxtəlif vaxtlarında rayona böyük axın olurdu. Kəlbəcərin işğalından sonra ermənilər yeraltı və yerüstü sərvətləri qeyri-qanuni olaraq mənimsəyib, talan ediblər. Şöhrəti SSRİ sərhədlərini aşan “İstisu” sanatoriyası da bu vandalizmə məruz qalan obyektlər sırasında olub. Nəticə etibarilə turizm infrastrukturu tamamilə dağıdılıb. Amma indi beynəlxalq standartlara cavab verən turizm obyektləri, mineral sular zavodu, sanatoriyalar tikilir. Kəlbəcər şəhərində müasir çoxmərtəbəli binalar, 950 şagird yerlik orta məktəb binası tamamlanmaq üzrədir. Paralel olaraq Zar, Zallar kəndlərində, çayqırağı digər yaşayış məntəqələrində yeni evlər inşa olunur. Bütün bu proseslər yekunlaşandan sonra, kəlbəcərlilərin öz evlərinə köçürülməsinə başlanılacaq, eyni zamanda əlverişli turizm məkanı kimi Kəlbəcərin əvvəlki şan-şöhrəti qısa zamanda özünə qaytarılacaq. Mən buna əminəm. Qayıdış Proqramı çərçivəsində birinci köçün baş tutmasını səbirsizliklə gözləyirik”.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov da bizimlə söhbətində vurğulayıb ki, Kəlbəcər Azərbaycanın dəniz səviyyəsindən ən yüksəklikdə yerləşən rayonudur. Onun sözlərinə görə, SSRİ dövründə burada “İstisu” sanatoriyası, mineral sular zavodu fəaliyyət göstərib və bu bölgə ittifaq səviyyəsində daha çox sağlamlıq turizm zonası kimi məşhurlaşıb.
C.Aşurov deyib ki, sovet hakimiyyəti dövründə il ərzində 50 minə yaxın turist “İstisu” sanatoriyasını, kurort zonanı ziyarət edib: “Hər birimizə məlum olduğu kimi, 30 ilə yaxın işğal dövründə bütün bu infrastruktur erməni vandalları tərəfindən məhv edilib. Kəlbəcər işğaldan azad olunandan bir müddət sonra isə 100 otaqlıq yeni sanatoriyanın, hotelin təməli qoyulub. Hazırda iş gedir. Kəlbəcərin termal suları bir çox müalicəvi əhəmiyyətinə görə diqqəti cəlb edir. Məhz bu amil nəzərə alınaraq, burada sağlamlıq turizminin inkişafının böyük perspektivi var. Kəlbəcərin əlverişli, özünəməxsus iqliminə görə ekoloji turların həyata keçirilməsi də mümkündür. Ümumilikdə Qarabağda beynəlxalq standartlara cavab verən üç beynəlxalq hava limanının olması gələcəkdə Kəlbəcərə bir çox xarici ölkələrdən turistlərin gəlməsinə imkanlar yaradacaq. Lakin söhbət sırf Kəlbəcərin turizm potensialından gedirsə, burada ekoloji turlar, sağlamlıq və kənd turizmi ilə bağlı layihələr həyata keçirilə bilər. Gələcəkdə ovçuluq və sair turizm imkanlarını da yaratmaq mümkündür. Kəlbəcərin relyefi, iqlimi, təbiəti turistləri özünə cəlb edir. Buranın özünəməxsusluğu yerdən qaynayaraq çıxan müalicəvi, mineral, isti sudur. Bu, kifayət qədər unikal məhsul hesab olunur və turist cəlb edilməsi üçün mühüm səbəblərdən biri olacaq. Şübhə etmirəm ki, gələcəkdə Kəlbəcər SSRİ dövründəki turizm göstəricilərini aşacaq, 50 min deyil, daha böyük sayda turisti qəbul edəcək”.
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə (DTA) də sorğu ünvanladıq. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, Kəlbəcərin turizm və rekreasiya resurslarının mövcud vəziyyətinin öyrənilməsi, müvafiq metodologiya əsasında resursların qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılma işləri aparılıb, müvafiq hesabatlar hazırlanıb. Məlumata görə, DTA-nın təklifi ilə Kəlbəcər rayonunun turizm inkişafı ilə əlaqədar turizm potensiallı ərazilər işğaldan azad olunmuş ərazilərin Ümumi Planına inteqrasiya edilib: “Kəlbəcər rayonunda turizmin inkişafını səciyyələndirən bir neçə amil var. Bunlardan birincisi, ərazinin relyefidir. Yəni rayon ərazisində yüksəklik və buna meyilliliklərin, maraqlı geoloji quruluşların, kanyonların, dik qayalıqların olmasıdır. İkincisi, landşaftdır. Buraya bioloji müxtəlifliyi, meşə ərazilərini, flora və faunanın zənginliyini əlavə etmək olar. Üçüncüsü, su hövzələridir ki, buraya çayları, gölləri, termal və mineral su ehtiyatlarını, bulaqları aid edə bilərik. Dördüncüsü, iqlim şəraitidir. Rayonda ekoloji təmiz hava, illik qar yağıntısı, turizm və rekreasiyanın inkişafı üçün yaratdığı digər imkanlar diqqət çəkicidir. Bundan əlavə, tarixi, arxeoloji və memarlıq abidələrini də qeyd etmək olar. Bütün bu faktorlar Kəlbəcər rayonunda təbiət (ekoturizm), dağ turizmi (qış turizmi də daxil olmaqla), macəra, sağlamlıq, mədəni və kənd turizminin (aqroturizm daxil olmaqla) inkişafı üçün əlverişli zəmin formalaşdırır”.
Statistik məlumatlara görə, ümumilikdə işğaldan əvvəlki dövrdə Kəlbəcərdə bir sıra tarix-memarlıq abidəsi, 9 mədəniyyət evi, 27 klub, 55 kitabxana, 17 kinoqurğu, musiqi məktəbi və muzey fəaliyyət göstərib. DTA-dan təəssüflə bildirilib ki, işğal müddətində turizm baxımından önəmli hesab edilən tarix-memarlıq abidələri dağıdılıb, mədəniyyət evləri və digər mədəni irs nümunələri yararsız hala salınıb: “Turizm baxımından önəmli hesab edilən abidələrin əksəriyyətinin dağlıq və dağ ətəyi ərazilərdə yerləşməsinə görə, Kəlbəcəri açıq hava tarixi abidələr muzeyi də adlandırmaq olar. Kəlbəcərin tarixi-arxeoloji irsinin əsas hissəsini Qafqaz Albaniyası dövlətinin müxtəlif dövrlərinə aid memarlıq abidələri təşkil edir. Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçinqılı, Ayıçınqılıda, Dəlidağın ətəklərində və Lülpər sahələrində səkkiz minə yaxın qayaüstü təsvirlər mövcuddur. Təsvirlərin əksəriyyəti tunc dövrünün başlanğıcına aiddir. Zar kəndinin yaxınlığında mağara düşərgəsi isə üst paleolit dövrünə aid olan yaşayış yeridir. Mağara düşərgəsi elmi işlər üçün mühüm əhəmiyyət kəsb edir. Zar mağarasının qədim yaşayış məskəni olaraq gələcəkdə turizm nümayiş obyekti kimi istifadə edilməsi üçün qorunub saxlanılması vacib hesab edilir”.
Qeyd etmək yerinə düşər ki, Kəlbəcər rayonu təbiət turizminin inkişafı üçün zəruri olan resurslarla zəngindir. DTA-dan verilən məlumata görə, aparılan təhlillər nəticəsində Kəlbəcər ərazisində haykinq, trekinq, mağara marşrutları, qayaya dırmanma, balıqçılıq, quş müşahidəsi kimi təbiət turizmi fəaliyyətlərinin təşkili üçün əlverişli şəraitin olduğu müəyyən edilib: “Aktiv və macəra turizminin inkişafı istiqamətində də Kəlbəcərin imkanları yüksək qiymətləndirilir. Rayonun sahib olduğu geniş su ehtiyatları hesabına burada yerləşən çay və göllərdə balıqçılıq, raftinq (salçılıq) və s. idman və rekreasiya fəaliyyətlərinin yaradılması mümkün hesab olunur. Bununla yanaşı, Kəlbəcər rayonu ərazisində özünəməxsus krater gölləri mövcuddur ki, onların ümumi sayı 30-a yaxındır. Bunlar arasında ən çox turizm məqsədli istifadə oluna biləcək göllər kimi Böyük və Kiçik Alagöllər, Böyükgöl, Dibgöl, Əyrigölü misal çəkmək olar. Zod aşırımı yolu, Dəmirçidam – Seyidlər kəndlərinin yerləşdiyi yer, torpağın relyefi, hündürlüyü, bitki örtüyü, hava temperaturu, yağıntılı və qarlı günlərin sayı və s. araşdırılarkən ərazilərin qış turizmi mərkəzi kimi inkişafının məqsədəuyğun olması müəyyən edilib. Xizəkçilər üçün kontrast təmin etdiyinə görə ərazinin bəzi yerlərdə sıx ağaclarla örtülməsi xüsusilə cəlbedicidir. Rayonun ərazi quruluşu, həmçinin xizəksürmə bacarıqlarının müxtəlif səviyyələrinə uyğun xizək yamaclarının yaradılmasına imkan yaradır. Bundan əlavə, İstisu – Minkənd yolu, Sultan Heydər dağının hündürlüyü, meyilliliyi və yerdə qarın qalma müddətinin qış idman növləri üçün əlverişli olduğu müəyyən edilib”.
DTA-nın sorğumuza verdiyi cavabda Kəlbəcər rayonunun termal və mineral su ehtiyatları baxımından zəngin olması da diqqətə çatdırılıb: “Azərbaycan Respublikasındakı termal və mineral suların təqribən 30 faizi Kəlbəcər rayonunda yerləşir. Ümumilikdə, Kəlbəcər rayonu ərazisində fərqli tərkiblərdə yüzlərlə mineral və termal bulaqlar mövcuddur ki, bunların ətrafında yaradılacaq infrastruktur hesabına sağlamlıq turizminin inkişafına nail olmaq olar. İstisu ərazisi Kiçik Qafqaz sıra dağlarının mərkəzi hissəsində yüksək bir yerdə olduğundan və hər tərəfi uca dağ silsilələri tərəfindən əhatə olunduğundan, iqliminin bir sıra xüsusi cəhətləri vardır. Sovet dövründə İstisu qəsəbəsində balneoloji kurortun fəaliyyət göstərməsi burada mövcud olan müalicəvi və sağlamlaşdırıcı resursların (mineral və termal bulaqlar) hesabına olub”.
Onu da xatırlatmaq yerinə düşər ki, Kəlbəcər rayonunda 5 turizm və rekreasiya zonasının yaradılması potensialı mövcuddur. DTA-nın məlumatına görə bunlar İstisu, Zülfüqarlı, Dəmirçidam, Sultan Heydər, Tutqunçay turizm və rekreasiya zonalarıdır: “Kəlbəcər ərazisində turizm və rekreasiya zonalarının yaradılmasının məqsədləri turizm ehtiyatlarının qorunub saxlanması və onlardan səmərəli istifadənin təmin edilməsi, turizmin dayanıqlı təşkili və davamlı inkişafı, turizm sahəsində yerli və xarici investisiyalar üçün əlverişli mühitin formalaşdırılması və sahibkarlığın dəstəklənməsi, turizm infrastrukturunun inkişaf etdirilməsi və keyfiyyətli turizm xidmətlərinin göstərilməsinin təmin edilməsidir. Turizm və rekreasiya zonaları yüksək turizm potensiallı, hüdudları bəlli, özünüidarəetmə qurumuna və tənzimləmə mexanizmlərinə malik, turizm infrastrukturunun qurulması ilə bağlı strateji yanaşmanın tətbiq edildiyi, turizm infrastrukturunun özəl sektor tərəfindən yaradılması üçün əlverişli investisiya rejiminin tətbiq edildiyi, istirahət, əyləncə, müalicə və sağlamlıq və digər məqsədləri təmin etmək üçün xüsusi idarəetməyə malik olan ərazilərdir. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun qurulması, biznes təyinatlı infrastrukturun özəl sektorun vəsaitləri hesabına kapitallaşdırılmasının sürətli təşkili, eləcə də turizmdə investisiya mühitinin təkmilləşdirilməsi məqsədilə turizm və rekreasiya zonalarının yaradılması zəruri hesab edilir”.
Sonda qeyd edək ki, Kəlbəcər rayonunun Ağcakənd yaşayış məntəqəsinin əzəli sakini E.Məmmədovun ata-baba yurdu böyük coşqu ilə yenidən qurulur. Keçmiş məcburi köçkünün yazımızın əvvəlində təsvir etdiyi cənnətin həm əvvəlki görkəminin özünə qaytarılması, həm də bu cənnət sakinlərinin öz evlərinə dönməsi üçün bütün imkanlar səfərbər edilib. Bizlərin üzərinə isə o cənnəti yaxın gələcəkdə gedib görmək, dəyərləndirmək, qədrini bilmək, qorumaq, təbliğ etmək, yerdəki cənnətin əsl sahiblərinin xoş günlərinə, sevinclərinə şərik olmaq düşür.
Kamilə ORUCOVA
Yazı Moderator.az xəbər portalının qurucusu, baş redaktoru, mərhum jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqəyə təqdim olunur.