“Rasim Ocaqov deyəndə mənim üçün kəlmələr kifayətsiz qalır. O həqiqətən də dünya statusunda gəlib-getmiş ən yaxşı rejissorlardandır. Mənim üçün ikondur, məktəbdir, sənətdir. Mən onunla bir filmdə çalışdığım üçün çox xoşbəxtəm. Tək təəssüfləndiyim budur ki, kaş onunla bir neçə film daha ərsəyə gətirə bilsəydik. Onu çox sevirəm, ürəyimdə daşıyıram. Azərbaycanı, azərbaycanlıları da çox sevirəm. Məndən Türkiyədə soruşurlar ki, Azərbaycana gedəndə sizi necə qarşılayırlar? Həmişə də onlara deyirəm ki, elə bilirəm ki, Türkiyədəyəm, öz vətənimdəyəm. Hətta Azərbaycanda qalmağı belə düşünürəm. Bunları eşidəndə təəccüblənirlər”
Bunu Medianews.az-a açıqlamasında Türkiyənin məşhur aktrisası, Təhminə-Meral Konrat deyib. Sənətçi bildirib ki, Rasim Ocaqovun həyatdan getməsi onun arzularını da yarım qoyub.
“Heç vaxt mənə çəkilişlərdə əsəbləşməyib. Çünki çox gözəl, anlaşıqlı şəkildə çalışırdıq. Tərcüməçi ilə danışırdıq. O illərdə, 1993-cü illərdə nə mən sizin dilinizi, nə də siz bizim dilimizi başa düşürdüz. Çəkilişlər də gözəl keçirdi. O həqiqətən mənə atalıq etdi. İnanılmaz sayğım var ona. Və həm də şanslıyam. Bu gün həyatda olmasa da onu çox sevirəm. Kaşki hazırda yaşasaydı. Kaşki “Təhminə-2” filmini çəkə bilsəydik. Bu həqiqətən də möhtəşəm film olardı.
“Təhminə-2” çəkilsəydi mən Təhminənin yaşamağını istərdim. Onun həyatının davamını görmək istərdim. Rasim Ocaqov yaşasaydı bəlkə daha fərqli filmlər də çəkərdik” deyə aktrisa bildirib.
Aktrisa uzun illər sonra Azərbaycanda “Elçilik” filminə çəkildiyini bildirib. Komik janrda rol aldığı bu filmin də tamaşaçılar tərəfindən sevildiyini bildirib.
“Bu iki filmi bir-biri ilə xahiş edirəm qarışdırmayaq, qarşılaşdırmayaq. “Təhminə” filmi həqiqətən də yaşanmış bir eşq hekayəsi, dram idi. Mən dramatik aktrisayam. “Elçilik” filmində isə ilk dəfə idi bir komik rolda oynayırdım. Komik filmlə dram filmlərini qarışdırmaq olmaz. “Təhminə” filmi klassikadır. “Elçilik” filmi arada üzümüz gülsün deyə izlədiyimiz ekran əsərlərindəndir. O da çox gözəl oldu, pis olmadı. Çox dəyərli insanlarla birlikdə çalışdım. Komik filmdə oynamağım mənim özümü də təəccübləndirdi. Çünki ilk dəfə idi belə rolla tamaşaçıların qarşısına çıxırdım. Mən aktrisayam, hər bir rolu oynaya bilərəm. Dramatik aktrisa olaraq bir çox mükafatlar almışam. Komediya filmləri heç bir zaman “Oskar”, digər mükafatlar almayıb. Çünki bu tərz filmlər insanların üzündə sadəcə gülüş yaratmaq üçün çəkilir. Onu da deyim ki, “Təhminə” filmindən sonra mənə Azərbaycandan bir çox film təklifləri gəldi. O vaxtlar işlərim çox idi. Hətta yatmağa belə imkanım, vaxtım yox idi. Buna görə də qəbul edə bilmədim. Ta ki, “Elçilik” filminə qədər. Çox keyifli bir iş oldu” deyə aktrisa bildirib.
Meral Konrat “Fəxrəddin Manafov sizi həqiqətənmi sevib?” sualına isə aktrisanın cavabı belə oldu:
“Bu çox şəxsi bir durum və sualdır. Mən Fəxrəddinin yerinə, onun adına heç nə deyə bilmərəm. Çünki biz hazırda çox yaxşı, yaxın iki dostuq. Bu tip mövzularda danışmaq məncə düzgün olmaz. Əgər Fəxrəddin istəyirsə danışsın. Çünki bu Fəxrəddinə özəl bir sualdır. Özünə söyləyin görün nə deyir?! Ən yaxşısı bu haqda Fəxrəddin danışsın” deyə aktrisa bildirib.