İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 9 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
Əziz Əliyev 1948-ci ilin 29 noyabrında təhsilini davam etdirmək üçün Sov.İK(b)P MK-nın İctimai Elmlər Akademiyasının nəzdindəki Ali Partiya Məktəbinə göndərilir.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin büro iclasının 74 №-li protokolundan
ÇIXARIŞ.
Mahaçqala, 29 noyabr 1948-ci il.
İştirak edirlər: Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Vilayət Komitəsinin büro üzvləri – Əliyev Ə. M. Daniyalov Ə. D., Taxtarov G. A., Aydinbəyov S. M., Ququchia A. İ., Rixirev T. İ.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 17 noyabr 1948-ci il tarixli qərarı.
Daniyalov Ə.D. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi təyin edilsin. Ümumittifaq Kommunist (b)Partiyası Vilayət Komitəsinin birinci katibi Əzəz Əliyev Sov. İK(b)P MK-nın İctimai Elmlər Akademiyasının nəzdindəki Ali Partiya Məktəbinə göndərilməsi ilə əlaqəli vəzifəsindən azad edilsin.
Təşkilati məsələlərə baxmaq üçün 1948-ci il dekabrın 3-də Sov. İKP (b) Vilayət Komitəsinin beşinci plenumu çağırılsın.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin katibi Ə.Əliyev.
(DDMPA, f. 1, s. 1, iş. 7182, s. v. 435 – 436).
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin beşinci plenumu
QƏRARA alır:
1. Yoldaş Əliyev Əziz Məmmədkərim oğlu Sovet İK(b)P MK-nın İctimai Elmlər Akademiyasının nəzdindəki Ali Partiya Məktəbinə göndərilməsi ilə əlaqədar Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad edilsin!
2. Yoldaş Daniyalov Ə.D. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi seçilsin.
(DDMPA, f. 1, s. 1, i. 6772, s. v. 58).
Əziz Əliyev təhsilini başa vurduqdan sonra – 1950-ci ilin 15 yanvarından 16 fevralına qədər Sovet İK(b)P MK-da inspektor vəzifəsində işləyir; 30 fevral 1950-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin olunur. O, 1950-1954-cü illər üçüncü çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Keçən əsrin 50-ci illərindən başlayaraq, rəhbər vəzifələrdə azərbaycanlaşdırma siyasəti daha əhatəli həyata keçirilməyə başlanıldı. Məhz bu dövrdə həm Bağır Seyidzadə Kinomatoqrafiya naziri kimi, Azərbaycanın tanınmış alimlərindən biri, geologiyanıin inosemerlər sahəsi üzrə ilk Azərbaycan alimi Musa Əliyev Elmlər Akademiyasının Prezidenti seçilməsi kimi (onu da qeyd etmək istəyirəm ki, M.C.Bağırova Musa müəllimin Elmlər Akademiyasının prezidenti olması təklifini, tanınmış cərrahımız, Akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımov vermişdi, – A.M.), Vəli Axundovu Səhiyyə nazirinin müavini kimi və digərləri irəli çəkilirdilər.
İcraedici struklarla yanaşı, eyni zamanda qanunverici və nəzarətedici orqanların yüksək vəzifələrinə də gənc azərbaycanlılar irəli çəkilirdi. Amma siyasi rəhbərlikdə gəncləşmə və bir çox hallarda azərbaycanlaşma siyasəti çox ciddi qısqanclıqla qarşılanırdı. Yəni, faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı kommunist qiyafəsində gizlənmiş daşnak erməni siyasi elitasının total hücümu başlamışdı. Anonim məktublar daha çox Moskvaya ünvanlanırdı. Moskvada da bəzi qüvvələr bu anonimlərdən istifadə edib M.C. Bağırovu vurmağa çalışırdılar.
Məsələn, məktubların birində yenicə irəli çəkilən Vəli Axundovdan yazırdılar:
“Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov yoldaşa!
Biz bolşevik sayıqlığımızı itirmədiyimiz üçün bir məsələni bilən kimi Sizə yazmalı olduq.
Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə müsavatçı və xalq düşmənlərinin içərisindən çıxmış Vəli Axundov adlı birisi soxulmuşdur. Bu adamın əmisi oğlu Əkbər Axundovu Siz yaxşı tanıyırsınız.
1. Əkbər Axundov – kiçik yaşlarından Saray kəndində təşkil olunan Müsavat Partiyasının 1920-ci ilə kimi katibi olmuşdur. Sonradan Kommunist Partiyası sıralarına daxil olmuş, nəhayət, Narkomzem Vasilkinin, Həmid Sultanovun vasitəsilə Naxçıvan Ölkə Partiya Komitəsinin rəhbərliyinə soxulmuşdur. Bu xalq düşməninin nə kimi işlər gördüyü və ailəsinin ifşa olunduğu Sizə çoxdan məlumdur.
2. Əbülfəz Axundov – keçmişdə bu da Müsavat Partiyasının üzvü idi. Sonralar Bolşeviklər Partiyası sıralarına daxil olmuş, kolxoz quruluşuna ziyan verdiyindən deputat Nəriman Məmmədova sui-qəsd hazırlamaq üstündə, nəhayət, ifşa olunmuşdur.
3. Əsgər Axundov öz qardaşlarının işini davam etdirdiyindən 1941-ci ildə ifşa olunmuşdur.
4. Əli Axundov – kiçik qardaş olmaqla ardıcıllıq edirdi. Nəhayət, bu da 1941-ci ildə Qazaxıstana sürgün edilmişdir.
Qəhrəman Sadıxlı Axundovların böyük bacısı Sayad Axundovanı alaraq bunlarla qohum olmuşdur. Qəhrəman Sadıxlı 1920-ci ilədək Saray kəndində olan Müsavat Partiyasının sədri olmuşdur. Qaynı Axundov Əkbər isə bu partiyanın katibi idi. Sonralar Bolşevik Partiyası sıralarına soxulan Sadıxlı, nəhayət, 1937-ci ildə qaynı A.Əkbər ilə birlikdə kolxoza vurduğu ziyanlar üstündə ifşa olundu.
Vəli Axundov belə bir müsavatçı və xalq düşməni ailəsindən çıxmışdır. İndi isə öz siyasi sayıqlığını itirən səhiyyə naziri Kübra Fərəcovanın qadınlığından istifadə edərək, birinci müavin olmuşdur. Deyildiyinə görə, Fərəcova onun yaxşı “natiq” olduğuna aldanıb özünə müavin götürmüşdür…”
Məktubdakı, faktlar təsdiqlənsə də, Bağırov Mərkəzi Komitənin katibi Qəzənfər Məmmədov vasitəsi ilə Vəli Axundova başa salır ki, bu “donosçuların” ucbatından Moskvadan gələ biləcək mənfi reaksiyanı neytrallaşdırmaq üçün onun ünvanına izahedici bir məktub yazsın.
1949-cu il 24 noyabr Bakı şəhəri Voroşilov rayon Partiya Komitəsi və Səhiyyə Nazirliyinin ilk partiya təşkilatı “müsavatçı qohumları haqqında məlumatları partiyadan gizlətdiyi üçün” Vəli Axundova şəxsi uçot vərəqəsinə yazılmaqla töhmət elan olundu.
Yaxud, Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Mirəsədulla Mirqasımov idi. Mirəsədulla Mirqasımovdan kütləvi şəkildə məktublar Moskvaya yazılırdı ki, necə olur ki, siyasi əhəmiyyətli strateji bir müəssisə kommunist partiyasının mənsubu olmayan bir şəxsə etibar edilir. Sovet cəmiyyətinə zidd olan bəy nəslinin nümayəndəsi Elmlər Akademiysıanın prezidenti seçilir və Mir Cəfər Bağırovu isə ittiham atəşi tutmuşdular ki, necə Azərbaycan rəhbəri buna imkan yaradır? Vəziyyət o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan rəhbərliyində təmsil olunan seyidlərin siyahısı verilirdi. Məsələn: Mərkəzi Komitənin ikinci katibi Mirhəsən Seyidov, MK-nin katibi Mirteymur Yaqubov, Elmlər Akademiyasının prezidenti Mirəsədulla Mirqasımov, sonradan yeni təyin olunmuş kinematoqrafiya naziri Bağır Seyidzadənin seyidliyə bağlılığı bu qüvvələri lap hövsələdən çıxartdı. Moskvaya yazırdılar ki, Mir Cəfər Bağırov sovet cəmiyyətinə, sovet əxlaqına, bolşevik ideyalarına zidd bir seyidlər hakimiyyəti qurmuşdur. Hətta Mir Cəfər Bağırovu o ittiham altında da buraxırdılar ki, güya Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində seyid qruplaşması formalaşmışdır…
Belə bir məqamda Heydər Hüseynovun türk və İslam millətçiliyi mövqeyindən kitab yazması və onun Stalin mükafatına layiq görülməsi çox qəribə idi. Amma hadisələrin əsl mahiyyəti heç də göründüyü kimi deyildi. Artıq Cənubi Azərbaycanda siyasi hərəkat zamanı M.C.Bağırovun mövqeyi Kremldə əyləşənlərə yaxşı bəlli idi. Onun Stalinə göndərdiyi Böyük Azərbaycan layihəsi ilə bağlı məktublarını yuxarıda diqqətinizə vermişik. Ona görə də M.C.Bağırov hər dəfə Moskvaya səfəri zamanı söhbətlərində, eləcə də “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabında Cənubi Azərbaycanı məsələsini qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi Cənubi Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Sözsüz ki, erməni-daşnak siyasi klanı buna laqeyd qala bilməzdi. Onlar hər vasitə ilə Bağırovu Stalinin gözündən salmaq üçün müxtəlif kartlardan istifadə etməyə çalışırdılar. Bu baxımdan, Heydər Hüseynovun birdən-birə “müridizmi təbliğ edən” əsərinin ölkənin Ali dövlət mükafatına layiq görülməsini M.C.Bağırovun ayağına yazmaq istəyirdilər ,bu onun əleyhinə hazırlanmış planın görünməyən tərəfi idi.
Heydər Hüseynov M.C.Bağırovun ən etibar etdiyi şəxslərdən biri olmuşdur. M.C.Bağırov həmişə Heydər Hüseynov yaradıcılığına hörmətlə yanaşmışdır. 1948-ci ildə M.C.Bağırovun təqdimatına əsasən, H.Hüseynov, Y.Mirbabayev, A.Orucov “Rus-Azərbaycan lüğəti”nin tərtibatına görə Stalin mükafatına layiq görülmüşdülər. O, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müstəqil Elmlər Akademiyası kimi formalaşdırılmasına dair Moskva ilə danışıqların aparılmasını da H.Hüseynova tapşırmışdı.