“Səhhətim o qədər də yaxşı deyil. Hazırda bağdayam və mənə qızım baxır. Qızım bağdadır, şəhərə gəlib-getmək onun üçün çətin olduğuna görə məni də yanına apardı. Həkim nəzarətindəyəm, bir sürü dərmanım var. Onları vaxtlı-vaxtında qəbul etmək lazımdır. Hər birinin öz saatı var. Dərman içməsəm ölərəm. Təzyiqim 210-dur. Aşağısı 120-dir. Ötən il infarkt keçirmişəm. Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Solmaz Həmzəyeva ilə dostluq edirəm. Tez-tez əlaqə saxlayırlar, maraqlanırlar. Biz köhnənin dostlarıyıq. Şəhərdə olanda tez-tez görüşürdük. İndi qızımın bağındayam, mənə o baxır. Onun yükünü ağırlaşdırmamaq üçün onları bura dəvət etmirəm. O da xəstə adamdır, cavandır deyə dözür. Mən insult keçirdiyim üçün dözə bilmirəm. Gücüm yoxdur yeriməyə, ancaq evdə, həyətdə otururam”.
Bunu Xalq artisti, Prezident təqaüdçüsü, sevimli diktor Ofeliya Sənani Medianews.az-a açıqlamasında deyib.
O, daha sonra müasir televiziyada bəyəndiyi və bəyənmədiyi nüanslara toxunub.
“Televiziyada bəyəndiyim verilişlər var. Sözün düzü verilişlərin hər biri mənim üçün əzizdir. Seçmirəm heç birini. Bilirəm ki, hər verilişin üstündə nə qədər əzab-əziyyət çəkilir, redaktor, müxbir çalışır. Ekranda baxanda tamaşaçılar düşünür ki, bəxtəvərlər, bunlar da işləyirlər?! Orada onlarla adamın əziyyəti var. Bəyənmədiyim, arzulamadığım mövzular da var. Gənclər heç kəsə qulaq asmır. Televiziya rəhbərləri artıq beziblər, nə etsinlər? Kimi çağırsınlar?! Cavanlar indi özbaşınadır, ancaq “mod” dalınca qaçırlar. “Space TV”-də bir xanım aparıcı var. Gündüzlər veriliş aparır. Elə böyük-böyük danışır ki.. Əsəbləşirəm, deyirəm ki, yum da ağzını. Bil ki, hardasan?! Elə bil min ilin müəllimidir. Adını unutmuşam. Düzdür, hiss edirəm ki, savadı, dünyagörüşü var. Amma böyük-böyük danışmaq olmaz. Sənin qabağında oturan da müəllimdir, alimdir, illərin pensiyaçısı da sənə baxır. Onlara demək olmaz ki, mən səndən çox bilirəm. Gərək sədd qoyasan. Xalqı incitmək olmaz”, – deyə sənətkar bildirib.
Ofeliya Sənani ötən illəri də xatırlayıb.
“İndi uşaqlar üçün maraqlı ssenarilər yoxdur. “Cırtdan” verilişinin çəkilişləri o qədər marağa səbəb olurdu ki.. O qədər uşaqlar gəlirdilər ki.. Elə bil hasara dırmaşırdılar.. Bizə deyirlər ki, televiziyadan kaş tez getməzdiniz. Artıq yaşımız var idi. Gücümüz yox idi. Zapislər gec qurtarırdı.. Texnika da zəif idi. Bir də görürdün ki, kamera xarab oldu, saatlarla oturub onu gözləyirdik. Gecə saat 3-də zapisdən gələn vaxtlarımız da olub. Bizim nəsil diktorlar çox sevildi. Mən tamaşaçını sevirəm. Onların hamısı mənim anamdır, qardaşımdır, bacımdır, övladımdır. “Cırtdan” verilişinin çəkilişindəki uşaqları öz övladım bilirdim. Elə bilirdim ki, mənimkidirlər, oturub qulaq asırlar. Onlarla şirin-şirin söhbət edirdim. Ürəklə danışırdım, onlar da böyük sevgi ilə dinləyirdilər. Ona görə də onlar mənim verilişlərimdən aralanmırdılar. Harada olurdularsa tez özlərini çatdırırdılar ekran qarşısına”, – deyə sənətkar bildirib.
Əli ƏSGƏR