Bir neçə gün bundan öncə İsrail Livanın və İranın paytaxtına aviazərbələr endirib. Nəticədə HƏMAS lideri İsmayıl Haniyə Tehranda, “Hizbullah” hərəkatının yüksək rütbəli komandiri Fuad Şukr Beyrutda öldürülüb. Bu hadisələrdən sonra İranda qisas bayrağı qaldırılıb. Yaxın günlərdə İsrailə qarşı ciddi cavab tədbirlərinin görüləcəyi bildirilib. Hətta İranın İsrailə hərbi müdaxilə edəcəyi, genişmiqyaslı hücuma başlayacağı gündəmə gəlib. İran rəsmiləri də bu barədə ard-arda hədələyici bəyanatlarla çıxış ediblər.
Lakin İranın yeni prezidenti Məsud Pezeşkian ötən gün ölkənin ali rəhbəri Seyid Əli Xameneyi ilə görüşdə İsrailə qarşı cavab zərbəsini dayandırmağa çağırış edib. M.Pezeşkian SEPAH (İran İnqilab Keçikçiləri Korpusu) generallarının döyüşkən ritorikaları ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat etdiyini bildirib. Belə bir fonda Livanın “Hizbullah” hərəkatının İranın niyyətindən asılı olmayaraq, yaxın günlərdə İsraili vura biləcəyi barədə məlumat yayılıb.
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Pezeşkianın Xameneyiyə məsləhəti İranda hakimiyət daxilindəki ziddiyətin görüntüsüdür: “Zahirən və rəsmi Tehranın davranışından belə təəssürat yaranır ki, guya İran hakimiyyəti daxilində monolitlik var. əslində bu, yanlış təəssüratdır. İstər SEPAH-da, istər hakimiyət daxilində, istərsə də İran Silahlı Qüvvələri daxilində daim qarşıdurmalar olub. Bu gün də bu qarşıdurmalar qalmaqdadır. İranda hərbi qurum sayılan “Ərteş”lə SEPAH heç vaxt bir-birini qəbul etməyib. “Ərteş” heç vaxt SEPAH-ı ciddi hərbi qüvvə kimi tanımayıb. Bu baxımdan Məsud Pezeşkianın Seyid Əli Xameneyinə məsləhəti də hakimiyət daxili ziddiyətin görüntüsü ola bilər”.
Siyasi şərhçi qeyd edib ki, M.Pezeşkianın təmsil olunduğu islahatçılar qanadı daim inteqrasiyaya, Qərblə danışığa, iqtisadiyyatın inkişaf etdirilməsinə və sair bu kimi məsələlərə can atırlar: “Əslində Pezeşkianın Xameneyidən İsraill hücum etməməklə bağlı xahişinə dair rəsmi məlumatlar yoxdur. Əgər belə bir rəsmi məlumat varsa, bu, Məsud Pezeşkianın təmsil etdiyi islahatçı xəttin müharibəyə qarşı olduğununun göstəricisidir. Çünki islahatçılar daim inteqrasiyaya, Qərblə danışığa, iqtisadiyyatın inkişaf etdirilməsinə və s. bu tip məsələlərə can atırlar. Düzdür, iqtisadiyyatı inkişaf etdirmək mühafizəkarların da hədəfi olub, amma onlar Qərblə dialoqa islahatçılar qədər yaxın və hazır olduqlarını heç vaxt bəyan etməyiblər. Eyni zamanda bu istiqamətdə addım da atmayıblar. Məsələn, islahatçıların Qərblə danışıqlarının real nəticəsi olub. 2015-ci ildə Əhatəli Razılaşma Planı müqaviləsinin imzalanması islahatçı sayılan Prezident Həsən Ruhaninin və o dövrdəki xarici işlər naziri, indiki prezident Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Tağı Zərifin diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir”.
S.Soltan vurğulayıb ki, son baş verənləri İranın geriyə doğru addım atması kimi deyil, daha çox rəsmi Tehranın proqramatik addımı olaraq qiymətləndirmək mümkündür: “Əgər Pezeşkianın təklifini Xameneyi qəbul edərsə, bu, həm də indiki prezidentin reytinqinin, çəkisinin artmasına xidmət edə bilər. Amma Təl-Əvivin Tehran və Beyrutu bombalamasının nəticəsi olaraq, İranın İsrailə cavab zərbəsi ednirməsi məsələsi o qədər də real görünmür. Əgər İran öz ərazisindən İsrailə hücüm edərsə və bu, doğrudan da təsbit olunarsa, o zaman İsrailin İranı vurmaq üçün əsası olar. Məsələn, aprel ayında baş vermiş hadisənin nəticəsi və davamı kimi İsrail İranı deyil, Tehranın Livan, Suriya, Yəməndəki “proksi” qüvvələrini, onların mövqelərini vurdu. Bu baxımdan, Beyruta hücum da məntiqli alınmaz. Çünki söhbət Livana hücumdan deyil, “Hizbullah”ın hərbi obyektlərinin dağıdılmasından gedə bilər. Yəni, İsrail Livana hücum etmir, “Hizbullah”ın hərbi obyektlərini dağıdır. İsrailin açıqladığı məsələ budur”.
Siyasi şərhçinin sözlərinə görə, əgər İsrail Beyrutu vurarsa, bu, artıq Livana açıq müharibə elanı sayılacaq: “Belə olan halda İsrail hakimiyyəti öz mütəfiqlərini də çıxılmaz vəziyyətdə qoyar. Belə bir mənzərədə İranın ali rəhbəri vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün Pezeşkianın təklifini qəbul edə bilər. Bu, daha çox İranın xeyrinə olar. Aprel ayında baş vermiş hadisəyə görə İsrail İrana cavab zərbəsi endirmədiyindən Təl-Əvivin üstünlüyü var idi. Bu dəfə isə İsmayıl Haniyə ilə bağlı İran cavab verməzsə hesab 1-1 olar. Digər tərəfdən, İsmayıl Haniyənin doğrudan da İsrail tərəfindən atılan raket nəticəsində ölməsinə dair əsas yoxdur. Bu da İranın İsrailə qarşı hər hansı əməliyyat həyata keçirməsinə əsas olmadığını göstərir”.
Nailə QASIMOVA