Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti bu yaxınlarda Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib. Tədbirdə Azərbaycan-Mərkəzi Asiya-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.
Bildirilib ki, üç ölkə arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsi razılaşdırılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıq təsdiqlənib.
Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkəti seçilib və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub. Səfər çərçivəsində Astanada Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.
Azərbaycan-Mərkəzi Asiya-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması, enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə imzalanan üçtərəfli protokolun iqtisadi, siyasi əhəmiyyəti nədən ibarətdir? Bu layihələrin həyata keçirilməsi Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana hansı dividentlər gətirəcək?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Medianews.az-a danışıb. O bildirib ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Xəzər dənizi və Avropa “yaşıl enerji” dəhlizinə dair dördtərəfli memorandum imzalanıb.
İqtisadçı-ekspert vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin də bu razılaşmaya qoşulacağı, “yaşıl enerji” dəhlizinin tərəfdarına çevriləcəyi ilə bağlı hələ o dövrdə proqnozlar verib: “Bu gün sözügedən proqnozun öz təsdiqini tapmasının şahidi oluruq. Çünki Xəzər dənizi külək və günəş enerjisi ilə zəngindir. Mərkəzi Asiyanın əhatə etdiyi ərazinin Azərbaycandan on dəfələrlə böyük olduğunu nəzərə alsaq, buranın nə qədər böyük potensiala malik olduğunu görə bilərik. Belə bir potensialın kənarda qalması gözlənilən deyildi. Ötən ildən Mərkəzi Asiya respublikaları tərəfindən Azərbaycana rəsmi müraciətlər edilmişdi. Ölkəmiz də buna müsbət cavab verib, artıq gördüyümüz razılıq əldə edilib”.
Ekspert hesab edir ki, tərəflər arasında imzalanan müqavilə hər bir tərəfə, xüsusilə Azərbaycana müsbət töhfələr verəcək: “Layihədə davamlılıq, tərəfdaşların daha çox olması Azərbaycan üçün faydalıdır. Çünki, bu amil Azərbaycanı eyni zamanda tranzit ölkəyə çevirir. Bundan da ölkəmiz öz dividentlərini götürəcək. Yəni, öz enerjisini satmaqla yanaşı, digər ölkələrin enerjisini üçüncü tərəfə satmaq prosesində tranzit ölkə kimi iqtisadi divident qazanacaq. Digər tərəfdən bu müqavilə tərəfdaş ölkələr arasında investisiya mühitini təşviq edəcək, başqa sahələrə də dolayı yolla multipikativ təsir göstərəcək, iqtisadi sferalar üçün zəmin yaradacaq. İstənilən siyasi birliyin arxasında iqtisadi birlik dayanmalıdır. Bu gün Avropa İttifaqı (Aİ) daxilindəki ölkələr arasında iqtisadi müqavilədən qaynaqlanaraq nəhəng ittifaq kontekstini yaradıb. Alternativ enerji strategiyasına uyğun olaraq Mərkəzi Asiya və Azərbaycan arasında olan bu razılıq gələcəkdə böyük bir siyasi birliyin formalaşması üçün də zəmin yaradacaq”.
Ayşən RƏHİM