Avropada qazın qiyməti 2024-cü ildə ilk dəfə olaraq bir kubmetr üçün 435 dolları ötüb. “Ice Futures” birjasının ticarət məlumatlarına əsasən, Niderland TTF indeksinə görə sentyabr ayı qaz fyuçerslərinin qiyməti bir kubmetr üçün 443,53 dollara yüksəlib. Analitiklərin fikrincə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı narahatlıq qazın qiymətinin artmasına səbəb olub.
Qazın bahalaşması davam edəcəkmi? Bu bahalaşma qaz ixrac edən Azərbaycana, onun iqtisadiyyatına necə təsir edir? Ümumiyyətlə, qazın qiyməti ilə bağlı gələcək proqnozlar nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, artıq iki gündür davam edən Kursk döyüşləri Avropada qazın qiymətinin 5,7 faiz artmasına səbəb olub.
Onun sözlərinə görə, “Sudja” stansiyasının fəaliyyətinin dayanması ilə Rusiya qazının Ukraynadan keçməklə Avropaya tranziti dayana bilər ki, bu da bahalaşmanı artıra bilər: “Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda qazın qiyməti London birjasında (Niderlandda təhvil verilməklə) 1000 kubmetr üçün 435 dolları ötüb. Bazar iştirakçıları ehtiyat edirlər ki, hərbi əməliyyatlar Rusiya qazının “Sudja” qazölçən stansiyası vasitəsilə nəqlinə neqativ təsir göstərə bilər. Hazırda Rusiya Slovakiya və Avstriyanın ehtiyacları üçün bu marşrutla Avropaya gündəlik 42 milyon kubmetr qaz tədarük edir. Qeyd edim ki, bu, Urenqoy-Pomarı-Ujqorod qaz kəməri üçün sərhəd yaxınlığında giriş nöqtəsidir. Onun dayanması ilə Rusiya qazının Ukraynadan keçməklə Avropaya tranziti dayana bilər”.
İqtisadçı-ekspert vurğulayıb ki, qazın qiymətinin Avropa bazarında artmasının Azərbaycanın gəlirlərinə birbaşa təsiri var: “Çünki Azərbaycan Respublikasının Energetika Nazirliyinin məlumatlarından çıxış etsək, 2024-cü ilin ilk yarısında qaz satışımızın 51 faizi məhz Avropa bazarlarında həyata krçirilib. Bundan sonra Avropa bazarlarında qaz qiymətlərinin artımı iki faktordan asılı olacaq: dünyadakı hərbi-siyasi gərginlikdən və Avropanın özünün iqtisadi durumundan. Bu məsələlər isə çox dəyişkəndir. Ona görə də enerji daşıyıcılarının qiymətlərinin vaxtaşırı enişi və artımının müşahidə olunması daha realdır”.
Ərtürk İSMAYIL