Ağ Partiyanın sədri Tural Abbaslı, həyat yoldaşı, partiyanın sədr müavini Nərmin Abbaslı, qayınatası, sabiq millət vəkili, müsavatçı İkram İsrafilin deputatlığa namizəd olması son günlər sosial mediada geniş müzakirələrə yol açıb. Bunu demokratiyanın göstəricisi, vətəndaşın seçib-seçilmək hüququndan istifadəsi, normal proses kimi qəbul edənlər də var, bir ailənin üç üzvünün namizədliyini irəli sürməsini “Ağ Partiya sədri ağ edib” deyə tənqidi fikirlər səsləndirənlər də. Ünvanına səslənən tənqidi fikirlərə, həmçinin gündəmdə olan digər məsələlərə münasibət öyrənmək üçün siyasətçi ilə partiyanın qərargahında görüşüb Medianews.az üçün müsahibə aldıq.
– Tural bəy, başlayaq elə bu günlərdə müzakirə obyektinə çevrilməyinizə səbəb olan məsələdən. Bir ailənin üç üzvünün deputatlığa namizəd olmasını tənqid edənlərə münasibətiniz necədir? Səslənən iradları necə qəbul edirsiniz?
– Bu məsələyə iradların səsləndirilməsinin özü Azərbaycanda siyasi situasiyadan xəbərsizliyi göstərir, ya da siyasi informasiyanın zəifliyindən xəbər verir. Çünki irad, qınamaq o zaman ola bilər ki, dövlət əmlakı, büdcəsi, yaxud da vəzifə kimi hər hansı imtiyazdan söhbət getsin. Bu gün müxalifət partiyasının namizədi olmaq problemdir, yükdür, dərddir, riskdir. İnsanlar elə bilir ki, namizədlik verən kimi sən nə isə olursan. Hazırda partiya namizədi olmaq adi namizədlikdən həm sənəd, həm də digər məsələlər baxımından çətindir. Buradan çağırış edirəm: istənilən adam namizəd ola bilər. Problemi olan bizə müraciət etsin biz dəstək verək, amma getsin imzalarını yığsın, işini riskə atsın, qohum-əqrəba ilə arasını vursun. Yəni, əslində bu gün irad bildirilməməlidir. Təşəkkür edilməlidir ki, iqtidar cəbhəsinin qarşısında bir cəbhə var. Bir ailənin beş fərdi döyüşür. Məsələn Qarabağda bir ailənin beş fərdi döyüşəndə ona kimsə deyir ki, niyə belədir? Bir də var, vəzifəni bölürsən, dövlət əmlakını mənimsəyirsən. Hə, bu başqa. Qayınatama gəldikdə isə o, 20 ildir siyasətlə məşğuldur. O, qayınatam olmamışdan qabaq da deputat idi. Üstəlik, başqa partiyanın üzvüdür. Gedin, o partiyaya sual verin ki, niyə namizədliyini verir. Mən zəng edib İsa Qəmbərə tapşırmamışam ki, İkram İsrafili namizəd et, ya da etmə. Necə ki, onlar bizə demir. Deyilənlər sadəcə şişirtmədir. Bəs, nə olub? Heç nə, bir ailə nökərçiliyə iddialıdır. Bəziləri guya bizə qarşı istifadə etmək istəyir bundan. Sağ olsunlar reklam edirlər. (Gülür) Ziyanı yoxdur qoy, danışsınlar. İnsanlar məlumatlandıqca təşəkkür edəcəklər, nəinki diskusiya etmək.
– Ölkəmizin gənc, həm də daha çox üzdə olan siyasətçilərindən birisiniz. Həyatınızı siyasətə bağlamağınızda hansısa hadisənin, yaxud kiminsə rolu olubmu?
– Mən gözümü elə siyasətçi ailəsində açmışam. Anam 1989-cu ildən “Meydan hərəkatı”, mübarizələr və sairdə hər zaman aktiv olub. Proseslər bizim 11-12 yaşımıza qədər davam edib. Biz bu və ya digər formada uşaq kimi o məsələlərin içərisində olmuşuq. Evdə eşitdiyimiz, danışdığımız söhbətlər olub. Efirlərdən gördüklərimiz olub. Yəni bizim başqa bir şansımız da olmayıb. Təbii ki, Azərbaycanda nəyəsə təsir etmək, dəyişmək istəyirsənsə, bunun yeganə yolu siyasi fəaliyyətdir. Siyasət ölkədəki fəaliyyətin kökündən həll olunması üçün yeganə fəaliyyət nğvüdür. Yoxsa ki, ay Kennediyə baxdım heyran oldum, ay Mandellanın mübarizəsi məni cuşa gətirdi və s. Belə şeylər yoxdur.
– Azərbaycan daxilində indiyə qədər tərəfdaş baxımından hakimiyyətdən sonra daha çox AXCP-nin adı çəkilirdi. Ağ Partiyanın yaradılmasından sonra belə bir təəsürat yarandı ki, partiyanız Əli Kərimlinin elektratını böyük ölçüdə öz tərəfinə çəkə bilib. Tural Abbaslının aktiv siyasətə qoşulmasından sonra siyasi narazılar sizi dəstəkləməyə başladı. Bəs siz necə qiymətləndirirsiniz bu vəziyyəti?
– Siyasi fəaliyyətim 2000-ci ilin sentyabr iyunun 13-dən etibarən başlayıb. 18 yaşım tamam olan kimi partiyaya yazılmışam. Bu ilin sentyabrında artıq 25 il olacaq. Siyasətdən başqa heç bir işlə məşğul olmamışam, fəaliyyət göstərməmişəm. Magistr təhsili aldığım jurnalistika ixtisasında belə çalışmamışam. İki ay “Şərq” qəzetindəki təcrübə müddəti istisna olmaqla. Mən Azərbaycan siyasətinin dəngələrini, həssasiyyətini, proseslərin içindən öyrənən, analiz edən bir siyasətçiyəm. Bəlli bir müddət mən başqa bir partiyanın ən ali orqanında təmsil olunmuşam. İlk üçlükdə olan adamlardan biri olmuşam. Həmin partiyanın xeyli gündəmdə qalması mən və bu gün mənimlə birgə olan 3-4 dostumuzun çiynində olub. Sadəcə olaraq biz səhnə arxasında olmuşuq deyə insanlar bizi görməyib. Məsələn biz 2003-cü ildə əlimizdə dubinka, ağacla Azadlıq Meydanında olmuşuq. 2005-ci ildə “Narıncı inqilab”da Qələbə Meydanında olmuşuq. 2008, 2009, 2013-cü illərdə də həmçinin. Prezidentliyə namizəd şəxslərin vəkili, səlahiyyətli nümayəndəsi olmuşuq. Konsitutsiya dəyişikliyində təşəbbüs qrupu yaratmışıq. 4 dəfə namizəd olmuşuq. Bələdiyyə seçkilərində mübarizə aparmışıq. Adətən insanlar birinci və ikinci şəxsləri görür. Səhnə arxasını görmürlər. Necə ki, hansısa bir filmin baş qəhrəmanını tanıyırlar, amma rejissorunu, ssenaristini yox.
– Nə baş verdi ki, səhnə arxasından önə çıxmaq barədə qərar qəbul etdiniz?
– Sağ olsunlar, bizim köhnə partiyada 2014-cü ildə qurultay keçirildi. Və ondan sonra seçilən sədr özünü tənqid etdiyi hakimiyyət nümayəndələri kimi apardı. Başladı partiya daxilində bizə qarşı sıxışdırma siyasəti aparmağa. Hansı ki, o partiya bizim çiynimizdə idi. Biz 2 il dözdük. Dedik, bəlkə düzələrlər, bəlkə anlayarlar ki, hədəf biz deyilik Yeni Azərbaycan Partiyası ilə mübarizə aparmaq lazımdır. 2016-cı ildə “Papağımızı götürüb çıxdıq” və öz partiyamızı yaratdıq. Biz həmin partiyaya qarşı bəyanat verək, elektratını özümüzə cəlb edək və s. kimi şeylər etməmişik. Baxın, bizimlə o partiyadan gələn 11-12 nəfər idi. Çoxumuzun valideynləri orada qaldı ki, daha yaş o yaş deyil. Siyasi narazıların məni dəstəkləməsi məsələsinə gəlincə, biz insanların həssasiyyətini bilirik. İnsanlar həm narazıdırlar, həm də qorxurlar. Deyirlər ki, “elə bir yerdən yıxılım ki, heç yanım ağrımasın, kimsə sözümü desin, amma mən qabaqda olmayım”. Bundan əvvəlki partiya üzvlərindən qəhrəmanlıq gözləyiblər insanlar. Əgər sən müxalifət partiyasının üzvüsənsə, siyasi anlamda özünə bomba yerləşdirib partlada bilməlisən. Düşünürlər ki, sənin anan, atan, dostun, qohumun və s. işdən çıxarılacaq, amma sən kişi adamsan dözməlisən. Bu da real deyil. Cəmiyyətdə qəhrəmanlar çox olmur. Biz real siyasət yürütməyin tərəfdarıyıq. Ağ Partiyanı quranda ilk hədəfimiz o idi ki, üzvlərimizi represiyya qurbanı etməyəcəyik. Onları hədəfə gətirməyəcəyik, iqtidarın repressiya maşınlarının dişlərinə verməyəcəyik. Bizə kimsə gəlib desə ki, biz bu partiyanın üzvüyük deyə sıxışdırırlar, deyəcəm ki, sakitcə çıx get işini işlə. Qoy, ürəyin bizimlə olsun. Biz o insanların problemini deyəndə onları hədəfə gətirmirik. Burada onların dərdini deməklə yanaşı, həm də onları istiqamət yeri etmirik, təhlükə altına qoymuruq. Reallıq bunu tələb edir. Mən və bizim partiyanın rəhbərliyində olan şəxslərdən radikal heç kəs olmayıb. Mən və iki müavinim bir il beş ay həbslərdə olmuşuq. Hələ sutkalıqları demirəm (gülür). Magistraturadan da qovulmuşam, qohum-əqrəbalarım işdən qovulub, məni toya, yasa çağırmayıblar. Bunların nə faydası oldu? Heç nə..
– Radikal tərəfdaşlarla söhbət edəndə onlara nə tövsiyə edirsiniz?
– Hələ də radikal olan bəzi adamları görürəm. Deyirəm, məsələn filan yerdə icazəsiz aksiya olacaq. Deyirlər ki, mütləq gedəcəm, mübarizə aparacam. Soruşuram ki, bəs, övladınız necə, o da gələcəkmi? Deyir, yox o oxuyur. Bu o deməkdir ki, yəni məndən keçib, bu yazıq olmasın. Təbii ki, belə siyasət olmur. Din deyil ki, onun toxunulmazlığı olsun. Siyasət maraqların toqquşmasıdır, mümkünü etməkdir. Heç bir zaman rayon təşkilatlarımıza, üzvlərimizə deməmişik ki, gedin çarpışın, vuruşun. Biz çalışırıq məsələlər danışıqla, dialoqla həll olunsun. Çünki zamanında o yollardan keçmişik, fayda vermədiyini bilmişik. İnsanlara hazırkı həyat tərzlərinə mane olmadan, ən azından geriləmədən bizimlə fəaliyyət göstərə biləcəklərini təklif edirik. Loru dildə desək, çörəkmi, yoxsa partiyamı seçimi edilsə, gedin çörəyi seçin. Bir ata gedib evdə uşağına izah edə bilməz ki, bu gün heç nə ala bilməmişəm, çünki partiyadaşam. İndiyə qədər isə hər şey fərqli idi. Real siyasətçi olmaq lazımdır. Bu da qətiyyən qorxmaqla bağlı deyil. Villam yox, şirkətim yox, itəcərək heç bir şeyim yoxdur ki, qorxum. Ən ağır həbsdir. Onu da görmüşük. İnsanlar görür ki, biz onları Stalinqraddakı kimi ət əvəzi tankların altına vermirik. Əksinə deyirik ki, tank gəlirsə, yol vermək lazımdır.
– Ağ Partiyanın buna nail olması digər partiyaların sizə qarşı münasibətini qısqanclıq və başqa formada dəyişibmi?
– Bizi böyük kütlələr tanımasa da aidiyyatı sektorlar hər zaman tanıyıb. Ağ Partiya olmamışdan əvvəl də qısqanclıq, sıxışdırma var idi. Bəzən deyirik ki, iqtidar monopoliya alıb və s. Amma mən sizi əmin edirəm ki, müxalifətdə bundan da böyük monopoliyalar var. Bizim tərk etdiyimiz, bilmirəm ona partiya demək olar ya yox, çünki dərnək boyda qalıblar. Misal üçün hər hansı tədbir olanda onları da bizi də çağırırdılar. Onlar deyirmiş ki, Turalgil gəlirsə, biz gəlmirik, onların nə işi var orada. Belə cılız addımlar atırdılar. Və yaxud aidiyyəti olan media qurumlarına zəng edib deyirdilər ki, niyə Turaldan müsahibə alırsınız? Belə olsa, biz müsahibə verməyəcəyik sizə. Qərbin Azərbaycanda yedirdib özləri üçün saxladıqları bəzi media qurumları və partiyalar var idi ki, bizi görməzlikdən gəlirdilər. Keçən dəfə “Amerikanın səsi”nin jurnalisti gəlmişdi. Başqa bir partiyanın sədrindən müsahibə almaq üçün. Elə sədrin yanında dedim ki, siz Qərbyönlü mediasınız. O partiya bizdən daha zəifdir. Cəmiyyət tərəfindən də az tanınır. Niyə daha populyar partiyadan mövqe almırsınız? Çünki bizim partiya onların maraqlarına uyğun deyil. Biz mühafizəkarıq. Qərb bunu istəmir. Şükür Allaha ki, sosial şəbəkələrin varlığı bizi bu blokadadan çıxardı. Bu sahədə kiminsə çıxıb mən də varam, partiya yaradıram deməyi o qədər də asan deyil. İndiyə qədər neçə partiya və liderləri olub ki, sıxışdırılıb kənara atılıblar. Bu gün pafossuz şəkildə deyirəm ki, YAP-dan sonra ən güclü partiya bizik.
– Partiyanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və bundan sonrakı hədəfləriniz nədir?
– Bizim partiyadan parlamentə 40 namizəd var. Ümid edirəm ki, ən azı bir nəfər düşsün parlamentə. Çünki parlament partiyası olmaq müəyyən imtiyazlar yaradır. Büdcədən maliyyələşirsən, dairə seçki komissiyalarına nümayəndə verə bilirsən və s. Partiya olaraq strukturlaşma üçün bir az yüngüllük yaradır. Azərbaycan siyasətinin problemi odur ki, müxalifət hər zaman siyasi idarəçilikdən kənar saxlanılıb. Məsələn CHP-nin Türkiyə siyasətinə təsir imkanları ilə Azərbaycan müxalifət partiyalarının təsir imkanları eyni deyil. Bizdə təəssüf ki, 1990-cu ildə hər iki tərəfdə düşünülmüş şəkildə rəqabətdən daha çox düşmənçilik yaradıldı. Tənqiddən çox təhqir ritorikasına keçirildi. Və dalaşmaq, düşmənçilik oldu. Rəqib qalib gəlməyə çalışır, düşmənsə, məhv etməyə. Biz çalışırıq ki, partiyamız vasitəsilə bunu dəyişək. Hakimiyyət başa düşsün ki, biz onların düşməni deyilik, rəqibiyik. Biz onları məhv etməyə çalışmırıq. Müxalifət hakimiyyətdə daha az təmsil olunan qüvvədir. Daha çox təmsil olunan, böyük qüvvə isə iqtidardır. Çalışırıq ki, proseslərin içindən təsir edək. “YouTube” kanallarında, iclas otaqlarında belə müsahibələrdə debat aparmayaq hakimiyyətlə. Parlamentdə, qanun layihəsinin qəbul edilməsində səsvermə ilə mübarizə aparaq. Hədəfimiz budur. Birinci mərhələdə müxalifət kimi dövlət idarəçilik sisteminə daxil olmaq istəyirik. Kursumuz eyni olaraq qalacaq. İmtiyazlarımız, təsir imkanlarımız artacaq. İstəyirik ki, siyasi imkanlardan istifadə edib daha da böyüyək.
– Siz də razılaşarsınız ki, həm partiyanızın, həm də sizin tanınmanızda sosial şəbəkələr böyük bir platforma rolunu oynadı. “TikTok”da canlı açıb, izləyicilərin suallarını cavablandırırsınız, müəyyən debatlar edirsiniz və s. Sizcə, bu platforma olmasaydı Ağ Partiya indiki kimi tanınardımı?
– Çətin olardı. Belə bir fikir var: Allah insanları yaratdı, amma onlar arasında bərabərliyi isə tapançanı çıxarmaqla Colt yaratdı. Sosial media da bunun kimi, şansları bərabərləşdirdi. Dedi buyurun, hodri meydan. Bəziləri deyir “bunlar sosial medianın səbəbinə adam oldular, “TikTok”dan çıxıblar” filan. Deyirəm qardaş, sizdə də var, siz də istifadə edin. Burada biraz qabiliyyət, istedad, bacarıq məsələsi var. “TikTok”a lağ edənlər indi özləri istifadə edir, səviyyəsiz fəaliyyət göstərir, hoqqa verirlər. Heç kəs özündə günah görmür. Mən jurnalistika oxumuşam axı, dostlarla hər zaman zarafatla bir tezisi deyirik. Soruşurlar ki, milçəklə siyasətçinin ortaq cəhəti nədir? Cavab budur ki, hər ikisini qəzetlə əzmək olur. Ona görə də media ilə səliqəli davranmağın tərəfdarıyam. Heç bir halda qarşıdurmamız olmayıb. Hətta bizə qarşı bəzən qərəzli olublar. Təhqir dolu, bizi qınaq hədəfinə salan başlıqlar qoyublar. Amma biz çalışmışıq ki, onların xətrinə dəymədən bu məsələləri aradan qaldıraq.
Ayşən RƏHİM