Dövlət başçılarının xarici həmkarları haqqında söylədikləri fikirlər beynəlxalq müstəvidə həmişə böyük maraqla qarşılanıb. Müharibələr dövründə isə tərəflərin siyasi liderlərinin bir-biri haqqında dedikləri qıcıq yaratmaqla yanaşı, həm də ictimai rəyin formalaşmasında böyük rol oynayıb. İkinci Dünya müharibəsi dövründə də tərəflərin və müttəfiqlərin birinciləri maraqlı açıqlamalarla yadda qalıblar.
Maraqlı faktlardan biri odur ki, İosif Stalini özünə bir nömrəli düşmən sayan Adolf Hitler rəqibini dahi adlandırıb. 1944-cü ildə Vermaxt generalları fürerə sui-qəsd cəhdi edəndə Hitler Stalin haqqında aşağıdakıları söyləyib:
“Bütün bu hadisələrdən sonra mən Stalini dahi adlandırmağa məcburam. O, öz generallarının yarıdan çoxunu özü məhv edib. Mənim generallarım isə mənə qarşı sui-qəsd hazırlayıblar. Demək, mən onlara yeni vəzifələr və səlahiyyətlər verməkdə böyük yanlışlığa yol vermişəm. Mərhəmətli olmaqdansa Stalin kimi amansız olmaq lazımdır…”
Fürerin Stalin haqqında digər bir açıqlaması da maraqla qarşılanıb:
“Stalin çoxlarının düşündüyü kimi heç də ucqar bir əyalətdən çıxmış sadəlövh şəxs deyil. O, yoxsul və heç bir iqtisadi inkişafı olmayan SSRİ-nin rəhbərliyinə gələndə ölkəsi iflic vəziyyətdə idi. Stalin Amerika Birləşmiş Ştatlarından, İngiltərədən, o cümlədən Almaniyadan dəzgahlar, texniki qurğular almağa başladı. Sonra onlarda kiçik bir dəyişiklik etməklə özününküləşdirdi, istehsalı genişləndirdi və sənayeyə, kənd təsərrüfatına tətbiq etməyə başladı. Məhz bu hiyləgərliyinin sayəsində o, ölkədə dinamik iqtisadi inkişafa nail oldu…”
Qeyd edək ki, Hitler 1933-cü ildə hakimiyyətə gələndə 44, həmin dövrdə isə Stalinin 55 yaşı olub. Onlar 12 il ərzində eyni vaxtda öz ölkələrinə rəhbərlik ediblər. Bu dövrdə tərəflər açıq və qapalı müstəvidə bir-birlərinə rəqib mövqedə dayanıblar. Sovet-alman müharibəsinin ilk illərində Stalin heç vaxt Hitler haqqında geniş açıqlamalar verməyib.
İlk dəfə 1943-cü ildə Stalin xalqa müraciətində Hitler haqqında bu ifadələri səsləndirib:
“Özünü fürer adlandıran və psixoloji durumu ilə şübhələr yaradan Hitlerə sübut edəcəyik ki, faşizm prinsipləri ilə təcavüzkar siyasət yürüdən Almaniya məhvə məhkumdur. Bununla biz dünyada faşizm cərəyanının kökünü kəsəcəyik. Almaniya ilə müttəfiq olanlar da bunu dərk etməlidirlər və dünya bizim apardığımız haqq müharibəsindən böyük nəticələr çıxaracaq…”
Hitlerin intihar xəbərinə isə Stalinin reaksiyası çox da uzun-uzadı olmayıb, sovet lideri bu xəbəri cəmi bir cümlə ilə qarşılayıb:
“Yaramaz bizimlə çox oynadı…”
İkinci Dünya müharibəsində SSRİ-nin müttəfiqləri əks siyasi qütblərdən olsalar da həm Britaniyanın baş naziri Çörçill, həm də ABŞ prezidenti Ruzvelt Stalin haqqında yüksək fikirlər söyləyiblər.
Ruzveltin Stalinə münasibəti əvvəllər birmənalı olmasa da sonralar onun sovet lideri haqqında fikirləri dəyişib. Ağ Evdə əyləşən və Stalinin kriminal keçmişi haqqında məlumatı olan məmurlar sovet liderini öz aristokrat səviyyələrinə uyğunlaşdıra bilməyiblər. Hətta bir dəfə Ruzveltin müşaviri öz fikrini prezidentə açıq şəkildə bildirib:
- Stalinin keçmişi bizi o qənaətə gətirir ki, o banditdir. Banditlə isə centlmen kimi danışmaq mümkün deyil.
Amerika prezitenti müşavirinə təmkinlə cavab verib:
- O banditdirsə, biz onunla centlmen kimi danışacağıq və o banditliyini tərgidəcək. Stalinlə yalnız centlmen kimi danışmaq lazımdır.
1943-cü ildə Stalinlə Tehran konfransında görüşdükdən sonra isə Ruzvelt onun haqqında öz fikirlərini belə bölüşüb:
“Stalin dinamik fəaliyyət göstərməyi, təsir etməyi bacaran siyasətçidir. Onunla danışmaqdan, iş görməkdən yalnız və yalnız zövq almaq olar. O, alçaq tonla və çox sakit danışır. Bununla da özünə inandığını göstərir. Bir sözlə, insanda cox gözəl təəssürat yaradır…”
Çörcill isə Stalinə olan heyranlığını gizlədə bilməyib:
“Mən bu şəxs haqqında heyranlıqla deyə bilərəm ki, Stalin sülh şəraitində öz ölkəsini bütün gücü ilə idarə etməyi bacaran, müharibə şəraitində isə qalib sərkərdə kimi fərqlənən böyük şəxsiyyətdir və o, sözün əsl mənasında xalqın atası adına layiq dövlət başçısıdır…”
Kənan Kələntərli,
Medianews.az