Hələ iki ay bundan öncə Prezident Salome Zurabişvili Gürcüstandakı parlament seçkilərində vahid cəbhədən çıxış etmək və ölkədəki avropayönlü müxalifət partiyalarını birləşdirmək məqsədilə “Gürcüstan Xartiyası”adlı fəaliyyət planı təklif edib. Ötən gün keçirilən mətbuat konfransında bu məsələyə diqqət çəkən dövlət başçısı deyib ki, ambisiyalar müxalifət partiyalarına Gürcüstanın baş naziri postuna vahid namizədlə bağlı razılığa gəlməyə imkan verməyəcək.
Maraqlıdır, S.Zurabişvilinin bu proqnozları özünü doğruldacaqmı? Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində avropayönlü müxalifəti birləşdirmək mümkün olacaqmı? Müxalifəti birləşməyə qoymayan hansı ambisiyalardır? Qərb Gürcüstanda istəyinə nail olmaq üçün Ukraynadakı Maydan hadisələrini Tbilisidə gerçəkləşdirə bilərmi? Qarşıdakı seçkilərlə bağlı proqnozlarınız nədən ibarətdir?
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Medianews.az-a bildirib ki, seçki tarixi yaxınlaşdıqca Gürcüstan Prezidentinin narahatlığı daha da artır:
“Gürcüstan prezidenti Salome Zurabişvili oktyabr ayında baş tutacaq parlament seçkiləri ilə əlaqədar növbəti dəfə öz narahatlığını ifadə edərək müxalifətə və ümumiyyətlə Gürcüstan xalqına müraciət edib. O müxalifət partiyalarını şəxsi və qrup ambisiyalarından əl çəkib Gürcüstanın gələcəyi haqqında düşünməyə çağırıb. Onun narahat olmasına səbəb varmı? Və ya Payızda keçiriləcək seçkilər Gürcüstan üçün nələr vəd edir? Onun çağırışı lap həyəcan təbili effekti verir:
“Ölkənin taleyi bu gün həll olunur və indi təkcə prezident deyil, hər kəs şəxsi siyasi ambisiyalarından əl çəkməlidir”.
Məlum olduğu kimi may iyun aylarında başda Prezident olmaqla Gürcüstan müxalifəti hakim “Gürcü arzusu” fraksiyasına xarici agentlər haqqında qanunun qəbul edilməsinə mane ola bilmədi. Hələ o zaman siyasi dairələrdə Rusiyada qəbul olunmuş qanunun eynisi olan xarici agentlər haqqında qanunun qəbul edilməsi ilə müxalifətin seçkidə məğlubiyyətinin əsasının qoyulduğunu bildirirdilər. Deyəsən bu proqnoz özünü doğrultmağa başlayır. Müxalifətdə təmsil olunan qüvvələr bu qanunun tətbiq olunmasına başlanması ilə ciddi xarici dəstəkdən məhrum edildilər. Bununla da onlar lazım olan səviyyədə seçkiqabağı kompaniya aparmağa vəsait əldə edə bilmədilər. Hakim “Gürcü arzusu” koalisiyası isə əlində, olan mexanizmlərdən istifadə edərək seçkilərdə qalib gəlməyə daha şanslıdırlar. Belə şəraitdə ümid, müxalifətin birləşərək vahid komanda altında seçkilərə gedərək parlamentdə istədikləri çoxluğa nail olmalarıdır. Amma burada da problemlər var və onlardan ən başlıcası müxalifətin heç olmasa seçki zamanı birləşə bilməməsidir. Birləşməyə isə şəxsi və qrupdaxili ambisiyalar səbəb olur. Mövcud olan partiyaların hər biri baş nazirin onlardan olmasını istəyir. Seçki keçirilmədən, qaliblər müəyyən olunmadan artıq nazir postları bölüşdürülür. Təbii ki, bu vəziyyət Gürcüstanda ən böyük müxalifətçi olan Zurabişvilini razı sala bilməz. Çünki belə qarşıdurma şəraitində müxalifətin qalib gələ bilməsi haqlı olaraq prezidentə mümkün kimi görünmür. Məhz ona görə də Zurabişvili həyəcan təbili çalmağa başlayıb”.
Politoloq daha sonra bildirib ki, müxalifətin bir yerə birləşə bilməməsinin digər səbəbi də onların müxtəlif xarici mərkəzlərdən idarə olunmalarıdır:
“Onların birləşməsi üçün xaricdəki dəstəkçilərinin bu barədə qərar qəbul etmələridir. Zurabişvili müxalifətin bu gün güclü siyasi fiqur kimi baş nazir postuna vahid namizədlə razılaşa biləcəyinə inanmadığını vurğulayıb . Lakin onun fikrincə, bəzi müxalifət partiyalarının imzaladığı Xartiyada nəzərdə tutulan məhdud mandatlı texniki hökumətlə razılaşmaq realdır.
Xartiya iştirakçıları seçkilərdə qalib gəlsələr, əvvəllər partiyasız müvəqqəti hökumət yaratmaq, islahatlar aparmaq, Gürcüstanı Aİ ilə danışıqlara qaytarmaq və bir neçə aydan sonra mandatlarından imtina etmək barədə razılığa gəliblər. Bundan sonra ölkədə azad şəraitdə və demokratik şəraitdə növbədənkənar parlament seçkiləri keçirilməli olacaq.
Onun dediyinə görə:
“Baş nazirə gəlincə, bir daha deyirəm: inanmıram ki, bu partiyalar arasında siyasi xadim olacaq Baş Nazirlə razılaşmaq mümkün olsun , çünki hər birinin öz ambisiyaları və başqalarına öz baxışları var. Baxmayaraq ki, mən əminəm ki , Nizamnamənin vədlərini yerinə yetirmək üçün səlahiyyətləri məhdud olan parlament kimi, mandatı məhdud olacaq texniki hökumətlə razılaşmaq olar …
Hökumətin məhdud mandatı olacaq ki, Gürcüstanı öz yoluna qaytarsın, yəni tərəfdaşlarımızla münasibətləri bərpa edək, BVF ilə proqramı bərpa edək, Milli Bankın müstəqilliyini bərpa edək… Bu, onun rolu və funksiyası olacaq. bir illik müddətə… Bunu hamı başa düşməlidir…Əgər bunu etsək, bu, böyük bir iş olacaq”, – prezident bildirib.
Zurabişvili onu da vurğulayıb ki, o, müxalifətin gələcək texniki hökumətin tərkibini seçkilərdən əvvəl elan etməsini zəruri hesab edir – cəmiyyət hamını adı ilə tanımalıdır. Zurabişvilinin fikrincə, partiyalara siyasətçilərə inamı bərpa etmək üçün vaxt verəcək ki, bu da bu gün cəmiyyətdə çox aşağıdır”.
Prezident qeyd edib ki, o, Avropa İttifaqı və ABŞ ilə münasibətlərin bərpasını prioritet hesab edir. Onun sözlərinə görə, bu, Gürcüstana güclü müsbət dəstək verəcək və bundan sonra təhsil, səhiyyə və mədəniyyət daxil olmaqla, bütün sahələrdə düşünülmüş, ciddi və əsaslı islahatların vaxtı gələcək”.
Əlimusa İbrahimov sonda qeyd edib ki, əgər müxalifət birləşərək ən azından texniki hökumətin yaradılmasında razılaşa bilməsələr “Gürcü arzusu” yenə də mandatların çox hissəsini qazanaraq yenidən hökuməti formalaşdırmaq hüququ qazanacaq: “Bundan sonra onların yenidə növbəti seçkilərə qədər hakimiyyətdə qalmasına mane ola biləcək heç bir qüvvə yoxdur. Heç Ukraynanın alt-üst edən Maydan hərəkatının təkrarlanması barədə təhdidlər də…”
Turan Oruc
Medianews.az