Bir neçə ay əvvəl – oktyabrın 20-də Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə verildi.
Qeyd edək ki, H.Z. Tağıyev qəsəbəsindən başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan yeni 150 km uzunluğundan olan ödənişli avtomobil yolu 9 aydır sürücülərin istifadəsinə verilib.
Ödənişli avtomobil yolu ölkə nəqliyyat sistemi üçün nə qədər effektiv oldu? Azərbaycanın başqa hansı ərazilərinə də belə yolun çəkilməsinə ehtiyac var?
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Yükdaşımanı nəzərdə tutsaq, bu yolun daha qısa və komfortlu olması danılmaz faktdır. Amma bu yol ödənişi olduğu üçün də istifadəçilər azdır. Səhv etmirəmsə, bu yoldan istifadə 8-9 manat olmalıdır. Özüm də o yoldan bir neçə dəfə istifadə etdikdə yolun boş olduğunun şahidi olmuşam. Bu yoldan istifadə edənlərin sayı nisbətən azdır. İstifadə edənlərin çoxu böyük ehtimal şimal qapısından daxil olan yükdaşımalardır. Lakin yerli əhali bu yoldan istifadə edə bilmir. Ələlxüsus da, bu yol qısa olmasına baxmayaraq, sərnişindaşıma üçün nəzərdə tutulmuş mikroavtobuslar da ödənişli yoldan istifadə edə bilmir”.
Ekspert bildirib ki, Azərbaycanın bir sıra digər ərazilərinə də belə komfortlu yolların çəkilməsi ehtiyac var. Lakin belə yollar inşa edilərkən nəzərdə tutulmuş tarifin münasib olmasına diqqət etmək mütləqdir.
“Hazırda Şamaxı-Qəbələ-İsmayıllı aşırımı bildiyim qədər, təsirlər altında olur – yağışlar, sel və s. Bu yol bərbad vəziyyətdə olduğu üçün bir çox avtomobillər bu istiqamətdən yan keçir. Bir çox avtomobillər bu istiqamətdən yan keçir, yollarını Bakı-Ələt magistral yolundan salırlar və yaxud digər aşırım Şamaxı-Ağsu aşırımından istifadə edirlər. Bu həm vətəndaşların daha çox vaxtını alır, həmçinin Şamaxı-Ağsu hissəsi insan həyatı üçün daha təhlükəlidir. Düşünürəm ki, Qəbələ istiqamətində nəzərə alsaq, mövsümi olaraq nəqliyyat vasitələrinin axınının artımə kifayət qədər müşahidə olunur, məhz elə bu istiqamətdə təşkil etmək olar”.