Hazırda respublikamızın paytaxtı Bakıda, eləcə də ölkəmizin digər bölgələrində çoxsaylı insanlar var ki, onlar ev heyvanı saxlayırlar. Hətta bəzən heyvanlara övlad sevgisi bəsləyib onların qayğısına qalanların şahidi oluruq. Əlbəttə heyvansevərlik yaxşı xüsusiyyətdir. Ümumiyyətlə, canlını qorumaq, ehtiyacı olduqda onu bəsləmək insani keyfiyyətlərdən xəbər verir.
Görəsən, evdə heyvan saxlamağın faydası və ya əksinə zərəri vardırmı? Bu sualı aiddiyyəti mütəxəssislərin cavablandırması daha düzgün olar. Biz isə, məsələnin hüquqi tərəfinə münasibət bildirək. Məlumdur ki, hər məsələdə olduğu kimi heyvanların saxlanması qaydalarının da müəyyən edilməsi zərurətdən qaynaqlanır. Bu isə insanların sağlamlığının qorunmasından, əxlaqi qaydalara əməl etməkdən, eləcə də sanitaiya-gigiyena tələblərinə riayət olunmasından, habelə digər müəyyən hallardan qaynaqlanır.
Qeyd edək ki, ölkəmizdə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarla təsdiq edilmişdir.
Bu qaydalar təsdiq edilənə qədər isə ölkəmizdə “Azərbaycan SSR yaşayış məntəqələrində əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını qaydaya salmaq haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı qüvvədə olmuşdur. Təbii ki, yeni qaydaların təsdiq edilməsi ilə əvvəlki qaydalar qüvvədən düşmüş hesab edilmişdir.
Hazırda qüvvədə olan qaydalarda ev heyvanlarının saxlanması şərtləri, ev heyvanı saxlayan şəxslərin hüquqları və vəzifələri, məhdudiyyətlər, heyvanlarla qəddar rəftara görə məsuliyyət, heyvanların saxlanması qaydalarına nəzarət, heyvan saxlamaq hüququndan məhrum etmə, sahibsiz heyvanlarla mübarizə tədbirləri və digər müddəalar öz əksini tapmışdır.
Qeyd edək ki, insanların sözügedən qaydalara əməl etməsinə nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi), dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin həyata keçirirlər.
Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların Agentliyin regional bölməsində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.
İlk olaraq aidiyyəti şəxslərə izah etməkdə fayda vardır ki, ev heyvanlarının xarici ölkəyə aparılması Agentliyin regional bölməsinin baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.
Qaydalara görə ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.
Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız baytar həkimləri tərəfindən həyata keçirilir.
Bəs, heyvanların saxlanması şərtlərinə dair bilməli olduğumuz qaydalar hansılardır? Məsələn, tutaq ki, mənzildə neçə ev heyvanı saxlamağa icazə verilir? Hansı yerlərdə ev heyvanlarının saxlanılmasına icazə vardır?
Qaydalara əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.
Baytarlıq və dövlət sanitariya nəzarəti orqanların rəsmi razılığı əsasında “canlı təbiət” guşələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.
Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır. Bu qaydalar isə aydındır ki, insanların təhlükəsizliyini təmin etməklə əlaqədardır.
İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar. Bunun isə insanları xəbərdar etmək zərurətindən qaynaqlandığını deyə bilərik.
Heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı hansı hüquqlara malikdir? Bu hüquqlar aşağıdakılardır:
– insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək;
– itləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq;
– ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq (itləri təbii ki, cilovda olmaq şərti ilə);
– yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək;
– sağlamlığını və mənşəyini təsdiq edən pasportu, baytarlıq şəhadətnaməsi, eləcə də müəssisənin müdiriyyətinin razılığı olduqda, ev heyvalarını mehmanxanada saxlamaq.
Qaydalarda riayət edilməli olan məhdudiyyətlərdən də bəhs olunur. Belə ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır.
Ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.
Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz.
Ev heyvanlarının saxlanması ilə bağlı qadağanlara gəlincə, bunlar aşağıdakılardır:
– insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlanması;
– ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması;
– ev heyvanlarının ictimai iaşə müəssisələrində, qida məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanması və gəzdirilməsi;
– baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması;
– şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması;
– Agentliklə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi;
– sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsi;
– ev heyvanlarının insanların üzərinə saldırılması;
– yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi;
– qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədi ilə və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılması.
Baytar həkiminin rəyinə əsasən qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, habelə axtalama məqsədi ilə sözgedən Qaydaların 4.4.10-cu yarımbəndində nəzərdə tutulan cərrahi əməliyyatlar aparıla bilər. Əməliyyat zamanı heyvan şiddətli ağrılar keçirməli olacaqsa, bu əməliyyatlar yalnız baytar həkimi tərəfindən (onun nəzarəti altında) anesteziya edilməklə həyata keçirilir. Tələb olunan əməliyyatlar müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs tərəfindən edilə bilər.
Ev heyvanlarının ticarəti, damazlığı, kommersiya, yaxud digər məqsədlə sığınacaqlarda (heyvan mehmanxanasında) saxlanması üzrə məşğul olan hər bir hüquqi və fiziki şəxs bu fəaliyyətini səlahiyyətli icra hakimiyyəti orqanları ilə (Agentlik, yerli icra hakimiyyəti, dövlət sanitariya nəzarəti orqanları) müvafiq qaydada razılaşdırmalıdır.
Ev heyvanı saxlayan şəxslərin vəzifələri
Ev heyvanı saxlayan şəxslərin vəzifələri də vardır. Belə ki, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:
– heyvana lazımi səviyyədə yem və su verməli;
– heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;
– Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli;
– baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli;
– lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli;
– heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli;
– ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli;
– ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı.
Ev heyvanlarının sahibləri həmin heyvanlarla bir yerdən başqa bir yaşayış yerinə köçərkən, həmin yaşayış məntəqəsinin baytarlıq xidmətinə 5 gün müddətində məlumat verməlidir.
Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.
Heyvanlarla qəddar rəftara görə məsuliyyət
Qaydalarda heyvanlarla qəddar rəftara görə məsuliyyət məsələsindən də bəhs olunur. Belə ki, qaydalara əsasən heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Qaydalarda sahibsiz ev heyvanları ilə bağlı münasibətlər necə nizama salınır?
Küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, ixtisaslı mütəxəssislərin nəzarəti altında xüsusi vasitələrlə sahibsiz ev heyvanlarının ovlanması təşkil olunur.
Sahibsiz heyvanları qəbul edən təşkilat 5 gün müddətində cins heyvanın kimə məxsus olması təsdiq edildikdə (baytarlıq şəhadətnaməsi və s.), heyvanın sağlamlığına dair baytar həkiminin verdiyi müsbət rəydən sonra onu sahibinə qaytarmalıdır.
Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.
Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir şəxs həmin heyvanın sağlamlığına görə məsuliyyət daşıyır.
Heyvanı damazlıq üçün götürən hər bir şəxs onun nəslinin sağlamlığına zərər vura biləcək anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması baxımından məsuliyyət daşıyır.
Ev heyvanlarının sahibləri, müəssisə və təşkilatın vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsini olduğu kimi təqdim edirik:
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Qeyd edək ki, şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, dövlət sanitariya nəzarəti orqanları və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
– yerli icra hakimiyyəti orqanları yaşayış sahələrində şəxslərin öhdəsində olan heyvanların (it, pişik və s.) baytarlıq uçotunda olmasını nəzarətdə saxlayır;
– daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün Agentliyin regional bölməsinə məlumat verir;
– baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanlarda (it, pişik və s.) təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında müvafiq tədbirlərin görülməsini təmin edir;
– dövlət sanitariya nəzarəti orqanları nəzarət etdikləri ərazi üzrə ev heyvanlarının saxlanması zamanı sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Hansı halda şəxs heyvan saxlamaq hüququndan məhrum edilə bilər?
Qaydalara əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya nəzarəti orqanının və Agentliyin regional bölməsinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir.
Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərinə gəlincə, bu tədbirlər yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.
Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.
Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır.
Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.
Müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır.
Ev heyvanlarının əzab çəkməsinə son qoymaq məqsədi ilə onlar məhv edilə bilərlər.
Qaydalarda həmçinin o da nəzərdə tutulmuşdur ki, yerli icra hakimiyyəti orqanı, Agentlik ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar.
Maarifləndirmə proqramlarında aşağıdakılara diqqət yetirilməlidir:
– ev heyvanlarının kommersiya və ya yarış məqsədi ilə təliminin bu sahədə bilik və bacarığa malik olan şəxslər tərəfindən aparılmasına;
– ev heyvanlarının 18 yaşa çatmamış şəxslərə, onların valideynlərinin və ya valideyn öhdəliklərini icra edən şəxslərin razılığı olmadan hədiyyə kimi verilməsinə;
– ev heyvanlarının mükafat və ya bonus kimi hədiyyə verilməsinin yolverilməzliyinə;
– arzuolunmaz və sahibsiz heyvanların sayının artması riskinə gətirib çıxaran ev heyvanlarına məsuliyyətsiz sahibliyə.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının müəllimi
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi” mövzusunda hazırlanıb.