İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 5 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
Beləliklə, dekabrın 20-də Cənubi Azərbaycanda Şah rejimi bərqərar olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.
Cənubi Azərbaycanda milli hərakat süquta uğrasa da Bağır Seyidzadə Təbrizdə fəaliyyətini davam etdirirdi. O, M.C.Bağlrovun tövsiyyəsi ilə və milli xəttin nümayəndəsi kimi Təbrizdə Baş Konsulluğ bağlanana (1949-cu il) kimi diplomatik fəaliyyətini davam etdirir. Bax bu dövrlə də bağlı Bağır Seyidzadənin şəxsi qeydləri çox maraqlıdır: “Demokratik təşkilatlara, mütərəqqi fikirli şəxslərə qarşı kütləvi repressiyalar nümayişkaranə şəkildə təşviq edilməyə başlanılmışdı. İrandakı demokratik təşkilatlar – İran Xalq Partiyası, Həmkarlar İttifaqları Mərkəzi Şurası, Azərbaycan Demokrat Partiyasını gözdən salmaq üçün Tehran qəzetləri əllərindən gələni edirdilər. Azərbaycanda Azərbaycan Demokrat Partiyasının üzvlərinə və onlara rəğbət bəsləyənlərə qarşı vəhşi repressiyalar həyata keçirilirdi.
Elə ilk gündən Tehranda çıxan rəsmi qəzetlər Təbrizdə 600-dən çox azərbaycanlı demokratın öldürüldüyünü və minlərlə insanın həbsindən yazırdı. Hələ qoşunlar gəlməmişdən əvvəl Ərdəbil şəhərini tutan şahsevənlər 40-dan çox azərbaycanlı demokratı asmış, bir çoxlarını güllələmişdilər. 1947-ci il yanvarın 6-da “Etteliaat” Azərbaycan demokratlarına qoşulmuş İran ordusunun 23 zabitinin hərbi məhkəmə hökmü əsasında edam edilməsindən, ertəsi gün isə Azərbaycanın görkəmli simalarından biri olan Kəbirinin edam edilməsindən xəbər verirdi.
Həmin qəzet Səttarxanın və Bağırxanın abidələrinin vəhşicəsinə dağıdılmasını, Azərbaycan dilində olan kitab və qəzetlərin odda yandırılmasını məmnunluqla təsvir edirdi. Tehrana gətirilən Azərbaycanın keçmiş general-qubernatoru doktor Cavid, vilayət əncümənlərinin sədri Şəbüstəri, Qazi Məhəmməd, Seyf Qazi və bir neçə digər liderlər həbs edildi. Tehran qəzetləri Azərbaycan məsələsində Qəvamın xidmətlərini hər cür şişirdir və “İranı xilas etdiklərini” sübut etməyə çalışırdılar”.
Maraqlıdır ki, İran Jurnalistlər Cəmiyyəti dekabrın 24-də Azərbaycanın işğalı ilə bağlı ziyafət təşkil edir və bu ziyafətdə hərbi nazir general Əhmədi, Baş Qərargah rəisi general Rəzmara və digər nazirlər iştirak edirlər. Qəbulda baş qərargah rəisi general Rəzmara çıxış edərək bildirir ki, (ARDA.F1.siy.4,s.v.81,vər.1-31) “Azərbaycan demokratları bütün İranı ələ keçirmək istəyirlərdi və bunun üçün çoxlu sayda silah-sursat yığmışdılar, 100 mindən çox insana hərbi işlərdə təlim keçiblər. Onlar öz adamlarını hətta xaricə hərbi təlim üçün göndərirdilər. Bu vəziyyət 2 ildə davam etsə idi, bütün İranı ələ keçirə biləcəkdilər”.
“Ettelaat”ın məlumatına görə, qoşunlar dekabrın 27-dək Azərbaycanın hər yerindən 6 milyon patron, 20 min tüfəng, çoxlu ağır və yüngül pulemyot və 200 yük maşını toplayıblar.
Bağır Seyidzadənin şəxsi qeydləri: “Azərbaycanda Pişəvəri hərakatının süqutundakı “xidmətlərinə” və “parlaq qələbə” ilə əlaqədar olaraq şah Qəvama və baş qərargah rəisi general Rəzmərə (və onun şəxsində orduya) yazılı şəkildə xüsusi təşəkkürünü bildirdi.
Azərbaycan demokratlarına qarşı mübarizə aparan mürtəce dəstələrin başçıları – Zülfağari, Yamini və Əslahedərbami, o cümlədən 20 zabit orden və medallarla təltif edildi, rütbələri yüksəldildi. Baş Qərargah şahsevənlərə (tayfa) xüsusi minnətdarlığını bildirdi.
Dekabrın 22-də Tehranda “milli qəhrəmanlar” rütbəsinə yüksəldilmiş Zülfəqari dəstələri tərəfindən açılan qoşunların paradı oldu. İran ordusunun baş komandanı, İran şahı Məhəmməd Rza Pəhləvi hərbi yolla Azərbaycanda Pişəvəri hökümətinin ləğv etməsinə görə Zülfəqari ordeni ilə təltif edilir. Şah Baş Qərargah rəisi general Razmara İran Jandarma İdarəsinin rəisinin müşaviri amerikalı general Şvartskopfa xüsusi təşəkkür məktubu ünvanlayır və orada şəxsən Şvartskopf, eləcə də zabit və bütün şəxsi heyətə Azərbaycanbaycanda ordu ilə birgə əməliyyatlarda iştirak etdiyinə görə minnətdarlığını bildirir”.
Yeri gəlmişkən, bu o demək idi ki, İran jandarmiyası təkcə formal deyil, həm də faktiki olaraq amerikalıların tam nəzarəti və rəhbərliyi altında idi.
Azərbaycan demokratlarına qarşı yeni yalanlar dalğası təşkil etmək məqsədilə 1946-cı il dekabrın 21-də “Etteliaat”da (ARDA.F.28,siy.4,s.v.81,vər.1-31) dərc olunmuş yazıda deyilirdi ki, “Heç bir din və ideya ilə bağlı olmayan bir qrup şəxs bir il ərzində İranın ən yaxşı vilayətlərini qarət edib, onları soyqırımına qərq etdilər. Şəhərlər məktəblərdən, xəstəxanalardan, həkimlərdən və dərmanlardan tamamilə məhrum idi (Bu lap ağ yalan idi. A.M.)”.
Digər Mehre İran qəzeti (ARDA. F.28, siy.4, s.v.81, vər.1-31) 30 Dekabr 1946-cı il sayında bildirirdi. Azərbaycan hadisələri nəticəsində Azərbaycanın itkiləri 200 milyon tumən, hökumətin itkiləri isə 100 milyon tumandən artıqdır. Azərbaycan demokratik hərəkatına çamur ataraq, qəzet onu da təxribatla qeyd edirdi ki, guya Pişəvəri Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankından və əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürüb”.
Bununla bağlı Bağır Seyidzadənin şəxsi qeydləri: ADP rəhbərlərini gözdən salmaq və sadə insanlar arasında onların mənfi obrazını yaratmaq üçün İran mətbatı guya Pişəvərinin Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankındakı əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürməsi bağlı tam yalan yazılar dərc edirdi. (Yəqin elə Təbrizə girən Şah qüvvələri bu pulları mənimsəyərək, ölkəni tərk edən demokratların ayağlarına yazırdılar-A.M.)”.
1947-ci ilin yanvarından başlayaraq Təbrizdə mürtəce İran Demokratik Partiyasının təşkilatları yaradılır və bir neçə mərkəzi hakimiyyətə bağlı başqa partiyalar fəaliyyətə başlayır. Bu partiya nümayəndələri olan gənclər Təbriz universitetinin qarşısında toplaşaraq qışqırırdılar ki: “Biz Pişəvərinin yaratdığı universiteti istəmirik. Azərbaycan Demokrat Partiyasının yaratdığı hər şey ləğv edilməlidir”.
İranın hakim dairələri bununla da Azərbaycan milli hərəkatını darmadağın etməyə və Cənubi Azərbaycanda mürtəce nizamı bərpa etməyə çalışırdılar. Lakin onlar Azərbaycan demokratlarına qarşı vəhşi repressiyaları ilə Azərbaycan xalqının yalnız nifrətini qazandılar. Şübhəsiz ki, bütün bunlar azərbaycanlıların irticaya qarşı gələcək mübarizəsində öz əksini tapacaqdı.
İranın hakim dairələri Azərbaycan hərəkatını dəstəkləyən, irticaya qarşı yorulmadan mübarizə aparan, onun xalqa qarşı planlarını ifşa edənləri həbslərə atsalar da, Azərbaycan Demokrat Partiyası və onun səyləri ilə yaradılan milli hökümət mövcud olduğu bir ildən artıq müddətdə İranın hakim fars rejiminə və onların xarici ağalarına qarşı çox ciddi fəaliyyət göstərdilər.
Öz fədakar mübarizəsi və həqiqi azadlıq ideallarına sədaqəti ilə onlar Azərbaycan dilli məktəblər, teatrlar, qəzetlər, dərgilər, radio və universitet açaraq xalqın dərin hörmət və rəğbətini qazandılar. Bütün bunlar heç bir halda İran mürtəcelərini şovinist assimilyasiya planlarına uyğun gəlmirdi.
Ardı var…