Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.
O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır. İndiyə qədər iki gümüş və iki bürünc medallar qazanmış idmançımız Bakı vaxtı ilə saat 13:00-da başlayacaq 50 kq güləşçilərin B xalçasında yarışacaq
Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq. Sənanın da görüşü eyni vaxtlarda başlayacaq və A xalçasında baş tutacaq.
Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlər saat 20:15-də B xalçasında start götürəcək.
Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.