“İşğaldan azad olmuş torpaqlarda aparılan quruculuq-abadlıq işləri bir Azərbaycan vətəndaşı, keçmiş məcburi köçkün kimi məni fərəhləndirir. Hər həftə, bəzən hər gün Şuşa, Laçın, Füzuli, Zəngilan rayonlarına insanların köçü ilə bağlı xəbərlər oxuyuruq. Qarabağa həyat yenidən qayıdır. Düşmənin xaraba qoyduğu şəhərlər, qəsəbələr, kəndlər yenidən dirçəlir. Azərbaycan xalqı hamılıqla böyük tarixi prosesə şahidlik edir”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist qeyd edib ki, bu ilin sonuna kimi anadan olduğu doğma Cəbrayıl rayonuna da məcburi köçkünlərin qayıdışı gerçəkləşəcək:
“Üç il öncə doğulduğum Soltanlı kəndində oldum. Ata yurdumu görəndə çox kövrəlmişdim. Böyüdüyüm o ev tamamilə dağıdılıb. Amma indi çox sevincliyik. O acıları unutmaq çətin olsa da, bu cür xəbərlər bizi çox sevindirir. Təkcə Cəbrayıl şəhərinə 712 ailənin, yəni 2158 keçmiş məcburi köçkünün qayıtması nəzərdə tutulur. Bu ilin sonuna kimi həm də Cəbrayılın Horovlu kəndində 300-dən artıq ailənin məskunlaşması planlaşdırılır. Bu proses növbəti illərdə də davam edəcək. Yaxın 2-3 ildə rayonun Şükürbəyli, Soltanlı, Maşanlı, Xudafərin, Böyük Mərcanlı kəndlərinə əhalinin qayıtması gözlənilir. Bu qürurverici haldır, insanın köksünü qabardır. Cəbrayıllılar zəhmətkeş insanlardır. Biz daşdan çörək çıxarmağı bacarırıq. Hazırda Biləsuvar rayonunda 25 minə yaxın cəbrayıllı məskunlaşıb. On-on iki il əvvəl həmin ərazidə ilanlar mələyirdi, kölgələnməyə ağac, içməyə bir qurtum su yox idi. Zəhmətkeş cəbrayıllılar ilan mələyən o çöllərdə gözlərinin nuru, alınlarının təri ilə sözünün həqiqi mənasında cənnət yaratdılar. İndi Biləsuvardakı Cəbrayıl qəsəbələrinə gedəndə adamın ruhu dincəlir. Cəmi bir neçə il sonra Cəbrayılın şəhəri, rayonunun digər kəndləri də belə gözəl, gözoxşayan olacaq. Cəbrayıllılar ermənilərin xarabalığa çevirdiyi o torpaqları cənnətə çevirəcəklər. Orada həyat yenidən qaynayacaq”.
Seymur Verdizadə bildirib ki, o da ailəsi ilə birlikdə Cəbrayıla köçməyə, orada yaşamağa, doğma yurdu yenidən dirçəltməyə hazırdır: “Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmişəm. Cəbrayıla öz həmkəndlilərimdən daha əvvəl, hətta bu gün köçməyə hazıram. İnanıram ki, müraciətim araşdırıldıqdan sonra mənə müsbət cavab veriləcək. Biz Cəbrayılı yenidən quracağıq”.