Mediada yer alan məlumatlara görə, fransalı müstəqil jurnalist Teofil Simon (Theophile Simon) Azərbaycana səfər edib. Fransa vətəndaşı olan Simonun COP29 öncəsi Bakıya gəlməsi olduqca maraqla, bir o qədər də şübhəli qarşılanıb.
Belə ki, T.Simonun Fransanın müxtəlif media orqanları ilə əməkdaşlıq çərçivəsində ayrı-ayrı ölkələrə səfərlər etdiyi, orada diqqəti cəlb edən problemlər barədə məlumatlar toplayıb, sonra isə material hazırlayıb yaydığı haqqında məlumatlar var.
Onun Bakı səfərinin şübhəli məqamları diqqət çəkib və Simonun Azərbaycana gəlməsi yalnız peşəkar fəaliyyət kimi qiymətləndirilmir. İddia edilir ki, o, COP29 öncəsi Azərbaycanda bir sıra məsələləri daha çox neqativ plandan və qərəzli şəkildə təqdim edə bilər.
COP29 yaxınlaşdıqca bu cür həmlələr, təxribatlar artacaqmı?
Medianews.az-ın məlumatına görə, Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, COP29 sammiti ilə əlaqədar ölkəmizə dünyanın bir çox yerlərindən yüksək səviyyəli nümayəndələr gələcək:
Akif Nağı
“Azərbaycana dost olmayan, düşmən ölkələr əks təbliğat aparır, tədbiri gözdən salmağa çalışırlar. Müəyyən dövlətlərin rəhbərlərini sammitdə iştirak etməməyə çağırırlar. Antiazərbaycan təbliğat qrupları yaradıblar. Saxta məlumatlar toplayaraq ictimaiyyətə, ayrı-ayrı dövlət başçılarının diqqətinə çatdırırlar. Prosesdə Fransa öndə gedir. Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. Bu səbəbdən ölkəmizə fərqli adlar altında təxribatçı şəxslərin göndərilməsi istisna edilmir”.
Akif Nağının sözlərinə görə, həmin jurnalistlər seçki prosesində narazı şəxslərin fikirlərindən istifadə edərək Azərbaycana qarşı materiallar hazırlaya bilərlər:
“Bu məsələdə hər kəs maksimum ehtiyatlı olmalıdır. Məmurlar, dairə, məntəqə və MSK-da çalışan insanlar, dövlət adamları, partiya təmsilçiləri ümumilikdə bütün vətəndaşlarımız tədbirli davranmalı, ölkə və dövlət maraqları öndə tutmalıdır. Təxribatlara uymamalı, səsləndirdiyi fikirlərin mənasını dərk etməlidir. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir ki, rəsmi Bakı üçün əhəmiyyətli olan COP29 yüksək səviyyədə həyata keçirilsin. Bununla da Azərbaycan dünya qarşısında özünün böyük tədbirlərə ev sahibliyi etmək qabiliyyətini göstərəcək və gələn qonaqlar reallıqlarla yerindəcə tanış olacaqlar”.