Qarabağın tarixini araşdıranlar bilirlər ki, 1873-cü ilə qədər Şuşada bir dənə də olsun bulaq olmayıb. Xanlıq burda qurulanda içməli su da olmayıb. Əsasən qara su idi ki, bunu da içmək qeyri mümkün idi. İnsanlar öz içməli su tələbatlarını şəhərin hər iki tərəfindən axan çaylardan ödəyirdilər.
Şuşa şəhərinə ilk dəfə bulağı çəkdirib insanların ağır əziyyətdən qurtaran Xan qızı Natəvan olub. O, yerli ustalara 100 minə qədər qızıl pul ayırır ki, şəhərdə mütləq şəkildə bulaq olmalıdır. Qərar belə olur ki, saxsı borular daha etibarlıdır və sonradan “Xan qızı” adlanan bulaq çəkilir. Həmin bulağın suyu 30 kilometrdən də uzaqda yerləşən dağlardan çəkilib Şuşaya gətirilib. Bundan sonra şəhərdə bulaq çəkilməsinə varlı ailələr də maliyyə ayırırlar. Misal üçün, köklü nəsillərdən biri olan Mehmandarovlar da “Mehmandarov bulağı” çəkirlər öz məhəllələrinə.
Xan qızının təşəbbüsünə qoşulan bəylər, xan ailəsinin üzvləri şəhərə bulaq çəkmək üçün sanki bir-birləri ilə yarışa girirlər. Onlar öz məhəllələrinə su çəkmək üçün meşə və dağlarda qaynaq axtarmağa başlayırlar.
Xan qızı Şuşanın meşələrinə və dağlarına bələd olan İsa adlı ovçudan xahiş edir ki, şəhərə su çəkmək üçün qaynaq tapsın və o da Xan qızının sözünü yerə salmır. Qalın ağaclar əhatəsində olan meşədə böyük su qaynağı tapır və Natəvana məlumat verir. Xan qızı maliyyə ayırır ki, mütləq Şuşanın yaxınlığında, Xankəndi-Şuşa yolunun üstündə bulaq çəkilsin və bu bulağın çəkilməsində ovçu İsa da böyük kömək edir. İlk öncə bulağın adını yenə “Xan qızı bulağı” qoymaq istəsələr də, açılışda iştirak edən Natəvan təklif edir ki, bu suyun qaynağını kim tapıbsa, bulağa onun adı verilsin. Nəticədə “İsa bulağı” yaranır.
İsa bulağının başında XVIII-XIX əsrlərdə məclislər qurulub. Şuşaya gələn qonaqları həmişə İsa bulağına gətirmək, orada onlara yaxşı məclis qurmaq bir ənənəyə çevrilib.
İsa bulağına köhnə şuşalılar öz aralarında “Qeyrət bulağı” da deyirdilər. Bunun tarixi çox maraqlıdır. Vaxtilə Üzeyir Hacıbəylinin böyük dayısı Mustafa bəy qonaqlarını başına yığaraq İsa bulağına gəlib. Bu o zaman imiş ki, Xan qızı Natəvan ikinci dəfə ailə həyatı qurubmuş. Onun Şuşa bəylərinə yox, kasıb Seyid Hüseynə ərə getməsi məsələsi süfrədə də söhbət mövzusu olur. İçkidən keflənən qonaqlardan biri durub “Qarabağda, Şuşada bir kişi tapılmadı ki, İrandan gələn Xan qızını yatağında o razı salır” sözü Mustafa bəyi o qədər qəzəbləndirir ki, durub həmin şəxsin yanına gəlir və belindəki xəncərlə onun qarnına ağır zərbə vurur. Yaralı qonaq stoldan durur və özündə güc tapıb belindən tapançanı çıxarır, Mustafa bəyi düz ürəyindən vurur. İkisini də xilas etmək olmur və dünyalarını dəyişirlər.
Bu hadisədən sonra Şuşada heç kim Xan qızı barədə bir daha söz demir.
İsa bulağını xatirələrdə yaşadan insanlardan biri də Mürsəl Hacıyev idi. İsa bulağında otururdu, Hər gün Şuşadan İsa bulağına 20 kilometrlik yolu piyada gəlirdi. O, müxtəlif mahnıları ifa edirdi. Ən yadda qalanları
“Gəl məni çaydan keçir. Oxumu yaydan keçir” və “Adə, adə Dadaşbala, camış bağa girdi gəl” – sözləri Şuşada çox adamın zümzüməsi idi. O, 1989-cu ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Evinə geri qayıdan zaman ağacların arasında gizlənən üç erməni onun qarşısını kəsir, cibindəki bütün pullarını əlindən alırlar. Erməni quldurları 110 yaşı olan Mürsəl kişini orda öldürüb, çıxıb gedirlər.
Sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur Hüseynova məxsus olan “İsa bulağı” mahnısı da vaxtilə Azərbaycanda çox populyar olub.
Böyük Məmməd Arazın bu misralarını da unutmaq olmur İsa bulağı ilə bağlı: “İsa bulağının soyuq suyundan, Yaxın gəl, əyil iç, bu da bir dərman. Yaxın gəl bir az, bu səs-küydə səni, Şair Məmməd Araz, tanıyan olmaz”.
İşğal dövründə ermənilər buranı “İsaak bulağı” adlandırıb və burada yeyib içməyə gələnlərin əksəriyyəti iranlı turistlər idi.
44 günlük Zəfər müharibəsi və 23 saatlıq qələbə savaşından sonra İsa bulağı yenidən Azərbaycan xalqının sərbəst gedib-gələcəyi bir məkan olub. Ümid edirik, əsrlər keçəcək, İsa bulağı daim bizim xalqın olacaq.
Zaur ƏLİYEV, dosent