Macarıstanın Baş naziri Viktor Orban bir neçə gün öncə Kiyevdə prezident Volodimir Zelenski ilə görüşüb, onunla Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq mövzusunda danışıqlar aparıb. Sonra Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edib, Prezident İlham Əliyevlə, digər Türk liderlərlə müzakirələr aparıb. V.Orban Füzuli hava limanından Bakıya, oradan da Rusiyaya uçub. Moskvada prezident Vladimir Putinlə görüşüb, danışıqlar aparıb. Bunun ardınca isə V.Orban Çinə səfər edib. Burada da danışıqların mövzusu Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq cəhdləridir. Macarıstanın baş naziri bu barədə özünün “X” sosial şəbəkəsində “Sülhməramlı missiya 3.0!” cümləsi ilə paylaşım edib.
Maraqlıdır, V.Orbanın bu fəallığı və vasitəçiliyi uğurlu nəticə verə bilərmi? Macarıstan Baş nazirinin bu səfərlərinə və apardığı danışıqlara Avropa İttifaqının qısqanc yanaşması, onun əleyhinə Avropa miqyasında “qara piar” aparılması nədən qaynaqlanır? Nə üçün Şarl Mişel, Jozef Borrel və digər Aİ yetkililəri V.Orbanın həm Şuşada iştirakını, həm də oradan Moskvaya gedərək V.Putinlə görüşməsini hədəfə alıblar?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Macarıstanın Baş naziri V.Orbanın son zamanlar yürütdüyü siyasət olduqca təqdirəlayıqdır. Onun sözlərinə görə, bu siyasi gedişlər qeyri-adiliyi ilə diqqəti cəlb edir: “Avropa İttifaqı və ABŞ-nin Ukraynanın savaşına münasibəti, Viktor Orbanın, yəni Macarıstanın mövqeyi ilə üst-üstə düşmür. Kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Macarıstan Rusiya və Ukrayna arasında sülh sazişinin imzalamasında, müharibənin dayandırılmasında maraqlı olduğunu bildirir, Avropa İttifaqı üçün bu savaşı maliyyələşdirməyin ağır yük olduğunu bəyan edir, savaşın davam etdirilməsinin yolverilməz olduğunu israrla bildirir. Önəmli məqamlardan biri ondan ibarətdir ki, Macarıstan bu prosesi Çinlə məsləhətləşərək aparmaq niyyətində olduğunu gizlətmir və bu istiqamətdə də addımlar atır. Xatırladım ki, təxmin 2 ay bundan əvvəl Çinin dövlət rəhbəri Si Cinpin Macarıstana səfər etmişdi. Bu səfərdə müəyyən anlaşmalar əldə olundu, o cümlədən Macarıstan və Çin arasında siyasi-diplomatik, strateji əməkdaşlıqla bağlı prosesin başlandı. Viktor Orbanın başlatdığı prosesin ABŞ və Avropa İttifaqının yürütdüyü prosesə zidd və paralel olduğunu göstərən digər bir məqam da mövcuddur. Bu da ondan ibarətdir ki, ABŞ-də prezident seçilməyə çox yaxın olan sabiq dövlət başçısı Donald Tramp da eyni ilə Macarıstanın Baş nazirinin mövqeyindən çıxış edir. Ukrayna savaşının dayandırılacağını vəd edir və bu istiqamətdə qısa bir zamanda addımlar ataraq buna nail olacağını bəyən edir”.
Politoloq vurğulayıb ki, ABŞ-nin indiki rəhbərliyinin və Aİ-nin mövqeyindən fərqli olaraq, D.Tramp Ukrayna ilə sülh sazişinin Rusiyanın siyasi qürurunun aşağılanmayacağı şərtlər daxilində olacağını eyham vurur: “Donald Trampın Viktor Orbanla paralel və ya razılaşma əsasında fəaliyyət göstərdiyinə dair başqa bir önəmli məqam da mövcuddur. Bir müddət öncə, Macarıstan Baş naziri Viktor Orban ABŞ-yə səfər edib. Bu səfər çərçivəsində Co Bayden administrasiyasının heç bir təmsilçisi ilə görüşməyib. Yalnız prezidentliyə iddialı Donald Trampla görüşüb, müəyyən müzakirələr aparıb və geri qayıdıb. Bu da onu göstərir ki, artıq Avropada bəzi qüvvələr, o cümlədən Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin növbəti prezidentinin Donald Tramp olacağı qənaətindədirlər. Ona görə də gələcək strateji proseslər məhz Donald Trampla razılaşdırırlar. Bu proses gedir və belə hesab etmək olar ki, hazırda ABŞ-ni “kölgə prezidenti” idarə edir. Yəni, Donald Tramp səhnə arxasından proseslərə müəyyən yön verir. Bu baxımdan hesab etmək olar ki, Viktor Orbanın Pekinə və Kiyevə səfəri, Ukrayna savaşının dayandırılması prosesində vasitəçi kimi işitirak etməsi Donalt Trampla da razılaşdırılmış məsələ ola bilər”.
E.Xalidbəylinin qənaətincə, bütün bunlar həm ABŞ-də hazırda hakimiyyətdə olan C.Bayden administrasiyasını, həm də Aİ-nin siyasi rəhbərliyini qıcıqlandırır: “Macarıstan rotasiya əsasında Avropa İttifaqına rəhbərlik edəcək. Avropa İttifaqına daxil olan bəzi şəxslərin, bu prosesə qıcıqlanması tamamilə yersizdir. Viktor Orban heç bir yerdə deməyib ki, Çinə, Ukraynaya səfəri və ya Rusiyaya səfəri Avropa İttifaqının təmsilçiliyi olaraq icra olunur. Viktor Orban bu proseslərdə Macarıstanın Baş naziri kimi fəaliyyət göstərir. O, hər hansı bir prosesə qatılmaq, Azərbaycanda Şuşaya, Rusiyada Moskvaya, Çində Pekinə səfər etmək üçün Avropa İttifaqından icazə almaq məcburiyyətində deyil. Macarıstan Avropa İttifaqına üzv olsa da, müstəqil dövlətdir. Viktor Orban Macarıstan adından bu prosesləri yürüdür. Avropa İttifaqının da buna qıcıqlanması tamamilə məntiqsiz və absurddur. Viktor Orban müstəqil dövlətin baş naziri kimi bu prosesləri paralel aparmaq hüququna sahibdir. Bütün bunlar onu göstərir ki, ABŞ və Avropa İttifaqı hazırda oyundan kənar vəziyyətə düşmək təhlükəsi ilə üzləşib. Çünki, Ukrayna savaşının nizamlanması prosesi hazırda Donald Tramp, Macarıstanın Baş naziri Viktor Orban, Rusiya prezidenti Vladimir Putin və Çin arasında müzakirə aparılır. Avropa İttifaqı və ABŞ oyundan kənar vəziyyətdədir və qıcıqlanma səbəbləri də bundan ibarətdir”.
Politoloq vurğulayıb ki, V.Orbanın Şuşaya səfəri və Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşündə iştirakı, faktiki olaraq Aİ-nin, Qərbin riyakarlıq ənənələrinə sarsıldıcı zərbədir: “Avropa İttifaqı Şarl Mişel, Jozef Borrel və digərləri Azərbaycanın Qarabağ bölgəsinə başqa yerlərdən köçürülüb gətirilmiş hayların “hüquqları” uğrunda erməni diasporunun verdiyi rüşvət hesabına intensiv açıqlama, bəyanatlar verirlər. Lakin Kiprdə yerli xalq olan türklərin hüquqlarını görməzdən gəlirlər. Hətta Şimali Kipr Türk Cümhuriyyətinə sanksiyalar tətbiq ediblər. Şimali Kipr Türk Cümhuriyyətini də Kiprin yunan hissəsinin tərkibində Avropa İttifaqına qəbul ediblər. Halbuki, Şimali Kipr Türk Cümhuriyyəti bütün bunları qəbul etmir və prosesə qatılmır. Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin iştirak etdiyi Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə Viktor Orbanın da iştirakı Avropa İttifaqının, Qərbin riyakarlığına vurulmuş sarsıdıcı zərbədir. Bu, Avropa İttifaqının haqsız olduğunu göstərən məqamdır. Avropada bunu artıq anlayırlar, yeni prosesin başandığını düşünürlər. Ona görə də, narahatdırlar və qıcıqlanırlar. Hesab etmək olar ki, Viktor Orban həm ABŞ-ni, həm Avropa İttifaqını bir neçə məsələdə oyundankənar vəziyyətə salıb və haqsız durumda buraxıb”.
Kamilə ORUCOVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.