“İran “Keyhan” qəzetində Azərbaycanı hədələyib. Yazıda qeyd edilib ki, İsraildən sonra növbə Azərbaycanındır”.
Bunu Referans.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib:
“İranın “Keyhan” qəzetində Azərbaycanın əleyhinə təhdid dolu yazı dərc edilib. Bildirilib ki, İsraildən sonra növbə Azərbaycanındır. Guya bunlar İsrailə neyniyə bildilər ki? Atdıqları raket İraqda elektrik məftillərinə ilişib qalmışdı. Bunlar hansı gücdən danışırlar? Gələcəkləri varsa, görəcəkləri də var. Amma, biz istəməzdik ki, İranla qarşıdurmamız belə mərhələyə keçsin. Rəhmətlik Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında deyilir ki, “Ey, kimsən orda, aç qapını gələk səni öldürək”. İndi İran da guya İsrailə raket atırdı, 3 gün qabaq xəbər verdilər, o raketlərin də çoxu yolda ilişdi qaldı. Hansı qüdrətdən, hansı hərbi gücdən danışırlar? İran müharibəyə başlasa, viran olacaq. Çünki ordusunun 60 faizi azəri türküdür. Gedib onu fikirləşsinlər, sonra səfeh çıxışlar eləsinlər. Paşinyan İranlılardan ağıllı danışır”.
Politoloq bildirib ki, son günlər İranın dini lideri Ayətullah Əli Xameneyi çaşmağa başlayıb. Dünən İran televiziyasında Xameneyi deyib ki, osmanlılar rumlulara zülüm edir, bunu qeyd eləməliyik, yaddan çıxara bilmərik. Xameneyi utanmadan türklərin yunanlara zülüm elədiyini dilə gətirir və bunu xüsusi zövqlə təqdim edir.
Cümşüd Nuriyev deyir ki, bir neçə gün öncə Yunanıstanın Baş naziri Kriakos Miçotakislə Türkiyə Prezidenti Ərdoğanla görüşməsi, Yunanıstan və Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsi İranın xoşuna gəlməyib: “Bu İranı çox narahat elədiyinə görə, Xameneyi əqrəb kimi “çalmaq”, yenidən Yunanıstanı qızışdırmaq, aranı qarışdırmaq istəyir. Bu insan bu yaşında, guya İslam dövlətinin dini lideridir, insanları üz- üzə qoyub, bir- birinə qırdırırsa, hansı müsəlmançılıqdan danışır?!”.