Qaradağ rayonunun “Qobu park” yaşayış kompleksinin ərazisində sahibsiz itlər uşağa hücum çəkib. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər xatırladıblar ki, təxminən iki ay əvvəl də bu ərazidə bənzər hal baş vermişdir.
Sakinlər bildirirlər ki, sahibsiz itlərin əlindən küçəyə çıxmağa ehtiyat edirlər.
Məsələ ilə bağlı “Qobu park” yaşayış kompleksinin Mənzil Kommunal İstismar İdarəsinin sahə nəzarətçisi Hümbət Həziyev bildirib ki, ərazidə ötən dəfə baş vermiş eyni hadisədən sonra sakinlərin imzası ilə aiddiyyəti qurumlara müraciət olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, 11 yaşlı qız saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması aldığı müəyyən edilib. Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzdən bildirildi ki, bədənin çoxsaylı yaraları diaqnozu ilə hospitalizasiya olunan qıza tibbi yardımlar göstərilib, yaraları işlənilib, hazırda müalicə prosedurları davam etdirilir.
BAKU.WS