“Bu ilin ilk 2 ayında Azərbaycanda vətəndaşlar içkilər və tütün məmulatların alınmasına 440.4 milyon manat xərcləyiblər”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun fikrincə, bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir: “Bu ilin ilk iki ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub”.
Millət vəkili qeyd edib ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir: “2024-cü ilin ilk iki ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay dörd dəfə çox pul xərclənir”.
İqtisadçı-deputat V.Bayramov bildirib ki, Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtlik içkilərin istehlakından dünyasını dəyişir: “Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görsənir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik”.
Vüqar MƏMMƏDOV