İnsanın günlük davranışları müxtəlif tendensiyalar üzrə formalaşır. Buna doğulduğumuz mühitdən tutmuş günlük heç olmasa bir kəlmə belə ünsiyyətdə olduğumuz insanların böyük təsiri var. Davranışlarımız, düşüncələrimiz, hərəkətlərimiz, hətta nitqimiz bu təsirin əsas predmetləri arasındadır. Bu təsirlənmələr istər mənfi yöndə, istərsə də müsbət yöndə doğulduğumuz ilk andan etibarən bizimlə olan mənəviyyat və əxlaqa yaşamımızın sonrakı mərhələlərində yoldaşlıq edir. Beləliklə, insan xarakteri bu mürəkkəb sxem üzrə tamamlanır.
Psixologiya elminin əsas məsələlərindən biri hesab edilən şəxsiyyət və cəmiyyət məsələsi bu istiqamətdən geniş şəkildə araşdırılır. Bu istiqamət üzrə alimlərin, elm adamlarının araşdırmaları və məsələ üzərindən gəldikləri ciddi qənaətlər var. Məhz aparılan araşdırmalar nəticəsində sınaqlardan keçərək məişətdəki əksər davranışların şərhi zəminində istifadə olunan nəzəriyyələrdən biri də “Sınıq pəncərələr nəzəriyyəsi”dir.
Nəzəriyyənin tarixi ötən əsrin 80-ci illərinə, tam dəqiqliyilə desək, 1982-ci ilə qədər gedib çıxır. Nəzəriyyənin banisi Ceyms Vilson və Corc Kelling amerikalı sosioloq-kriminalistlər idilər. Onlar bu qənaətə ilkin formada eksperimentlərlə yox, təsadüflər nəticəsində gəlmişdilər. Nəzəriyyənin adının qeyri-rəsmi adlandırılmasının isə bununla birbaşa əlaqəsi vardır və Vilson və Kelling bu qənaətə sözün əsl mənasında şüşələrin sındırılması ilə gəlmişdilər. Nəzəriyyəyə görə, hansısa binada pəncərə şüşələrindən biri sındırılmış və əvəzinə yeni şüşə salınmamışdırsa, digər şüşələr də zamanla sıradan çıxarılacaq. Bəlkə də hər dəfə onun qarşısından keçən şəxs bir daşla o pəncərənin digər bütöv şüşələrin sındıracaq. Bu istiqamət üzrə subyektlərin dəyişməsi amma, əməlin sabitliyi ilə müşayiət olunan bu vəziyyət evdəki və ya pəncərədəki bütün şüşələrin qırılmasilə nəticələcək. Başqa sözlə, intizamsızlıq, itaətsizlik və qəbul edilmiş davranış qaydalarına riayət etməmək digər insanları da bu qaydaları pozmağa həvəsləndirir. Nəticədə, o məhəllə qısa bir zaman içində dərəbəyliyə çevrilir.
Bu ilkin təcrübə halında gəlinən qənaətlər olsa da, düzgün idraketməyə kömək edir. Nəzəriyyənin ümumi mahiyyətinə gəldikdə biriləri tərəfindən mövcud davranış qaydalarının pozulması cəzasız və ya əvəzsiz qaldıqda, yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir, başqa adamları da həmin və ya digər qayda pozuntularına sövq edir, stimullaşdırır. Məhz Vilson və Kelling də problemin səbəbini bu hesab edirdilər.
Sözsüz ki, bunun qanunların pozulmasi ilə güclü bağlılığı vardır. Kanadalı sosioloq Malkolm Qladuell qanunların kəskin şəkildə səslənsə də, daha çox “zatı qırıq” insanlar tərəfindən pozulduğunu söyləyirdi. Belə insanlar onları əhatə edən neqativ faktorların təsiri altına daha asan düşərək, «pis örnək başqasına tez keçir» deyiminin nə qədər doğru olduğunu sübut edirdilər. Başqa sözlə, nəzəriyyənin mahiyyəti “nümunələrin kütləviləşmə meyli”ndən irəli gəlir. Bu məqamda bir nöqtəyə xüsusi diqqət etmək lazımdır. Çünki, istər pozitiv, istərsə də neqativ nümunələr sürətlə kütləviləşə bilmə xüsusiyyətinə malikdir. Pozitiv nümunələr o hallarda kütləviləş bilir ki, nümunə olaraq, sərfəli olur, yəni adamlar konkret nümunə ilə hərəkət etməkdən şəxsi fayda əldə etdikləri, yaxud hansısa ziyandan qaça bildikləri üçün onu mənimsəyirlər. Bu çox vaxt təbii amillərin təsiri ilə baş vermiş olur. Digər yandan cəza qorxusu, maariflənmə, tərbiyə və.s bu kimi stimullaşdırıcı, profilaktik və ya preventiv üsullarla möhkəmlədilir. Bu digərinin əksinə süni olaraq süni amillərlə baş verir. Həmçinin, neqativ nümunələrdə bu hal baş verə bilir və çox sərfəli olduğundan kütləviləşir. Məsələn, rüşvətxorluq rüşvətxor bu yolla asan qazanc əldə etdiyinə görə geniş yayılır. Bundan əlavə daha bir fenomen var ki, bu da müəyyən kateqoriya insanların, xüsusilə, risk qruplarının asosial davranış meyllərindən irəli gəlir. İlk baxışda divarların yazılması və avtomobillərin cızılması kimi əməllər məqsədsiz əməllərdir, yəni qayda pozuntusu halında müqəssir maddi fayda əldə etmirlər, yalnız bununla hansısa ehtiraslarını təmin edir. Bu səbəbdən cəmiyyətdə neqativ nümunələrin yayılmasının qarçısını almaq üçün qanunlar, təhsil-tərbiyə sistemi və ideologiyalar kimi müxtəlif mexanizmlər mövcuddur. Belə mexanizmlərin ümumiyyətcə olmaması və ya lazımi adekvatlıq və təsirllik gücünə malik olmaması hüquqazidd əməllərin geniş vüsət almasına zəmin yaradır.
Sınıq pəncərələr nəzəriyyəsi qabaqcıl və elitar cəmiyyətin formalaşması üçün çox önəmli bir mahiyyəti özündə ehtiva edir: Əgər hansısa cəmiyyətdə hüquq pozuntusu və əxlaq deformasiyası müşahidə olunursa, bu, sürətlə geniş vüsət alacaq. Əksinə, cəmiyyətdə müsbət istiqamətdə dəyişikliklər gedirsə, bu da öz növbəsində getdikcə möhkəmlənəcək.
Nəzəriyyənin iki əsas müddəası bütovlükdə nəzəriyyənin əsas mahiyyətini açmaqda bizə kömək olacaqdır:
Müəyyən qayda pozuntularının mövcudluğu insanları həmin qayda pozuntusuna sövq edir.
Düşünsək ki, insanlar siqaretin istifadə etdikdən sonra ətrafa nəzər yetirirlər. Ətrafda siqaret kötükləri görəndə dərhan siqaret kötüyünü yerə atırlar. Hətta bununla bağlı müxtəlif xəbərdaredici sözlər yazılmış nişanlar olsa belə ona məhəl qoymadan bunu yenə edirlər. Yox əgər görə bilmədilərsə, bu zaman zibil qabı axtarır və ya siqaret kötüyünü insanların görə bilməyəcəyi bir yerə atırlar.
Ayrı-ayrı qayda pozuntularının yayılması ümumilikdə asosial davranışa zəmin yaradır.
Qarşısı alınmayan bu qəbildən qayda pozuntularının epidemiya kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa meyl göstərirlər, cinayətkarlıq artır, yekunda cəmiyyət xaosa düçar olur.
Nəzəriyyənin işləkliliyi istiqamətində bir sıra eksperimentlər aparılmışdır. Bunlardan bir neçəsinə nəzər yetirmək də məqsədəuyğundur:
“Qraffitçilər” eksperimenti
Nəzəriyyə ilk dəfə praktikaya 1980-ci illərin ortalarında cinayətə olan meyillə həmişə ürküdücü yer kimi qəbul edilən Nyu-York metrosunda cəlb olunub. O vaxtlar Nyu-Yorkun yeraltı stansiyaları cinayətkarlara görə keçilməz vəziyyətdə idi. Devid Qann adlı yenicə təyin olunmuş metropoliten müdiri bununla mübarizə aparmaq və ya texniki problemləri həll etmək yerinə işinə qraffitiləri- divarlara və ictimai nəqliyyata şəkilən müxtəlif təsvirləri təmizləməklə başlayır. “Qraffiti – sistemin süqutunun göstəricisidir. Əgər sistemi yenidən qurmaq istəyiriksə, ilk növbədə qraffiti üzərində qələbə çalmalıyıq. Biz hər biri 10 milyon dollar olan yeni vaqonlar almağa hazırıq, amma onları vandalizmdən qorumasaq, nə baş verəcəyi məlumdur. Bu vaqonlar bir-iki gün toxunlulmaz qalacaq, sonra onları eybəcər vəziyyətə salacaqlar.” deyə israr edən müdir əlavə xərclərdən çəkinməyərək gündə bir neçə dəfə qatarların son stansiyaya gəlməsi ilə vaqonları tək-tək yuduzdurub, tər-təmiz hala gətizdirir. Həmçinin, Qann vandallara televiziya ilə mesajlar verir: “Vaqonlar orda 3 sutka qaldı. Birinci gecə yeniyetmə vandallar vaqonların divarlarına ağ boya püskürtdülər. İkinci gecə gəlib artıq qurumuş olan boya üzərinə təsvirlər etdilər. Üçüncü gecə vaqon divarları başdan-başa rəglənmişdi. Beləcə, onlar üç gecə çalışdılar. Biz onların öz “işlərini” başa çatdırmasını səbrlə gözlədik. Sonra bizim rəngsazlar bütün yazıları pozub vaqonları əvvəlki rənginə qaytardılar. Yeniyetmələr yaman dilxor olmuşdular. Çünki onların 3 günlük zəhməti boşa getmişdi, əl işlərini heç kim görməyəcəkdi. Bununla biz onlara mesaj verdik: “Üç gecə sərf edib vaqonları eybəcər vəziyyətə salmaq istəyirsiz? Buyurun. Kef eləyin. Ancaq bilin ki, əl işlərinizi heç kim görməyəcək”.
Beləliklə, izafi pul sərfiyyatı kimi tənqidlərə məruz qalmasına baxmayaraq, qraffitçilərə güclü subliminal və psixoloji mesajlar verir. Amma çox keçmədən heyrətamiz bir vəziyyət yaranır- vaqonlar həmişəlik divarlarındakı qraffitilər və biədəb sözlərdən xilas olur.
Nəzəriyyənin effektini görən metropolitenin polis rəisi Uilyam Bratton biletsiz gediş cəhdləri kütləviləşmiş, nəqliyyatın gəlirləri aşağı düşməsi səbəbindən onu öz işində- biletsiz gediş cəhdləri ilə mübarizəyə tətbiq etməyə başlayır. Yeraltındakı ən kiçik qanunsuz hərəkətin, xırda xuliqanlığın, kiçicik konfliktin qarşısı anında alır, hər bir turniketə 10 mülki geyimli polis nəzarətçisi ayrılaraq biletsiz gedişə cəhd edənləri tutur, qollarına qandal vurub polis avtobusuna aparırlar. Orada üst-başlarını yoxlanılır, barmaq izlərini götürülür, məlumat bazasına daxil edilirdi. Hətta bəzən bir çoxlarının üzərində silah aşkar edilir, müxtəlif pozuntulara görə axtarışda olduqları müəyyən edilirdi.
Bratton mətbuata bununla bağlı maraqlı bir müsahibə vermişdi: “Tutulan hər bir adam hədiyyəli pop-corn paketi kimi idi. Mütləq nəsə bir qanunsuzluq aşkar edilirdi. Tapança, bıçaq, oturum icazəsinin olmaması, hətta qətl şübhəsi ilə axtarışda olanlar… Tezliklə pis oğlanların ağılları başlarına gəldi: üzərində silah gəzdirməyi tərgidib, bilet pulunu quzu kimi ödəməyə başladılar.”
Beləliklə, bir müddət sonra Nyu-York metrosunda cinayətkarlıq və ictimai asayişi pozma halları minimuma enir və 90-cı illərin başında Nyu-York Amerikanın ən təhlükəsiz, asayişin bərqərar olduğu şəhərinə və nümunəvi meqapolisinə çevrilir.
“Eyni markalı 2 maşın” eksperimenti
Eyni markalı 2 maşın bir zəngin və bir kasıb küçəyə qoyulur. Kasıbların məhəlləsindəki maşın bir neçə saat ərzində ciddi zərər görür, zəngin məhəllədə isə maşın olduğu kimi qalır. Tədqiqatçılar bir müddət sonra bu təcrübənin əhatəsini genişləndirməyə qərar verərək zəngin məhəllədəki maşının pəncərələrini qırmaq fikrini ortaya atırlar. Pəncərələrin qırılmasından sonra əvvəlki həftə kasıb məhəllədə baş verən görüntü bu dəfə də zəngin məhəllədə baş verir. Beləliklə, şüşələrin qırılmasından sonra zəngin məhəllədə də oğurluq və vandalizm faktorlu hallar müşahidə edilir. Əlbəttə, ictimai mühit cinayətlərin artması və normal qəbulunda böyük rol oynayır. Ancaq tədqiqatçılar bu cür halların təkcə yoxsulluqla izah edilməyəcəyini də sübut edirlər.
Bu təcrübədən belə nəticə çıxarmaq olar ki, qanunsuzluğun və hüquq pozuntularının müşahidə edildiyi mühitdə cinayət törətmək daha da asandır. Ona görə də onsuz da qırılmış pəncərəyə daha çox zərər verməyin diqqət çəkməyəcəyini və qorxunc qəbul edilməyəcəyini düşünənlər içlərindəki dağıtmaq ehtiyacını və anarxisti üzə çıxarırlar. Suala oluna bilər ki, bunu yaradn bir zərurət varmı ? Əlbəttə ki, var. Çünki insanlar bəzi davranışların edilməsinin qadağan olunduğu bir cəmiyyətdə anlıq olsa da, dadmaq istədikləri mütləq azadlığın hər zaman izindədirlər.
“Velosipedçi” eksperimenti
Çoxlu mağazalar olan bir küçədə insanların alış-veriş edərkən velosipedlərini park etdikləri üzəri təmiz olan bir divarın yaxınlığında bu divarda rəsm çəkməyin qadağan olduğunu bildirən gözəgəlimli bir işarə qoyurlar. Təcrübə keçirənlər hər bir velosipedin sükanına üzərində mövcud olmayan bir idman malları dükanının loqotipi və “Sizə xoş bayramlar arzu edirik” sözləri olan kağız asırlar. Tədqiqatçılar gizlənərək kənardan velosipedçilərin hərəkətlərini izləyirlər. Küçədə zibil qutusu olmadığından velosipedçilərin edə bilmə ehtimalı olduğu , ilk iki varianta qəbul edimiş normaların pozulması kimi, üçüncüyə isə qaydalara riayət olunması kimi baş verə biləcək 3 davranış var idi- ya kağızı yerə atmalı, ya digər bir velosipedin üzərinə asmalı, ya da daha sonra atmaq üçün özləriylə götürməli idilər. İlk təcrübə zamanı 77 velosipedçidən cəmi 25-i (33 %) qaydaya riayət etmədi.
Daha sonra təcrübəni eyni hava şəraitində və günün eyni saatlarında, lakin divarda müəyyən rəsmlər çəkilmiş şəkildə bir daha təkrarladılar. Lakin bu dəfə isə 53 nəfər (69 %) qaydanı pozdu. Beləliklə, divarda rəsm çəkmək qadağasının pozulması insanları digər bir qaydanı da pozmağa stimullaşdırmış oldu.
Nəticə etibarilə, insanlar hərəkətlərinin və davranışlarının mükəmməl psixoloji izahını ehtiva edən bu nəzəriyyə cəmiyyətin şəkillənmə faktorunu izah etməklə bərabər, yranmış problemlərin həlli istiqamətin effektiv həll yolları da göstərir.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti Hüquqşünaslıq ixtisası tələbəsi,
NDU Tələbə Gənclər Təşkilatının sədr müavini
Xüsusi olaraq Medianews.az saytı üçün