ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək. Xarici medianın məlumatına görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər. Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub. Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, “yaşıl beretlər” həm də müdafiə əməliyyatlarında ixtisaslaşıblar və düşmənin sızmasının qarşısını almaq üçün tapşırıqları yerinə yetirə bilirlər.
Çin üçün həssas bölgədə ABŞ-nin xüsusi təyinatlı qüvvələrinin yerləşdirilməsi yaxın perspektivdə Pekin-Vaşinqton münasibətlərində hərbi müstəvidə qarşıdurmaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov ABŞ ilə Çin arasında müxtəlif sahələrdə davam edən mübarizənin zamanla daha da kəskinləşdiyini dilə gətirib.
O qeyd edib ki, bu prosesdə Tayvan əsas müqavimət mərkəzinə çevrilməkdədir: “Donald Trapın rəhbərliyi dövründə Çin ilə ABŞ arasındakı ticarət müharibələri Co Baydenin prezidentliyi dövründə bir qədər də inkişaf edib. Xüsusilə Çinin Rusiyaya dəstəyi, informasiya və kommunikasiya sahəsində Moskvaya yardımları, sanksiyalardan yayınmaqda köməyi, həm də hazırkı reallıqda ABŞ-nin daha sərt addımlara atmasına gətirib çıxarır. Eyni zamanda Tayvan bölgəsində ABŞ-nin xüsusi təyinatlı qüvvələrinin yerləşdirilməsi bir sıra məqsədlərə xidmət edir. Bu addım həm də bölgə üzərində Çinin dominantlığı və hökmranlığının qarşısının alınması məqsədilə atılır. Başqa tərəfdən, xüsusi təyinatlı qüvvələrin hansı məqsədləri yerinə yetirdiyini biz yaxşı anlayırıq”.
Politoloq vurğulayıb ki, Çinin Tayvan bölgəsinə hücumları, güc tətbiqi məsələsi aktualdır: “Bu proseslər çərçivəsində xüsusi təyinatlı qüvvələr Çinin suveren ərazilərinə müdaxilə edərək burada təxribat-diversiya hərəkətləri icra edə bilərlər. Tayvan bölgəsində gərginliyin yaradılması ilə Çin iqtisadiyyatına təsirlərin gücləndirilməsi, Pekinə qarşı sanksiyaların artırılması mümkündür. Eyni zamanda Çinin bir sıra beynəlxalq mövqelərinin zəiflədilməsi siyasəti məhz bu xüsusi təyinatlıların Tayvan bölgəsinə göndərilməsi ilə sürətlənə bilər. Ona görə də düşünürəm ki, Tayvan ərazisində gərginliyin gücləndirməsi və Çinin zəiflədilməsi hazırda ABŞ-nin geosiyasi maraqları çərçivəsindədir”.
Lamiyə MİRZƏYEVA