“Hindistan 2027-ci ilədək 5 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilmək iddiasındadır. Təsadüfi deyil ki, Hindistan iqtisadiyyatının bu il 7 faiz böyüyəcəyi ehtimal edilir”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Hindistanın ümumi daxili məhsulu hazırda 3,7 trilyon dollar təşkil edir.
Politoloq deyib ki, “Goldman Sachs”-a görə, Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ni geridə qoyaraq, dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır: “Hazırda Hindistan ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatına sahibdir. İqtisadi gücünü artırmağa çalışan Hindistan hazırda ciddi sınaqla üz-üzə qalıb. Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Hindistana da çətinliklər yaradıb. Hücuma məruz qalanlar arasında Hindistan limanlarından çıxan və ya Hindistan limanlarına yaxınlaşmaq istəyən ticarət gəmiləri çoxluq təşkil edir. “The Wall Street Journal” nəşrinin yazdığına görə, Hindistan 10-a yaxın hərbi gəmisini Qırmızı dəniz yaxınlığındakı Ədən körfəzinə göndərib. Halbuki, Hindistan ABŞ-nin Qırmızı dənizdə təhlükəsizlik ittifaqına qatılmayıb. Hindistanın hərbi gəmiləri Hindistan və digər ölkələrin bayraqları ilə üzən ticarət gəmilərinə nəzarət edirlər. Misal üçün, Hindistanın “Visakhapatnam” hərbi gəmisi Ədən körfəzində dronların hücumuna məruz qalan ABŞ-yə məxsus “Genco Picardy” köməyinə yetişib”.
E.Şahinoğlu vurğulayıb ki, Hindistan kommersiya gəmilərini hədəf alan İran proksilərinin potensial təhlükələrinin qarşısını almaq üçün çoxşaxəli yanaşma nümayiş etdirib: “Brahmos” raketləri ilə təchiz edilmiş bir neçə döyüş gəmisi, o cümlədən “INS Kolkata”, “INS Kochi”, “INS Mormugao”, “INS Chennai” və “INS Visakhapatnam” Ərəb dənizində yerləşdirilib. Hava nəzarəti “Boeing P8I” sualtı qayıq əleyhinə döyüş təyyarələri və silahsız “Predator” pilotsuz uçan aparatları tərəfindən həyata keçirilir, xüsusilə də hücumlarda istifadə oluna biləcək gəmiləri skan edir. Eyni zamanda Hindistanın “Boeing P8I” təyyarələri və uzaqmənzilli müşahidə pilotsuz təyyarələri Ərəb dənizi və Ədən körfəzində patrul edir. Hindistan ABŞ-dən sonra Qırmızı dəniz və ətrafında hərbi gücünü artıran ikinci dövlətə çevrilib. Avropa və Çin döyüş gəmiləri Qırmızı dənizdən məsafə saxlamağa üstünlük verirlər”.
Politoloq söyləyib ki, Hindistanın İranla tərəfdaşlıq münasibətləri olsa da ticarət gəmilərinə hücum edən husilərə Tehranın dəstək verməsi Dehlinin narahatlığını artırıb: “Çinin də İranla strateji tərəfdaşlıq münasibətləri var. Pekin Qırmızı dənizdəki böhrana qarışmır. Buna baxmayaraq, Pekinin İranı ABŞ-nin təzyiqlərindən qurtara biləcəyi şübhə doğurur”.
Turan ORUC