Bərdə rayonunun Cəyirli kəndində yaşayan qadın 17 uşaq anasıdır. Sosial mediada bu barədə yayılan videogörüntüdə aparıcının suallarını cavablandıran qadın 16 uşağının olduğunu, 17-ci uşağa hamilə qaldığını gizlətməyib. 42 yaşlı qəhrəman ana Tünzalə İsgəndərova bildirib ki, 16 uşağın hər birini digərindən 1 il 1 ay və ya 1 il 6 ay fasilə ilə dünyaya gətirib. “Övlad Allahın bəxş etdiyi şirin paydır”, – söyləyən qadın ailəsini, uşaqlarını çox sevdiyini diqqətə çatdırıb. O, gələcəkdə yenidən hamilə olmaq, dünyaya uşaq gətirməklə bağlı suala da aydınlıq gətirib. Nəzərə alsaq ki, çəkiliş yeni deyil və qadın 17-ci uşağa hamiləliyinin dekabr ayında sona çatacağını bildirib, o zaman bu ailənin artıq 17 övladının olduğunu söyləyə bilərik. Videogörüntülər son günlər sosial mediada davamlı paylaşıldığı üçün, bu ailənin mövcud durumu yenidən yenidən gündəmə gəlib.
Maraqlıdır, 17 uşaqlı ailə hazırda dövlətdən yardım alırmı? Bu sualı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ünvanladıq.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Medianews.az-a bildirdi ki, mediada haqqında sujet yayımlanan Bərdə rayonunda yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsi sosial müdafiə tədbirləri ilə tam əhatə olunub.
Nazirlik rəsmisinin sözlərinə görə, ailəyə hazırda aylıq 3017 manat sosial ödəniş edilir. Bunun 1782 manatı ünvanlı sosial yardım, 1155 manatı çoxuşaqlı qadınlar üçün nəzərdə tutulan müavinətdir. F.Talıbov qeyd etdi ki, uşaqların atası Taleh İsgəndərov Vətən müharibəsi veteranı kimi Prezidentin aylıq təqaüdü ilə təmin olunur: “Ailənin məşğulluğu da diqqətdə saxlanılır. T.İsgəndərovun övladı Sənubərin məşğulluq imkanları qiymətləndirilib və keçən ilin martından o dövlət qurumlarından birində sosial işçi kimi işlə təmin edilib. Digər övlad Yunis də özünüməşğulluq proqramına cəlb edilib. 2022-ci ilin avqustunda proqram çərçivəsində “avtoelektrik” zərfi üzrə onun üçün təsərrüfat yaradılıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Medianews.az-a açıqlamasında söylədi ki, ailədə uşaqların sayının çox olması barədə seçim ərlə arvada aid olan məsələdir. Onun sözlərinə görə, əgər bir cütlük müəyyən qədər uşaq dünyaya gətirmək istəyirsə, buna kimsə qarışa bilməz: “Ailə başçılarının uşaqların sayı barədə seçiminə kimsənin müdaxilə etmək səlahiyyəti yoxdur. Biz bu kimi məsələlərdə ailə işlərinə qarışa bilmərik. Bu onların öz seçimidir, öz arzulardır. Sadəcə biz bunu bugünkü sosial-iqtisadi vəziyyətlə əlaqələndirsək, deyə bilərik ki, çətin məsələdir. Çünki indiki dövrdə bəzi ailələrdə üç uşağı saxlamaq belə, müəyyən qayğılar yaradır. Lakin ailədə uşaq sayı beşdən artıqdırsa, o zaman sözsüz ki, daha çox qayğılar ortaya çıxacaq. O uşaqların gələcəyi naminə bu qayğıların qarşılanması da mütləqdir. Mediada yayılan məlumata görə, Azərbaycanda bir ailədə 16 uşaq var və qadın 17-ci uşağa da hamilədir. Düşünürəm ki, 17 uşağın ailədə idarə olunması, sosial-iqtisadi cəhətdən çox çətindir. Bu böyük məsuliyyəti hansı qadın və kişi öz üzərinə götürübsə, düşünürəm ki, onlara qəhrəman adını vermək lazımdır”.
N.İsmayılova bildirib ki, dövlət tərəfindən bu cür çoxuşaqlı ailələrə xüsusi diqqət göstərilir: “Beşdən artıq uşaq olan ailələrə dövlət tərəfindən hər uşağa görə müavinət verilir. Bu fakt onu göstərir ki, dövlət ailəyə kömək etməkdən imtina etmir. Lakin məsələnin digər tərəfi çətinliklərin necə idarə olunmasıdır. Misal üçün, uşaqların geyimlərinin çatdırılması, ərzaqlarla təmin olunması, yeməkləri kimi məsələlər, həmçinin həmin uşaqların təhsili var. Ailə haqqında dəqiq məlumatım olmadığı üçün uşaqlar haqqında, ailə haqqında qəti fikir bildirmək mümkün deyil . Amma mənə də bir vətəndaş, ana, valideyn, qeyri-hökümət təşkilatın rəhbəri olaraq maraqlıdır ki, bu ailədə olan uşaqlar normal vəziyyətdə qidalanırlarmı? Onların gündəlik tələbatları valideynlər tərəfindən normal şəkildə qarşılanırmı? Eyni zamanda təhsil almaları hansı vəziyyətdədir? Düşünürəm ki, bununla bağlı ailənin vəziyyətini öyrənmək üçün ailəyə səfər etmək, ailəni araşdırmaq lazımdır. Mən də öz sahəm üzrə belə bir araşdırma aparacam. O uşaqlarla bağlı hər birimiz diqqətli olmalı, onlara qarşı qayğımızı əsirgəməməliyik. Çünki onlar bizim övladlarımızdır və Azərbaycan vətəndaşlarıdır”.
Lamiyə MİRZƏYEVA