İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına nəzarətin Fələstinə verilməsinin əleyhinə çıxış edib.
Medianews.az “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
O, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın hələ də HƏMAS-ı qınamadığını izah edib. Netanyahunun sözlərinə görə, Qəzza zolağında övladlarına İsrailə nifrət etməyi, israilliləri öldürməyi, İsrail dövlətini məhv etməyi öyrədən heç bir mülki administrasiya olmayacaq:
“Orada qatillərin ailələrinə öldürdükləri insanların sayından asılı olaraq məbləğlər ödəyəcək bir hökumət ola bilməz. Sektorda fərqli bir şey olmalıdır”.
RBC qeyd edir ki, Netanyahunun sözləri ABŞ dövlət katibi Antoni Blinkenin bir gün əvvəl Qəzza zolağına nəzarətin hazırda İordan çayının qərb sahilini idarə edən Fələstin Muxtariyyətinə verilməli olduğunu söyləyən bəyanatları ilə ziddiyyət təşkil edir.
Netanyahu həmçinin əlavə edib ki, dövlətə və ya hərbçilərə qarşı heç bir beynəlxalq təzyiq və ya yalan ittihamlar ölkənin davamlılığına təsir etməyəcək.
Netanyahu deyib ki, İsrail lazım gələrsə, dünyaya qarşı möhkəm dayanacaq. O, həmçinin bir gün əvvəl İsrail ordusunu döyüşləri dayandırmağa çağıran Fransa prezidenti Emmanuel Makronu faktiki və mənəvi səhv etməkdə günahlandırıb.
İsrail Türkiyə, İran, ərəb dünyası ölkələri və BMT, ÜST, Qızıl Aypara Cəmiyyəti kimi dünya təşkilatları tərəfindən də tənqid edilib.