Bir neçə ay bundan öncə Bakıda “iphone 15” izdihamı yaşandı. Vətəndaşlar yeni “iPhone” modelini almaq üçün mağazalara axışmışdılar. Gecə saatlarına qədər davam edən qızğın alış-verişdən görüntülər səbəb olmuşdu. Ən qəribəsi bu idi ki, imkanı aşağı olan insanlar da hər yeni “iPhone” satışa çıxdıqda onu almaq üçün son qəpiklərini belə xərcləməkdən çəkinmirlər. Sağlamlığı üçün ildə bir dəfə həkim müayinəsindən keçməyi çox görən, təhsilinə, inkişafına heç bir yatırım etməyən insanlar 3000 manata olan telefonu əldə etmək üçün kredit altına girməyi belə gözə alırlar. Məlum, yeni nəsil bahalı “iPhone” istifadəçilərinin çoxu bunu göstəriş üçün edir. Təkcə yeni çıxan telefonlarda deyil brend markaların, ən son texnologiyaların son modelini borca girib almaq bahasına belə olsa almağa çalışırıq. Bu qədər göstərişə ehtiyac varmı? Bəlkə bu psixoloji problemlərlə bağlıdır. Mövzu ilə bağlı ekspertlər fikirlərini Medianews.az- a bölüşdülər.
Psixologiya Elmi Tədqiqat İnstitunun sədri, psixoloq Elnur Rüstəmov bizimlə söhbətində bildirdi ki, bununla insanlar natamamlıq kompleksini üstələməyə çalışır:
“Öncə onu qeyd edək ki, marka, brend özlüyündə güvən deməkdir. Bir məhsulun brend olması onun güvənilir olması anlamına gəlir. Bunun istifadəçiləri, daşıyıcıları isə insandı. Dolayısı ilə o məhsuldan istifadə edən insan özünü güvəndə hiss edir, özünün marka olduğunu şüuraltı olaraq düşünür. İnsan üzərində daşıdığı həmin marka ilə assosasiya olmağa çalışır. İnsanın ən çox üzərində daşıdığı isə mobil telefondu. Bu gün insanların əksəriyyətində mobil telefon var və ondan intensiv şəkildə istifadə edirlər. Onların içərisində bir qismi isə marka telefonları istifadə etməyə çalışır. Onlar üçün mobil telefonun təhlükəsizliyi yox, marka olması əhəmiyyət kəsb edir. Bununla çox zaman özlərinin natamamlıq kompleksini tamamlamağa çalışırlar, seçilmək istəyirlər. Həmin markaların daha tez istifadəçisi olmağa çalışırlar. Bunların sayı o qədər də çox deyil. Nəzərə alaq ki, Azərbaycanda on milyona yaxın insan yaşayır. Onların içərisində 100 insanın yeni çıxan mobil telefonu almaq üçün növbəyə dayanması normal haldı. Ancaq bu o demək deyil ki, bütün Azərbaycan vətəndaşları yeni çıxan mobil telefonu, yaxud da yeni çıxan hansısa markanı əldə etməyə çalışır. Xeyr, sadəcə həmin 100 nəfər markanın PR -ı üçün istifadə edilir, mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılır. Dolayısı ilə markaya qarşı güvən hissi, satış prosesi PR və marketinq qrup tərəfindən formalaşdırılır.
Bu gün dünyada markaların kopiyalanması ilə marka sahibləriin özləri ciddi şəkildə mübarizə aparılır. Ona görə də onlar mütəmadi olaraq yeni çıxan məhsulların qısa müddətdə insanlar tərəfindən alışını təmin etmək üçün bu cür PR aksiyalarından istifadə edirlər. Psixoloji cəhətdən narahat insanlar isə bu məqamda onlar üçün vaz keçilməz PR vasitədir”.
Sosioloq Lalə Mehralı qeyd etdi ki, insan yalnız digərindən savadına, biliyinə görə fərqlənə bilər, nə geyim, nə əşya, nə də başqa bir şey insanı çeşidləməz və çeşidləməməlidir:
“Fikrimcə bu lüks sevdasından daha çox göstəriş üçündür və belə insanlar da iki çeşiddir. Birinci qisim ucuz geyim alan, ucuz qidalanan insanlar var ki, 3 min manata telefon alıb işlədir. Geyim birbaşa sağlamlığa təsir edən vasitədir, məsələn ucuz yağ insanı xəstə edir, amma bunlar o insanlar üçün əhəmiyyətsizdir, əsas odur ki bahalı telefonları olsun.
İkinci qisim də var ki, brend, marka xəstəliyi olan insanlardır. Əsasən ərgənlik vaxtı başlayır, gənclik dövründə təhlükəli dərəcədə inkişaf edir bu xəstəlik. Marka olmayan heç nə geyinmirlər, brend geyinməyən insanlarla yoldaşlıq etmirlər, insanları geyindiklərinə və istifadə etdiyi əşyalara görə çeşidləyirlər.
iPhone satışında gördüyümüz bashabas da buradan qaynaqlanan vəziyyət idi. İnsanlar 2 il yüksək faizli kredit ödəməyə razı olur ki, bu telefonu alıb işlətsin. Nə əldə edirlər? Bu telefon nə zəka səviyyəsinə təsir edir, nə intellekti artırır, nə fövqaladə bir üstünlüyü var. 3 min manatlıq telefon işlədən biri ilə 500 manatlıq telefon işlədən biri arasında yeganə fərq var – zəka və intellektdir. İnsan yalnız digərindən savadına, biliyinə görə fərqlənə bilər, nə geyim, nə əşya, nə də başqa bir şey insan çeşidləməz, çeşidləməməlidir”.
Xəyalə Rəis
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.