“Onu belə görəcəyimi heç düşünməzdim. Ailəmiz dağıldı”
Medianews.az xəbər verir ki, bunu HƏMAS silahlıları tərəfindən öldürülən Şani Lukun qardaşı Amit deyib.
HƏMAS-ın hücumunun qurbanlarından biri 22 yaşlı Almaniya vətəndaşı Şani Luk olub. Onun parçalanmış cəsədinin fələstinli yaraqlıların maşınının arxasında uzandığı video dünyanı şoka salıb. Ancaq ən çox əziyyət çəkən qızın qohumları olub.
“Bacımı belə vəziyyətdə görəcəyimi heç düşünməzdim. O anda bütün ailəmiz dağıldı. Bu qəddarlığı görmək o qədər ağır idi ki… HƏMAS onun üzərinə tüpürdü və onunla heç bir şey deyilmiş kimi davrandı” – qızın qardaşı deyib.
Sonuncu dəfə Amit bacısı ilə taleyüklü gündə, oktyabrın 7-də telefonla danışıb. Şani özünü xilas etməyə çalışsa da, ailəsindən narahat olmamasını xahiş edib.
Qızın hansı şəraitdə öldüyü hələlik məlum deyil.
Ailə hesab edir ki, Şaninin avtomobili qaçmağa çalışarkən silahlılar tərəfindən atəşə tutulub və o, dərhal ölüb.
İsrail Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, qurbanın cəsədi parçalara ayrılıb.
Amit ölən bacısını xatırlayaraq göz yaşlarını güclə saxlayır. Üç həftə ərzində o və valideynləri Şaninin xilas edilməsi ilə bağlı şayiələrin doğru olacağına ümid edirdilər.
Şaninin ölümü onun qalıqlarının DNT analizi nəticəsində müəyyən edilib.
Luk ailəsinin dözməli olduğu kədərə baxmayaraq, Amit qisas haqqında düşünmür. “Çünki nifrət yalnız nifrət dövrünə gətirib çıxarır” – deyə gənc bildirib.
O, ancaq bacısının necə parlaq insan olduğunu düşünmək istəyir. “O, musiqini, döymələri sevirdi. O, təbiətcə sənətkar idi… Artistlik onun danışığında, hərəkətində özünü göstərirdi. O, saf bir mələk idi” – Amit deyib.