Türkiyəyə səfəri zamanı həmkarı Hakan Fidanla kameralar qarşısına keçən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailə çağırış edib.
Medianews.az xəbər verir ki, nazir eyni zamanda çıxışı zamanı İsraili təhdid etməkdən də çəkinməyib.
“İsrailin hərbi cinayətlərinə son qoyulmalıdır, əks halda bölgə yeni qərarlar verməyə yaxındır. Bura bizim bölgəmizdir, bura bizimdir. Bölgəmizin və evimizin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik və etməyə hazırıq, heç kimdən çəkinmirik. Qadınlara və uşaqlara qarşı hücumlar davam edərsə, bunun nəticələri çox ağır olacaq. Bunun əvəzini çox ağır ödəyəcəklər”,-deyə Hüseyn Əmir Abdullahiyan bildirib.
Hakan Fidan da öz növbəsində İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama verib:
“Türkiyə olaraq hər platformada bəyan etmişik ki, kimin hansı məqsədlə həyata keçirməsindən asılı olmayaraq, günahsız insanları hədəf alan hücumları bəyənmirik. Biz müvafiq tərəflərlə diplomatiya əlaqələri qurmağa çalışırıq. İsrail tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır. İsrail başa düşməlidir ki, fələstinlilərə məhəl qoymamaq heç bir nəticə verməyəcək. Bəzi ölkələrin Qəzzada törədilən qətliamı dəstəkləməsi isə qəbuledilməzdir”.
Medianews.az