Hər kəs 40 yaşdan yuxarı iki oğluna daha baxmaq istəməyən yaşlı bir ananın məhkəmə qələbəsindən danışır.
Medianews.az xəbər verir ki, İtaliyada bir qadın illərlə ev işlərinə kömək etməyən 40 və 42 yaşlı iki oğlunu məhkəmə qərarı ilə evdən qovub.
Ölkənin şimalındakı Pavia şəhərində yaşayan qadın oğullarına baxmaqdan, yemək bişirməkdən, paltar yumaqdan yorulduğunu bildirərək məhkəməyə müraciət edib.
Hər iki oğlunun işinin olduğunu deyən ana onları müstəqil həyat qurmağa razı sala bilmədiyini və son çarə kimi məhkəməyə müraciət etdiyini izah edib.
Məhkəmə uşaqlarının evin xərclərinə qatılmamasına əsəbiləşən qadını dinləyib və iki kişinin evdən çıxarılmasına qərar verib. Hakim Simona Caterbi iki nəfərə evi tərk etmək üçün vaxt verib.
Qeyd edək ki, 2022-ci ilin məlumatlarına görə, İtaliyada 18-34 yaşlı yetkinlərin demək olar ki, 70 faizi ailələri ilə birlikdə yaşayır. Xüsusilə iqtisadiyyatın pis gedişi ilə əlaqədar olaraq, son illərdə bu göstərici artır.
Medianews.az