Fövqəladə Hallar Naziri (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində və Dövlət Yanğın Nəzarəti Xidmətində ciddi yoxlamalar edib.
Qaynarinfo-nun xəbərinə görə, istefaya göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbəri, general-mayor Füzuli Əsədov və Dövlət Yanğın Nəzarəti xidmətinin (DYNX) təhlükəsizlik idarəsi, general-mayor Hikmət Abbasovun nəzarət dövrü yoxlanır.
Əldə edilən məlumata görə, artıq sözügedən qurumlarda ciddi nöqsanlar aşkarlanıb. Qeyd olunub ki, əldə edilən vəsaitlər təyinatı üzrə xərclənməyib. İdarələrin maddi texniki təchizatında ciddi nöqsanlar aşkar edilib. Həmçinin yanğınsöndürmənin şəhər və rayon şöbələrində də bir sıra kadrların təyinatında bəzi məqamlar ortaya çıxıb.
Qeyd edək ki, general-mayor Füzuli Əsədov bu ilin iyun ayında, general-mayor Hikmət Abbasov bu ilin sentyabr ayında vəzifələrindən azad olunub.
Bir neçə gün sonra FHN-nin Maddi-Texniki Təchizat rəis vəzifəsində çalışmış Amal Teymurov da tutduğu vəzifədən azad edilib.