Daxili bazarda qiymətlər demək olar ki, hər ay dəyişir. Bunun isə bir sıra səbəbləri var. Elə isə növbəti ayda bizi hansı məhsulların qiymətindəki artım gözləyir?
İqtisadçı Asif İbrahimov bu məsələ ilə bağlı Medianews.az-a danışıb.
Ekspert bildirib ki, hər hansı bir məhsulun qiymətinin əmələ gəlmə prosesi, onu formalaşdıran xərclərdən asılıdır.
“Məhsulu və xidməti formalaşdıran xərclər yüksək olduğu təqdirdə, təbii ki qiymətlərdə də bahalaşmalar müşahidə olunur. Azərbaycanda da inflyasiya indeksi artıq cüt rəqəmli inflyasiya indeksidir. Bu da həmin o məhsulların ərsəyə gətirilməsində çəkilən xərclərdir”.
Onun sözlərinə görə, bəzi məhsullarda 2 dəfə artım müşahidə olunur və bunun həm xarici, həm də daxili faktorları vardır.
“Məsələn biz taxıla olan tələbatımızın yarısından çoxunu xaricdən tədarük edirik. Rusiya – Ukrayna müharibəsi isə digər ölkələrə təsir etdiyi kimi, Azərbaycana da təsir etdi.
Eləcə də, bura yağ, süd məhsularınıda əlavə edə bilərik. Bu xarici faktordur.
Daxili faktora isə, Azərbaycanda istehsal olunan məhsulların tərkibinin idxal əsasında həyata keçirilməsi aiddir. Məhsuların tərkibində olan xammal elementlərini xaricdən gətiririk deyə bu da onun öz xərcinə təsir göstərir”.
Bundan başqa iqtisadçı, iki il ərzində yanacaq qiymətlərində 3 dəfə bahalaşma, həmçinin kommunal qiymətlərdə bahalaşma olduğunu vurğulayıb:
“Minimal əmək haqqı keçən il 250 manat nisbətində idisə, bu gün 340 manatın üzərində dayanır. Bunların hər biri xərclərə təsir göstərir”.
Onun sözlərinə görə, 70-ci, 80-ci illərdən bəri, dünyada hələ bu səviyyədə inflyasiya indeksi olmayıb.
İqtisadçı, həmçinin, postpandemiya dövründə yaranan çətinliklərin ayrıca xərclərin yaranmasına səbəb olduğunu qeyd edib.
Lamiyə Mirzəyeva
Medianews.az