Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.
Belə ki, müəssisədə məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, istehsal olunan məhsulların (qənd, pryanik, marmelad və şərq şirniyyatı) etiket məlumatlarının düzgün qeyd olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.