Bu gün 27 Sentyabrdır. Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Məhz bu gün vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitləri, bütün şəhidlərə dərin ehtiramla yad edirik.
Məhz 2020-ci ilin sentyabrın 27-də cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bu gün Qarabağı işğaldan azad etmək uğrunda atılan addımdan tam 3 il keçir. 44 gün ərzində ordumuz 2908 şəhid verdi. Nəinki bu gün bir hər gün o şəhidləri anır və Allahdan onlara rəhmət diləyirik.
Biz də Medianews.az saytı olaraq bu günü qeyd etmək üçün xalqımızın birlik, həmrəylik nümayiş etdirikləri məkana II Fəxri Xiyabana yollandıq. Burada izdiham müşahidə olunurdu. Biz də mikrofunumuzu ona tərəf uzadıb fikirlərini öyrəndik.
İSMAYIL VEYSOV-I, II VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI
“44 gün vətən müharibəsində çox şəhid verdik. Allah şəhidlərimizə rəhmət etsin. Bura onları yad etməyə gəlmişik. Bir tərəfdən üzülürük, digər tərəfdən isə torpaqlarımız işğaldan azad olduğu üçün sevinirik. Bizim missiyamızı gənclər tamamladı, nöqtəni onlar qoydu. Ağdərədə bayrağımızın dalğalanması mənə çox gözəl təsir etdi. Bundan sonra inanıram ki, bayrağımız Zəngəzurda dalğalanacaq”.
HACI VƏLİYEV- “GƏNC QAZİLƏR” İCTİMAİ BİRLİYİNİN SƏDRİ
“Gəlmişik ki, şəhidlərimizi ziyarət edək, bu bizim vətəndaşlıq, mənəvi borcumuzdur. Şəhid ailələrinin bizdən istəyi odur, ki biz onların yanında olaq, təsəlli verək, biz də bu missiyanı yerinə yetirməyə çalışırıq. Tarixən belə olub ki, Qarabağla bağlı dünya ədalətsiz qərar verib. Xankəndini tərk edənlər gəldikləri yerə qayıdırlar. Və bu gün biz demək olar ki, Xankəndiyə, Ağdərəyə qayıtmağımızın astanasındayıq, bu da bizim qəhrəman xalqımızın, şəhidlərimizin, qazilərimizin hesabınadır. Biz onlara minnətdarıq”.
MEHRİBAN ABDURRAHMANOVA-ŞƏHİD, GİZİR SÜBHAN ABDURRAHMANOVUN ANASI
“Sübhan deyirdi ki, ana mənlə fəxr edəcəksən, həqiqətən də günü bu gün oğlumla fəxr edirəm, sizin qarşısınızda qürurla dayanıram. Bu gün mən şəhid anasına layiq olan hərbi formanı geyinmişəm. Sübhan bayrağı çox sevərdi və uşaq vaxtı həmişə deyərdi ki, mən böyüyəcəm və torpaqlarımızı azad edəcəm. Şükürlər olsun ki, torpaqlarımız azaddır. Biz şəhid anaları dəmir yumruğun ətrafındayıq”.
ÜLVİYYƏ ƏSƏDOVA-DƏMİR YUMRUQ ALFA-A CƏMİYYƏTİNİN SƏDRİ
“Əgər torpaq işğal altındadırsa hər bir övladın borcudur ki, ayağa qalxsın, torpağını müdafiə etsin. Biz oğullarımızla qürur duyuruq, çünki, oğullarımız öz sözünü dedi, vətən üçün ayağa qalxıb, şəhidlik zirvəsinə ucaldı. İnanıram ki, Cənab Prezidentin siyasəti ilə, birlikdə daha güclü olacağıq”.
QORXMAZ NƏSİROV-VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI
“Şəhidsiz torpaq, müharibə itkisiz olmur. Gənclərimizə müharibələr qismət olmasın. Ümid edirəm ki, bir daha müharibə olmayacaq. Biz buraya şəhidlərimizi yad etməyə gəlmişik. Onların ailələrinə bir daha baş sağlığı veririk.
Şəhidlərimizin qarşısında baş əyirik, analarının əllərindən öpürəm ki, belə oğullar böyüdürlər”
AZAD MUSAYEV-VƏTƏN MÜHARİBƏSİ VETERANLARININ İCTİMAİ BİRLİYİNİN ZƏNGİLAN RAYON ŞÖBƏSİNİN SƏDRİ
“Biz hər il gəlib şəhidlərimizi ziyarət edirik, onları anmasaq, unudula bilər, nə qədər canımızda can, qanımızda qan varsa canımız bu vətənə fəda olsun, şəhidlərimizi ölənədək ziyarət edəcəm, qarşılarında baş əyirəm.”
ELÇİN ƏHMƏDOV- II VƏTƏN MÜHARİBƏSİ QAZİSİ
“2020-ci ilin bu günü Ali Baş Komandan əmr verdi, xalqımızın vətənpərvər övladları döyüşə yollandı. Biz bilirik ki, şəhidsiz döyüş olmaz. Allah onlara rəhmət etsin. Hər il bizim borcumuzdur ki, şəhid döyüş yoldaşlarımızı ziyarət edək”.
DURSUNOV ELŞAD-II VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI
“Bu gün həm bizim sevincli, həm də kədərli günümüzdür. Sevinc hissimiz 44 günlük müharibədə qazandığımız nailiyyət, kədər hissimizdə qəhrəman övladlarımızı itirməyimizdir. Bu gündən sonra da inşallah Azrəbaycana bu kimi qanlı tarixlər yazılmasın. Çünki, bu qəhramanlardan indi yoxdu. Mən Azərbaycana hər zaman sülh, əmin-amanlıq arzu edirəm”.
Vüqar Məmmədov
Medianews.az