“Dövlət başçısı Ilham Əliyevin Azərbaycan vətəndaşlarına müraciətini və Prezidentin köməkçisi Hikmət Hacıyevin diplomatik korpusla görüşdə səsləndirdiyi fikirləri diqqətlə izlədim. Beynəlxalq ictimaiyyətə Cənubi Qafqazda sülhün bərqarar olunmasına Azərbaycanın ciddi qarant olması barədə verilən mesajlar ciddi mesajlar idi. Qarabağ iqtisadi regionunda yaşayan erməni icmasının sülh və təhlükəsiz şəraitdə yaşamasının ən ciddi qarantiyasının Azərbaycan olduğu bildirildi”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. QHT sədri bildirib ki, Ermənistanın gələcək davranışları barədə konkret şərtlər səsləndirildi: “Məncə “Yevlax sazişi” həm erməni icmasının, həm də bütövlükdə Cənubi Qafqazın stabil və sülh yanaşı yaşaması üçün unikal şans ola bilər. Antiterror əməliyyatlarının hazırlanmasını və son mərhələsini diplomatik və hərbi baxımdan çox uğurlu proses kimi dəyərləndirmək olar. Reinteqrasiyanın növbəti mərhələsi üçün də sivil münasibət ortaya qoyuldu. “Istəməyən gedə bilər” formatı da erməni sakinlərinə seçim imkanı yaradır. Gerisi onların davranışına bağlı olacaq”.